234435423665547648

Salam əziz oxucular. “SİZİ YAXINDAN TANIYAQ” Layihəmizin keçən həftəki qonağı olan Günay xanım Ümid ona ünvanlanan sualları cavablandıraraq, bizi sevindirdi. Layihəmizin bu həftəki qonağı gənc xanım şairə GÜLNARƏ xanım İSRAFİLQIZIdır.

(Səmimi Söhbət)

– Salam Gülnarə xanım, ilk öncə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Mümkünsə özünüz haqqında məlumat verərdiz. Gülnarə İsrafilqızı kimdir ?
Gülnarə İsrafilqızı:
Aleykum salam siz sağ olun ki, mənimlə həmsöhbət olmusuz. Özüm haqqında danışmağı sevmirəm. Lakin yazılarımda səmimiyyəti sevirəm. İndi də sizə səmimi cavab verəcəm. Mən kim olduğumu heç özüm də bilmirəm. Çünki, o qədər sirli və dəyərli ömür yaşamışam ki, anlatmaqla bitməz. Bircə onu bilirəm ki, hər kəsdən fərqli, düşüncəm və həyatım var.
-Gülnarə xanım, sizcə şair olmaq üçün mütləq sevməkmi lazımdır?
Gülnarə İsrafilqızı:
Xeyir mən belə düşünmürəm… Məntiq elminə əsasən deyə bilərəm ki, şairlik sonradan qazanılmış bir istedad deyil. Insan anadan şair doğulur. Bütün insanlara yaradılışda istedad verilir. Lakin şairlik isə tam fərqlidir hər kəsə verilməyən bir istedad növüdür. Kim desə ki, mən boş vaxtımda şeir yazıram, o şair yox boşluğu doldurmaq istəyən biridir və ondan heç vaxt şair olmaz. Şeir yazmağın bir özünə məxsusluğu da, ondan ibarətdir ki, şeir səni özü məcbur edir oturub yazmağa. Şeirin zamanı və məkanı olmur…
-Gülnarə İsrafilqızını şair edən nə oldu?
Gülnarə İsrafilqızı:
Şer yaza bilmək qabilyətini üçüncü sinifdə oxuyanda kəşf etmişəm. Əslində ana babam həm ustad aşıq, həm də şeir yazmaq istedadına malik olub. Bu istedad mənə irsən keçib. Çox maraqlı sual olduğu üçün bu suala bir az da geniş cavab verəcəm. Atamın əmisi gəlini cavan dünyasını dəyişmişdi. Bu itgi bizim hamımız üçün ağır idi. Atamın dostu Akif dayının Şəmkirdə qərənfil bağı vardı. İki gün əvvəl onlarda qonaq olanda, Akif dayı mənə səkkiz ədəd qərənfil vermişdi. Qərənfillərdən iki ədəd götürüb, heç kəsin xəbəri olmadan qəbiristanlığa üz tutdum. O ki var qəbrin baş ucunda dayanıb ağladım. Evə qayıdanda ağlaya-ağlaya bir bənd şer yazdım. Onda anladım ki, babamda olan istedad məndə də var.
-Gənc şairlərdən oxuduqlarınız varmı?
Gülnarə İsrafilqızı:
Gənclərin əksəriyyətinin yazısını oxuyuram. Maşallah çox istedadlı gənclərimiz var.
-Gülnarə xanım, onu vurğulamaq istərdim ki, qələminiz çox güclüdür və həqiqətən hər bir mövzuda ürəyə toxunmağı bacarırsız. Uğur olsun həm həyatda, həm də yaradıcılıqda İnşAllah.
Şeirlərinizin hansısa qiraətçi tərəfindən səsləndirilməsinə necə baxırsız ?
Gülnarə İsrafilqızı:
Çox təşəkkür edirəm verdiyiniz dəyər üçün. Hər birimizə uğurlar diləyirəm. Pis baxmıram. Çox şad olaram şerimin səsləndirilməsinə… bu il may ayının otuz biri öz qiraətimdə səsləndirdiyim şerlərin video, foto çarxının təqdimatını təşkil etmişdik. Ziyalı həmkarlarımız və şeirə dəyər verən insanlar iştirak etdilər. Həmin video, foto çarxlar hal-hazırda yutubda şer sevərlərin ixtiyarındadır.
-İlk yazdığınız şeiri xatırlayırsınızmı?
Gülnarə İsrafilqızı:
Təbii ki, bu mənim uşaqlıq təfəkkürümün məhsuludur. O vaxt mənə elə gəlirdi ki, insan doğulubsa cavan dünyasını dəyişməməlidir. O, ən az yetmiş, səksən il ömür sürməlidir. Əslində dünyanı günahlandırmağım da bu nöqteyi nəzərdəndir…Yazdığım ilk şer…
Gəlinlik adım qalmasın,
Yurduma quşlar qonmasın,
Mən getdim ki, bu dünyadan,
Namərd dünya da, qalmasın.
-Şeiriyyatdan başqa hansı maraqlarınız var? Yəni boş vaxtlarınızda nə ilə məşğul olursunuz adətən?
Gülnarə İsrafilqızı:
Uşaqlıqdan kitab oxumağı sevmişəm . Məktəbin kitabxanasından roman yaxud hekayə kitabı götürüb oxuyurdum. Düşünürdüm vaxt gələcək mən də, belə əsərlər yazacam ədəbiyyatda olacam… boş olmuram lakin kitab oxumağı sevirəm. Hansı mövzu olursa olsun. Xüsusən aparıcılığı çox sevirəm. Səhnəyə çıxıb hər hansı bir tədbir apardıqdan sonra özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Yenidən doğulmuş kimi oluram. Bir sözlə insanlarla ünsiyyətdə olmaq onlara nələrisə aşılamaq məni yaşadır var edir. Elə bil anam məni səhnə üçün doğub…Hər kəsə zaman ayırıb dinləyib dərdinə şərik olmağı özümə vəzifə bilirəm. Bilmədiklərimi öyrənməyə çalışıram.
-Ümumi bir sual. Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti sizi qane edirmi?
Gülnarə İsrafilqızı:
Bu mövzu həddindən artıq geniş mövzudur qısa cavab; istedadlı gənclərdən və orta yaşa malik olan dəyərli yazarlardan nələrsə gözləyirəm ola bilsin ki, Azərbaycanın özünə məxsus ədəbiyyatı gənclərin və xüsusi istedada malik olan orta yaşlı insanların vasitəsi ilə çiçəklənsin. Əvvəllər də Azərbaycanın yaxşı yazarları olub. Bu gün də var sadəcə çox azdır. Əslində hər kəsin istedadı var. İstedadsız yazar yoxdur sadəcə istedadın üzə çıxması, çıxarılması çox vacibdir kimliyindən asılı olmayaraq. Ədəbiyyatın bu günki vəziyyəti qane olunacaq bir səviyyədə deyil. Istənilən səviyyəni əldə etmək üçün daha da savadlı olmaq lazımdır.
-Gülnarə xanım, həyatda sizə uğur gətirən ən böyük iş nə olub?
Gülnarə İsrafilqızı:
Uğur qazandağım çox işlər olub. Lakin mənə uğur gətirən işim olmayıb. Gözəlliklərlə yanaşı çox çətin günlər yaşamışam. Bu gün də həmin çətinliklər var mənə elə gəlir sabah da olacaq. Ara-sıra ayna qarşısına keçəndə özümün özümə çox heyfim gəlir. Bir şey məni ayaq üstə saxlayır oda ömrümün tər-təmiz səhifələri. Hər dəfə o səhifələri varaqladıqca çox xoşbəxt oluram. Bunun üçün Allahıma və valideynlərimə minnətdaram.
-Həmkarlarınız (şair-şairələr) sizin haqqınızda söhbət edirlərmi? Şeirlərinizə münasibətlərini hiss edirsizmi?
Gülnarə İsrafilqızı:
Əlbətdə ki, ədəbiyyatda olasan haqqında danışılmaya bu mümkün deyil. Onu deyim ki, vicdanlı həmkarlarımın müsbət fikirləri mənə stimul verib. Onlara təşəkkür edirəm. Ədəbiyyata nifrət etdirəcək həmkarlarımda az deyil. Güman edirəm ki, onlar bu peşələrindən nə vaxtsa əl çəkəcəklər…
-Ədəbiyyat, bir xəzinədir. Onu yaşamaq lazımdır və bu sizdə çox mükəmməl alınır. Şeiriyyatdan başqa, hansı sahədə çalışırsınız?
Gülnarə İsrafilqızı:
Yaradıcı insan hər zaman yeni şeylər axtarışına çıxır. Başqa sahələrdə də fəaliyətim olub. məsələn əvvəllər “Mədinəm ilahilər” qrupunda aparıcı və senarist, xüsusən xeyiriyyə tədbirlərində. Carçı.az sayıtında jurnalist, vəzifəsində çalışmışam. Hal-hazırda Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və Yönətim Kurulunun başqanı, Azərbaycan Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Gündəlik İnformasiya Agentliyinin baş məsləhətçisiyəm. Bununla yanaşı İnfom. Az,Vəhdət.org saytı ilə də, əməkdaşlıq edirəm.
-Gülnarə İsrafilqızının fikrincə, əsl şair necə olmalıdır?
Gülnarə İsrafilqızı:
Şair bütün xalqları canının, ruhunun bir hissəsi hesab etdikdə, dərdinə şərik olmağı da, bacarır. O zaman Öz vətənini, millətini, xalqını da, qələmi ilə təbliğ edə bilir. Milli- mənəvi dəyərlərin üstündən xətt çəkmədən, cəhalətdən, çirkinlikdən uzaq olmağa çağırır. Hər kəsi özününkü hesab edir. Əgər Vətəni işğal altındadırsa, yer üzündə qərar tuta bilmir ömrü əzablarla qidalanır. Şerləri də bu ruha köklənir. Yalnız belə şairlər özləri bu dünyada olmadıqda insanların ürəyində yaşayacaqlar.
-Gülnarə xanım, şeirləriniz Azərbaycandan kənarda da dərc olunurmu? Sanki saytların birində yanılmırsamsa belə bir məlumata rast gəlmişdim.
Gülnarə İsrafilqızı:
Bəli bu il 15 avqust, 2014-cü ildə Türkiyənin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairlər və Yazarlar Dərnəyinin, “Kümbet” eğitim, kültür, sanat və ədəbiyyat dərgisinin 33-cü buraxılışında şeirim dərc olunub. Bu işdə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Dünyada bir yazar üçün bundan qiymətli hədiyyə ola bilməz.
-Gülnarə xanım, Şeiriyyatda ümumiyyətlə yaradıcılığınzda sizə qarşı haqsızlıq olubmu? əgər olubsa bununla necə mübarizə aparmısınız?
Gülnarə İsrafilqızı:
İnsan yer üzündə yaranandan bu günə qədər haqsızlıqlar olub olacaq da… Nəinki mənə, dahi şəxsiyyətlərə, Peyğəmbərlərə, imamlara, övlüyalara haqsızlıq olub. Haqsızlıqlar hələ də, davam edir…heç vaxt onlarla mübarizə aparmıram. Çünki, bilirəm ki, gün gələcək hər kəsin əkib becərdiyi toxumun məhsulu özünə qismət olacaq. Bu barədə heç zərrə qədər də narahat deyiləm. Əksinə özümün və yazılarımın qiymətli olduğunu düşünürəm… haqsızlıq nə zaman olur dəyərli bir şey əldə edəndə. Bir kəlimə sözün özü belə ən dəyərli nemətdir. Ürəyimdən süzülən sözümün nuru, bircə nəfərin ürəyinə enibsə, məndən xoşbəxti yoxdur bu dünyada. Bir nəfər bir kainatdır. Bircə kainat da mənə yetər…
-Gülnarə xanım, sizcə sevməyən bir ürəkdə dərd yuva salarmı?
Gülnarə İsrafilqızı:
Heç vaxt. Özünü dərk etməyən insan sevginin də gözəlliyini dərk etmir. Eləki sevginin gözəlliyini dərk etməyə başlayır. Sevgi şaxələnir. Hər şaxədən isə, bir kədər doğulur.
-Dahi Azərbaycan şairlərimizdən ən çox oxuduqlarınız kimlərdir?
Gülnarə İsrafilqızı:
Nizamini, Fizulini. Fizulini tam olaraq dərk etmək mümkün deyil. Nəsimin şerləri daha çox ruhuma yaxındır. Nəsimi isə bir dəryadır hər kəs Nəsimini analamaq qüdrətinə malik deyil. Bu üç dahini azda olsa dərk etmək üçün gərək öz varlığını öyrənəsən. İnsan və insanlığın sifətlərini… onun yolu isə Allahın elmindən keçir.
-Kitabınız varmı?
Gülnarə İsrafilqızı:
İnşallah yaxın zamanlarda olacaq.
-Sonda oxucularınıza nəyi söylərdiniz ?
Gülnarə İsrafilqızı:
Əziz oxucularım və oxucum olmayan dəyərli insanlar. Siz çox, həmdə çox dəyərlisiniz. Daha çox, dəyərli olduğunuzun fərqinə vararaq, dərk edərək yaşamağınızı istəyirəm. Sizin hamınızı özünüz kimi sevirəm. Hamınız ruhumun, varlığımın bir hissəsisiniz. Siz var olun, mən də var olum. Məni bu dünyada var edən, ilhamlandıran sizin var olmağınızdır.
-Gözəl şeirlərinizdən birini bizimlə və oxucularınızla paylaşardınız.
Gülnarə İsrafilqızı:
Yat gözüm!
Yat gözüm,
Görmə daha çirkinliyi.
Göz didəmi zibilləmə.
Gözümün ağı qalsın buludda,
Yer üzündə kirləmə.
Kipriyimə şimşəkdən,
Od ələnsin.
Kipriyimlə çirkinlik,
Güllələnsin.
Yat gözüm!
Ölüm-dirim savaşları dayanınca,
Susan vicdan, yatan insan oyanınca.
Körpələrin üzündəki cizgilərdə,
Ölüm, qorxu….
Apar məni dərin yuxu.
Göyərçinin qanadında,
Uçum, gedim səssizliyə.
Yat gözüm!
Ruhum getsin sənsizliyə.
Ömrüm,
Son mənzildə dayanınca.
Yer üzündə,
İnsanlıq oyanınca,
Yat gözüm.
-Həmsöhbət olduğunuz üçün sizə dərin minnətdarlığımı bildirir, daha da böyük yaradıcılıq uğurları arzulayıram.
Gülnarə İsrafilqızı:
Təşəkkür edirəm…
Bəli, əziz oxucularımız. Bu həftənin qonağı GÜLNARƏ İSRAFİLQIZI oldu. Növbəti buraxılışımız gələn həftənin Şənbə günü olacaq. Görüşənədək.
Həmsöhbət oldu : Gənc şair (_____”””İLKİN ABBAS”””______)