Yay tətili günlərinin birində Qurban ilə Tağı balıq tutmağa getmək üçün lap tezdən oyandılar. Onlar söhbət edə-edə kənddən bir qədər aralıda yerləşən Baba gölünə gəlib çatdılar. Uşaqlar tilovlarını açıb qarmaqlarına qurd qoydular. Bir az keçmiş Tağının tilovunun üzgəci suda batıb-çıxmağa başladı. Birdən tilov elə sürətlə dartıldı ki, az qaldı Tağı əlindəki qarğı ilə birlikdə suya düşsün. Amma o, cəld qarğını var gücü ilə dartıb sudan iri bir çəki çıxardı.
Bir az keçmiş Tağı daha bir balıq tutdu. Amma nədənsə Qurbanın tilovuna bir dənə də olsun, balıq düşmürdü. O, dilxor halda yerini dəyişir, tez-tez tilovu sudan çıxarır, yenidən hirslə suya tullayırdı.
Günorta idi. Geri dönmək vaxtı çatmışdı. Uşaqlar tilovlarını yığışdırıb kəndə qayıtmaq istəyirdilər. Tağı balıq yığdığı torbanı ağzı aşağı çevirdi. Düz on dənə balıq şappıltı ilə yaşıl otların üstünə düşdü. Tağı beş balıq ayırıb dedi:
–Qurban, götür, bunlar sənindir.
–Yox, lazım deyil, –Qurban mızıldandı.
–Ovçuluqda belə qayda var, – ovçular ovlarını bərabər bölməlidirlər. Yoxsa gələn dəfə evə ovsuz qayıdarlar. Bunu mənə babam öyrədib. Axı o, ovçudur.
– Çox sağ ol, Tağı, –Qurban balıqları öz torbasına yığdı.
Uşaqlar deyə-gülə kəndə qayıtdılar.