Mən ayıra bilməmişəm ömür boyu Təbrizimi
Astaradan,
Zəncanımı,Əhərimi İsmayıllı,Şamaxıdan…
Bu ağırdır yüz yaradan…
Ərdəbilin küçəsində taqqıldayan ayaq səsi küçədə yox,
ürəyimdə səda verib,
Hamı bilir bu milləti hansı gəda parçalayıb
bada verib!
Urmiyada körpə uşaq ağlayanda burda mən də
hönkürürəm,
Şeirimlə Fironlara divan tutub dindirirəm!
Qaradağın dağlarından Bakı deyib hayqırmışam,
Amma…
Amma İsmayıllı zirvəsindən gah Germiyə hay atmışam;
Gah Qubadlı,Laçın deyib-
(Hələ Kərkük gözün döyür…) gizli-gizli ağlamışam.
Bu dərddənmi,ya nədənmi bəzən çocuq misallıyam-
Xəyal qurub sevinirəm,
O yerlərə vüsallıyam.
Özümümü aldadıram,ya bu xəbər vəhylə gəlir?
Bu mütləqdir-
Yalnız bütün qalibiyyət döyüşlərdə səylə gəlir!
Nə qədər ki döyüşlərdən çəkinmişik,
Ağır gündə əkilmişik-
Sızıltımız qulaqları kar edəcək!
Ey ordudan qaçan “kişi”,
“İgid”likdə siçan kişi!
Nə qədər ki bu torpaqlar alınmayıb,
Zəfər marşı çalınmayıb…
tək evdə yox-
Lap ən uca zirvələrdə ana torpaq bizi qəbul etməyəcək,
Yerimizi dar edəcək-
Gen dünyada məzar kimi…