R.M.Məmmədov
Sumqayıt Dövlət Universiteti, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi, dissertant
rommel188@gmail.com
Açar sözlər: uşaq ədəbiyyatı, hekayə, təlim-tərbiyə, milli-mənəvi dəyərlər, fantastika
Hekayə janrı 60-cı illərdən başlayaraq nəinki milli ədəbiyyatımızda, həmçinin dünya və Avropa ədəbiyyatında aparıcı janr kimi geniş vüsət almışdı. 70-80-ci illərdə ədəbi prosesin olduqca fəal və canlı bir sahəsini təşkil edən hekayə hər zaman ədəbiyyatın aktual olan bir sahəsidir və bu gün də öz dəyərli özəlliklərini qoruyub saxlamaqdadır.
Dövrün xarakterinə, zəmanənin ruhuna uyğun olaraq hekayə maarifçilikdən demokratik və inqilabi ideyaların təbliği və qorunmasına qədər maraqlı və şərəfli bir yol keçmiş, həm sovet dövründə, həm də müstəqillikdən sonra milli ruhun, sağlam əxlaq və tərbiyə məsələlərinin təbliğində, fərdi mədəni həyata hazırlamaqda çox böyük işlər görmüşdür.
İstər əsrin əvvllərində, istərsə də sonralar yaradıcılığa başlayan yazarlar ədəbiyyata məhz bu janrla gəlirdilər. Ümumiyyətlə, Azərbaycan hekayəsinin maraqlı və keşməkeşli bir tarixi vardır. Hekayə janrı hər zaman inkişafda olmuş, zaman keçdikcə təkmilləşərək ədəbiyyatın klassik və köklü yaradıcılıq sahəsinə çevrilmişdir. Azərbaycanın klassik yazarları zaman-zaman hekayənin qaranlıq qalan bir sıra özəlliklərini, bədii imkanlarını üzə çıxarmış, onun dərin məzmun ifadə etmək gücünü təsdiq etmişlər. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiq, S,S,Axundov, S,M,Qənizadə, C.Cabbarlı və başqa klassiklərimizin qələmində hekayə bütün xüsusiyyətləri ilə meydana çıxmış, ədəbi prosesdə aparıcı yaradıcılıq sahəsi kimi həm filoloji, həm də ictimai fikrə istiqamət vermişdi. “Poçt qutusu”, “Usta Zeynal”, “Köç”, “Marallarım”, “Cənnətin qəbzi”, “Qorxulu nağıllar”, “Allah xofu”, “Dilarə”, “Firuzə” və bu qəbildən olan bir sıra hekayələr xalqın inkişafında, oyanışında mühüm rol oynamışdır. “Hekayə bir janr kimi elə ciddi poetikaya malikdir ki, onun ədəbi prosesdə yeri və bu prosesə təsiri bütün zamanlarda açıqca hiss olunub, bu gün də hiss edilməkdədir. Janrların özlərinin arasındakı tarixi mübarizədə hekayə öz spesifikasını, poetikasını, dəqiq qanunlarını qoruyub saxladığındandır ki, yerini başqa janrlara güzəşt etməmişdir”[1,səh. 50].
Ümumiyyətlə, klassik ənənələri qorumaq, yaradıcı şəkildə davam və inkişaf etdirmək sahəsində də hekayə bədii ədəbiyyatın klassik yaradıcılıq sahələrindən biri olmuşdur.
Qeyd etmək lazımdır ki, 70-80-ci illər nasirlərinin demək olar ki, hamısı ədəbiyyata kiçik hekayələr yazmaqla gəlmiş, bu hekayələrlə yaradıcılıqlarının əsas xüsusiyyətlərini müəyyən etmiş və onun istiqamətini yeni meyarlara yönəltmişdilər.
Məhz adı çəkilən dövrdə uşaq yazarları seçdikləri mövzuları əsasən hekayə vasitəsilə kiçik yaşlı oxuculara çatdırırdılar. Mövzu və problematika baxımından oxşar olsa da, hər bir yazar hadisələrə müxtəlif prizmadan yanaşır, onları özünəməxsus şəkildə təhlil edərək oxucuların istifadəsinə verirdilər. Yeni nəsil uşaq yazarlarının əsərlərində problemə müasir metodologiyadan yanaşmaq, mövzuya daha modern prizmadan baxmaq, kiçik yaşlı oxucuların yüksək bədii, estetik zövqü səviyyəsindən təhlil etmək, məzmuna münasib maraqlı bədii formalar axtarıb tapmaq adı çəkilən dövrün prioritet məsələlərindən idi. Ailə-məişət, elm-təhsil, əxlaqi-tərbiyəvi, milli-mənəvi dəyərlər və s. mövzularda yazılan hekayələr ümumilikdə dövrün ab-havasını özündə əks etdirirdi.
İstər böyüklər üçün, istərsə də kiçik yaşlı oxucular üçün nəzərdə tutulan ədəbiyyatda təhsil, təlim-tərbiyə məsələləri hər zaman ən önəmli problem kimi ədəbi mühitin diqqət mərkəzində olmuşdur. Uşaqlarda elmə həvəs yaratmaq, kitabın hər zaman biliklərin yeganə mənbəyi olduğunu göstərmək, gələcəyin açarının yalnız təhsil olduğunu nəzərə çatdırmaq uşaq yazarlarının ən mühüm mövzusu idi. Bununla yanaşı, əxlaqi dəyərləri də unutmayan yazarlar obrazların dili ilə qəhrəmanların nümunəvi davranışlarını ön plana çəkirlər. Təshil almaqla yanaşı, hekayələrdəki obrazlar öz fəaliyyətləri ilə oxuculara örnək göstərilirlər. Qocalara hörmət etmək, onların qayğısına qalmaq, hər zaman böyüklərin sözünə qulaq asmaq və s. kimi məsələlər bu mövzuda yazılmış hekayələrin ana xəttini müəyyənləşdirirdi. R.Yusifoğlu, Ə.Babayeva, Z.Xəlil, N.Süleymanov, İ.Hümmətov bu sahədə irəlidə gedən yazarlardan idi.
Maraqlıdır ki, bu problemə hər bir yazar müxtəlif prizmadan yanaşır, yaratdıqları xarakterlərin dili ilə uşaqları intellektli şəkildə yetişmələrinə yardımçı olurdular. Bu hekayələrdə yaxşı oxumamağın, dərsə laqeyd münasibət bəsləmənin nə dərəcə utandırıcı bir hərəkət olduğu inandırıcı vasitələrlə təsvir edirdilər. Örnək üçün bir hekayəyə diqqət yetirək:
N.Süleymanov yazdığı “Ən vacib məsələ” hekayəsində bu problemi Akifin timsalında bütün məktəb yaşlı oxuculara çatdırır. Burada “3” qiymət alaraq evə gələn Akif utandığından anasının üzünü baxa bilmir, yoldaşları ilə gəzməyə getmir, hətta aylarla üzünü görmədiyi atasına zəng etməkdən belə çəkinir. O, ilk növbədə öz valideynlərini düşünür – anasının qonşular, qohumlar, atasının isə öz iş yoldaşları arasında necə çətin vəziyyətə düşəcəyini dərk edərək vicdan əzabı çəkir. Məktəbli uşağın daxili iztirablarını, onun keçirdiyi həyəcan hissini, vicdan əzabını son dərəcə ətraflı və dolğun təsvir edən yazar, bununla hər bir gənc oxucu üçün qarşıya müəyyən suallar qoyur: “İnsan həyatında ən vacib məsələ təhsildirmi?”, “dərsə ciddi yanaşmamaq insanı yoldaşlar, qohum-əqrəba arasında hörmətdən salırmı?” və yaxud “məktəbdən pis qiymətlərlə dönmək insanı utandırırmı?”. Bu hekayəni oxuyan uşaqlar hələ kiçik yaşlarından məktəbli Akifin etdikləri səhvi etməyəcəkləri barədə artıq düşünürlər. Həyatda şəxsiyyət kimi yetişmək, intellektual səviyyəyə malik olmaq yalnız elm və təhsilin yardımı ilə mümkün olur. Məktəbli Akifin pis qiymət alaraq xəcalət çəkməsi məhz bu amillə bilavasitə bağlıdır. Artıq bundan sonra dərslərinə hər zaman yaxşı hazırlaşacağını qarşısına məqsəd qoyan Akif ertəsi gün məktəbdən daha nikbin ovqatla qayıdır, sevincindən hər kəsin onu təbrik etməsi ehtiyacını duyur. Valideyn təəssübkeşliyi, valideyn zəhməti də bu hekayədə önə çəkilən problemlərdəndir. Ananın sevinci, təəssüfü, nigarançılığı, atanın iftixar hissi və nəhayət Akifin qarşısına qoyduğu məqsədə nisbətən nail olması ümumilikdə hekayənin bədii dəyərini daha da qüvvətləndirir.
Bu hekayənin mövzusu, ideyası hər zaman, hər dövr üçün aktual bir problemdir. Bu səpkili hekayələrlə tanış olan kiçik yaşlı oxucular elm və təhsilin insan həyatında olduqca mühüm, bəzən hətta həlledici faktor olduğunu dərk edirlər [2,səh. 196].
Hekayədən də göründüyü kimi, uşaq nəsrində adətən, valideynlər məktəbə rəğbət bəsləyən, öz övladlarının təhsil almasının zəruriliyini anlayan şəxslər kimi təsvir olunurlar. Onların bədii əsərlərdə müsbət keyfiyyətlərlə təsvir edilməsi bu personajları böyük yaşlı oxucular üçün də maraqlı edir.
Lakin savadlı, xeyirxah, müsbət insani keyfiyyətlərlə təsvir edilən valideyn və müəllimlərlə yanaşı, yazılan hekayələrdə savadsız, insani simalarını itirmiş, rüşvətxor müəllimlər tənqid edilir, onlar kiçik oxucuların mühakiməsinə verilir. N.Süleymanovdan fərqli olaraq görkəmli alim, şair-publisist R.Yusifoğlu təhsil probleminə məhz bu aspektdən yanaşır. R.Yusifoğlunun əsasən təhsil, təlim-tərbiyə məsələlərinə həsr edilən hekayələrində keçmiş Sovetlər dönəmində təhsildə olan rüşvətxorluq, məktəbi bitirən sadə kənd adamlarının institut və universitetə qəbul zamanı nə kimi çətinliklərlə qarşılaşdığı problemlərdən geniş söhbət açılır. Lakin bu hekayələrdə yazar ilk növbədə Orxanın, Gülyazın timsalında ən nümunəvi sagird necə olmalıdır sualı ilə sosioloji anlamda “ideal tip” yaradan müəllif onu cəmiyyətdə bütün müsbət keyfiyyətləri ilə ön plana çəkir (“Məktəb illəri”, “Medal”, “Çətinliklərlə üz-üzə”). Müəllif bu əsərlərində həmçinin təhsildəki problemləri ön plana çıxararaq şagirdlərin dili ilə savadsız müəllimləri tənqid atəşinə tutur, rüşvəti hər şeydən, əqidədən və ləyaqətdən də üstün tutan, hətta şəxsiyyətlərini də pula satan müəllimləri amansız dillə ifşa edir. Müəllif “Mısmırıq Ciddizadə”lərin timsalında, riyakar, rüşvətxor məktəb direktorları, onların müavinləri və müəllimlərin ümumiləşmiş obrazını yaratmışdır. Lakin müəllif eyni zamanda Novruz müəllimin timsalında əsl ləyaqətli müəllim xarakterini də oxuculara təqdim edir. Bu hekayələrlə həm kiçik, həm də böyük yaşlı oxucuların diqqətini cəlb edən R.Yusifoğlu təhsillə yanaşı, ictimai həyatın bütün sahələrində mənəvi amillərin üstünlüyünü nəzərə almaq zərurətini bir daha gözlər önünə gətirmişdir [3].
Ümumiyyətlə, təhsil sistemi digər sahələrin fövqündə durduğu üçün bütün yazarlar bu məsələyə hər zaman ciddi problem kimi yanaşmışlar. Lakin başqa yazarlardan fərqli olaraq Z.Xəlil təhsil mövzusunu yumorstik cəhətdən təhlil etmiş və maraqlı bir hekayə yaratmışdır. Müəllif bu hekayədə incə ironiya ilə, azca yumorla, bitkin, səliqəli süjet daxilində “tənbəl Kərim”in əhvalatını nəql edir. Lirik yumorla müşaiyət olunan bu hekayədə heç vaxt dərsə hazır gəlməyən Kərəm usta Lətifin yanında gördüyü qəribə eynəklə coğrafiya dərsinə “birdəfəlik” hazırlaşmağı qərara alır. Dərsə kimin hazır olduğunu soruşan müəllim Kərəmin əl qaldırdığını gördükdə olduqca təəccüb edir. “Sehrli eynəyi” gözünə taxan Kərəm nəticədə heç nəyə cavab verə bilmir. Müəllif burada yenə heç nəyin kitabı əvəz edə bilməyəcəyini gözlər önünə gətirir. Kitabsız hansı biliklərə yiyələnmək, dünyagörüşünü necə artırmaq, beləliklə də, intellektual səviyyəyə necə malik olmaq olar? Olduqca ciddi bir problemi məhz yumorstik şəkildə oxucuya təqdim edən müəllif əslində burada bir sarkazm, qroteks yaratmışdır. Elmə, biliyə qiymət verməyən, təhsili ikinci planda görən məktəblilər təbiidir ki, dövlətçiliyin gələcək inkişafına zərbə vurur, bu da savadlı insanların azalmasına, cəmiyyətdə ciddi sosial problemlərin meydana çıxmasına zəmin yaradır. Bu problemi acı gülüşlə, iztehza ilə oxucuya çatdıran müəllif gələcəyin inkişafının yalnız elm və təhsilin sayəsində mümkün olduğunu bir daha kiçik və məktəb yaşlı oxucuların nəzərinə çatdırır.
Ümumi mənzərəyə baxdıqda kiçik yaşlı oxucular üçün nəzərdə tutulan bu hekayələr böyüklər üçün də mənbə rolunu oynayır. Çünki bu hekayələrdə qoyulan problemlər nənki uşaqları, hətta böyükləri də dərindən düşündürür. Görkəmli rus alimi Belinskinin təbirincə, “…yaxşı uşaq ədəbiyyatı odur ki, həm balacaların xoşuna gəlsin, həm də böyüklərin, özü də yalnız uşaqlara məxsus olmasın, hamı üçün olsun”.
Təhsil problemi ilə yanaşı, 70-80-ci illər uşaq nəsrinin başlıca vəzifələrindən biri də təlim-tərbiyə ilə bağlı idi. Qocalara hörmət etmək, Vətəni, milləti sevmək, yalan danışmamaq, kiçik yaşlarından zəhmətə alışmaq, maddi və mənəvi sərvətlərin yaradıcısı olan insanı, onun əməyini lazımınca qiymətləndirmək kimi hər zaman aktual olan məsələlər bu hekayələrin əsas mövzusu idi. Bu hekayələrdə təsvir olunan müsbət qəhrəmanlar istər davranışları, istər təhsilləri, istərsə də ictimai həyatdakı əməlləri ilə oxuculara örnək olur, nümunəvi vətəndaş obrazı yaradırlar. Qeyd olunan hekayələrin maraqlı cəhəti, orada dünyagörmüş insanlarla daha müasir düşüncə tərzinə malik uşaqların düşüncə tərzlərindəki ziddiyyətlərdir. Bir tərəfdə böyük həyat yolu və təcrübəsi keçmiş ağsaqqal və ağbirçəklər, digər tərəfdə isə həyat yolunu hələ yenicə addımlağa başlayan kiçiklər. Yazıçı burada üstünlüyü nisbətən uşaqlara versə də, müdriklərin də məsləhətlərinə biganə qalmır. Təbiidir ki, müdriklər özləri də başa düşürlər ki, cəmiyyət hər zaman yeniləşməyə doğru gedir, bəzi dəyərlər artıq yeni dövrdə qəbul edilmir. Bu da təbiidir: Zaman və vaxt nisbi anlayışdır və bunlar daim hərəkətdədir. Deməli zaman, dövr dəyişdikcə cəmiyyət də onunla paralel olaraq inkişaf edir. Görkəmli tənqidçi Y.Qarayevin təbirincə, “”Gəlimli-gedimli dünya” haqda epik düçüncəni, “Biz gedirik, qoca dünya qalandır” fəlsəfəsini günün intellekti qəbul və təsdiq etmirdi… Dərk olunmuş ağsaçlı həqiqətdən nağıl və əsatir körpəliyinə, təbiiliyə və ilkinliyə səyahətlər belə geniş miqyaslı tarixi-bədii nikbinliyin fəlsəfəsi baxımından özünü doğrultmur. Köklə rabitə həmişə daxildə, alt qatdadır. Axı Keçmış bizə gələcəyin özü yox, məhz alt qatdakı təməli kimi lazımdır. O, sabahı əvəz edəndə yox, onu öz çiynində yüksəyə qaldıranda və başı üstdə – ucada saxlayanda möhtəşəmdir. Arada belə bir rabitə itəndə onlar hər ikisi bir-biri üçün, ikisi birlikdə isə bizim üçün itmiş olurlar. Kök həmişə arxada və dərindədir, o, bizdən irəlidə və yüksəkdə olsa, biz heç zaman ondan irəliyə və yüksəyə qalxa bilmərik və əslində belə kök təmələ yox…, çəpərə çevrilər” [4,səh. 149-155].
Yazarlar məhz bu faktoru ön planda tutaraq, seçdikləri mövzuları zaman amili baxımından təhlil edərək oxuculara çatdırırdılar. Yəni yazıçı əxlaqı burada hər iki tərəflə “kompromis”ə girir, onların ümumi fikrini öyrənir, nəticədə ortaq məxrəcə gəlir: Tahir etdiyi hərəkətə görə mütləq Xankişi babadan üzr istəməli, Xankişii baba da öz növbəsində böyüklük göstərib onu bağışlamalıdır (“Peşmançılıq» – N.Süleymanov), Orxanla məktəb direktoru arasında “sülh sazişi” imzalanmalı, bundan sonra bir daha bu tip hadisələrin məktəb həyatına təsirinin qarşısı alınmalıdır (”Məktəb illəri” – R.Yusifoğlu), Səlim bundan sonra nəinki Səkinə xalaya, digər böyüklərin məsləhətinə qulaq asmalıdır (“Qoca həkim” – B.Həsənov).
Bütün bu hadisələrin fonunda artıq ümumi bir əxlaqi yanaşma formalaşır və bu mövzuda yazılan əsərləri oxuyan kiçiklər real həyatda bu cür hadisələrin qarşısının alınması istiqamətində elə kiçik yaşlarından hazır olurlar.
Əxlaqi mövzuda yazılan hekayələrin demək olar ki, hamısında oxşar hadisələr cərəyan edir və nəticə etibarilə bu hekayələr ümumilikdə xalqımızın yüksək mənəvi dəyərləri fonunda şərh edilir.
Beləliklə də, yeni ədəbi nəsil milli-mənəvi dəyərləri qabarıq şəkildə təsvir edərək yazdıqları hekayələrdə milli koloriti gücləndirdilər. Bu, olduqca mühüm və etinasızlıq göstərilməyəcək bir problem idi. Çünki mənəvi dəyərlər ruhunda formalaşan uşaqlar zaman keçdikcə bu dəyərləri hər şeydən üstün tutaraq millətin genefondunu müəyyənləşdirir və xalqımızın mentalitetini yaşadırlar. Heç təsadüfi deyildir ki, yüzillərin sınağından çıxmış milli adət-ənənələrimizi, ictimai davranışın etik ölçü və mizanlarını, “insanlıq” təsəvvürlərini, abır-həya duyğusunu, birgə yaşayışımızın qədim və sabit formaları kimi kənd və şəhər mühitini – milli müəyyənliyimizin bu mənəvi və maddi təsisatları 70-80-ci illərin uşaq nəsrində həmişə müəllif fikrinin diqqət mərkəzində olmuşdur. Ona görə də bu işdə uşaq yazarlarının qarşısına çox məsuliyyətli vəzifə qoyulurdu. Milli-mənəvi dəyərlər mövzusu hər bir yazarın yaradıcılığında prioritet olsa da, bu məsələ fərqli düşüncə tərzi etibarilə müxtəlif prizmalardan işlənmişdir. Bəziləri (Ə.Səmədli, Ə.Babayeva, İ.Hümmətov) dəyərləri sırf xalq ədəbiyyatı ruhunda, milli maraqlar zəminində təhlil edirdisə də, bəzi yazarlar Z.Xəlil, E.Mahmudov, N.Süleymanov, Ə.Əhmədova, X.Hasilova) milli dəyərləri Qərb kontekstində müasirliklə qarşılaşdırıb sintetik variantda oxuculara təqdim edirdilər.
Ümumiyyətlə, 70-80-ci illərin uşaq hekayələri istər tam milli, istərsə də Qərb meylli mövzuları ilə nəinki kiçik yaşlı oxucular, eyni zamanda böyüklər üçün də mühüm əhəmiyyət kəsb etdi. Bu hekayələrdə sadalanan mövzularla yanaşı, həmçinin uşaqlar üçün böyük marağa səbəb olacaq təbiət, sülh mövzuları da geniş yer almışdır. “Meşə bütün fəsillərdə gözəldir”, “Bahar nəğməsi” (Ə.Əhmədova), “Püstə ağası” (M.İbrahimbəyov), “Ana quşun yuxusu” (N.Süleymanov), “Koroğlu olmağın sirri” (R.Yusifoğlu), “Dovşanlar özlərinə necə ad qazandılar”, “Gürşad yağış”, “Bənövşə” (Ə.Səmədli) və başqa hekayələr bu qəbildəndir. Bu hekayələr təbiət gözəlliklərini uşaqlara sevdirmək, ağaclar, quşlar, heyvanlar haqqında poetik bir dillə danışmaq həm kiçik yaşlı oxucuların dünyagörüşlərinin genişlənməsi, həm də onların estetik zövqlərinin inkişafı baxımından misilsiz örnəklərdir.
70-80-ci illərin hekayələrindən söhbət açarkən qeyd etməliyik ki, bu hekayələr sayəsində müasir uşaq nəsrimiz zəngin ənənələr zəminində inkişaf edib, yeni-yeni, orjinal əsərlərlə zənginləşirdi. Maraqlı cəhətlərdən biri də budur ki, bu hekayələrin mövzusu və problematikası zahiri təsvir, bəsit örnəklərlə deyil, real həyat hadisələri fonunda yazıldığı üçün buradakı ideyalar hər dövr üçün aktual olaraq qalır. Ümumbəşəri ideyaların daşıyıcısı olan bu hekayələr artıq neçə on illər keçməsinə baxmayaraq hələ də kiçik yaşlı oxucular tərəfindən sevilir və oxunur.
Bu və ya digər hekayələr, sözün geniş mənasında 70-80-ci illərin ədəbi örnəkləri olmaqla yanaşı, mövzusu real həyatdan ustalıqla əxz olunmuş tipik hadisə və tipik insan taleləri fonunda ictimai həyatın müxtəlif tərəfləri satirik, lirik-psixoloji tərzdə təcəssüm etdirilir və xalq məişətinin geniş mənzərəsi verilirdi. Parodik, dramatik, lirik-psixoloji, daha tez-tez isə fəlsəfi ünsürlərlə zəngin olan bu əsərlər artıq uşaq nəsrinin yeni kamil yazarlarının yetişdiyini təsdiq edirdi.
ƏDƏBİYYAT
1.Məmmədov C. Kiçik janrın böyük imkanları. – «Ulduz»jurnalı №5, 1983. –səh. 50
2.Məmmədov R. Müasir uşaq nəsrində təlim-tərbiyə məsələləri. – Dil və ədəbiyyat/Beynəlxalq elmi-nəzəri jurnal 1(67), 2009. – səh. 196
3.Məmmədov R. Şair yaradıcılığında nəsr pilləsi. – «Kredo»qəzeti, 24 aprel 2007
4.Qarayev Y. Meyar – şəxsiyyətdir. – Bakı: «Yazıçı», 1988. – səh. 149-155
5. Babayeva Ə. Yaradıcılıqda güzəştə yer yoxdur. – «Azərbaycan»jurnalı №5, 1976. – səh. 205
6. Əlişanoğlu Т. Azərbaycanın yeni nəsri. – Bakı, 1999
7. Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı. – Bakı: Müəllim, 2008
8. Rafiq Yusifoğlu Uşaq ədəbiyyatı. Ali və orta ixtisas məktəblərinin tələbələri üçün dərslik. – Bakı: Şirvannəşr, 2006
РЕЗЮМЕ
Р.М.Мамедов
ЖАНР РАССКАЗА В СОВРЕМЕННЫХ
ДЕТСКИХ РАССКАЗАХ (1970-80)
Ключевые слова: детская литература, рассказ, обучение-воспитание, национально – духовные ценности, фантастика
В данной статье исследуются жанр рассказа в современной Азербайджанской детской прозе 1970-80-х годов и анализируется его стадии развития.
SUMMARY
R.M.Memmedov
THE GENRE STORY OF MODERN CHILDREN’S LITERATURE (1970-80)
Key words: children’s literature, story, training – education, national – spiritual treasures, romantic fiction
In this article the influence the genre story of Azerbaijan children’s literature in 1970-80, analysis growth stages of this prose in – story, tale, literary story.