sefa1-450x300

Limana çatanda dayandı. Yenə gözləyəcəkdi. Yad şəhərdən gələn gəminin bütün sərnişinləri sahilə çıxacaq, hər kəs öz evinə, doğmalarının yanına gedəcək, gələnləri gözləyənlər sevinəcək, bir tək o yenə özündən utanacaqdı. Bura gəldiyi üçün. Hər axşam yeni bir qərar verirdi. Daha o limana getməyəcək, gedənin arxasınca baxmayacaq, vəfasız yoçunu gözləməyəcəkdi. Amma səhər yuxudan durunca verdiyi qərar da dünəni kimi arxada qalırdı.
Otuz üç gün… düz otuz üç gündür ki, onsuzluğu yaşayırdı Pərvin… həsrətin ağırlığı əzirdi onu. Ən çox da sonuncu gün elə bu limana, onu ötürməyə gəlmədiyi üçün özünü bağışlaya bilmirdi. Heç olmasa onu ötürməyə gəlsəydi deyilməmiş sözləri ürəyində qalmazdı. Deyərdi, açardı, tökərdi ürəyinin dediklərini. Söyləyərdi sevdiyini, sevilmək istədiyini. Amma gəlmədi.
Altı il öncə evlənmişdilər. Ataları dost idi. Hər ikisi öz uşaqlıq sevgilərini məktəb şəkillərinin arxasında saxlayırdı. Hər ikisinin ayrılıqda öz dünyaları vardı. Hər ikisi üçün bu evlilik ataların bir-birinə, onların da atalarına verdiyi sözdən ibarət idi. Zaman çox sürətlə keçirdi amma. Iki il birgəlikdən sonra babalar nəvə arzuladı. Həkimlər dəyişdi, reseptlər dəyişdi, müalicələr üçün gedilən şəhərlər, ölkələr də dəyişdi. Nəvəli arzulardan başqa hər şey dəyişdi. Pərvin özü də… Bir də anladı ki, artıq onsuzluqda darıxır… onunla açılan səhərləri sevir, onunla addımladığı yolları uzatmaq istəyir. Bu başqa duyğu idi. Hər gün hiss etdiklərini ona söyləmək istəyirdi. Amma söz tapmırdı. Sanki bildiyi bütün sözlər yadından çıxırdı. Zamanı durdurmaq, onunla birgə olan həyatını hər anını əbədiləşdirmək istəyirdi. Bir də ana olmaq istəyirdi Pərvin. Evliliyin altıncı ilində, dörd illik müalicələrdən sonra axırki ana olmağı ürəkdən arzulayırdı. Ağır bir yuxudan oyanmış kimi idi. Bu illəri necə də hissis rəngsiz yaşamışdı. Indi isə dünyanın hər bir rəngini öz evinə, həyatına hopdurmağa can atırdı və elə bu zaman həyat ona nələr hazırlayırmış…
Otuz üç gün bundan əvvəl yenə həkimə getmişdi. Axır bir həftədə ürəyi bulanır, özünü ağır hiss edir, sadəcə yatmaq istəyirdi. Anası həkimə getməyi məsləhət gördü. Həvəssiz açıb girdiyi qapıdan ümidlərin qanadında sanki pərvazlanaraq çıxmışdı. Ana olacaqdı… Evə tez çatmaq, ona bu xəbəri verməyə tələsirdi . İçəri girincə gözləri ilə axtarmışdı. Ilk gördüyü isə stolun üstündəki kağız parçası idi. Oxumağa başladı. Hər kəlməsini əzbərləşmişdi artıq o məktubun…
“Pərvin, səni sevirəm… Bütün bu illər ərzində sənin də məni sevməyini gözlədim. Məni bir kişi arzulamanı istədim. Mən sadəcə atanın öz dostuna verdiyi söz olaraq yaşamaq, yanında olmaq istəmirəm. Belə yaşamaq məni ağrıdır, Pərvin. Sən də mənim kimi ürəkdən arzulasaydın bəlkə bizim uşağımız da olardı. Amma istəmədin. Məni sevmədin çünki. Gedirəm. Sənsiz yaşamağı bacarsam qayıtmayacam. Saat üçdə limandakı sarı gəmi ilə gedəcəm. Saat üçdə. Məni niyə sevmədin ki, Pərvin?”
Saat üçə işləmişdi onda. Pərvin isə limana getmədi. Onu yola salmağa getmədi. Gedə bilmədi. Və bundan sonra da hər gün ona bir məktub yazdı. Sevdiyinə and içirdi o məktublarda. Onsuz darıxdığını yazırdı. Yaşaya bilmədiyini yazırdı. Ana olacağının müjdəsini də istəyirdi Pərvin o məktublarda. Amma bu məktubları hər səhər evdən çıxınca küçəyə atardı, sonra isə limana gələr, sarı gəmini gözləriylə oxşayar, sevdiyini apardığı üçün “döyər, söyərdi”. Yenə danışmağa söz tapmazdı. Yenə dili susardı. Otuz üç gündə sevdiyinə otuz üç məktub yazıb küçəyə atmışdı. Oxunmayan məktublar…
Pərvin yenə limandan ayrıldı. Kimsəsiz küçələrin birinə dönərək için-için ağlama başladı. Ürəyini bir az boşaldıb evə tərəf addımladı. Küçə süpürən həmişəki kimi sakitcə başını aşağı salıb işiylə məşğul idi. Onun yanından sürətlə ötüb qapını açdı. Işə bax, bu gün qapını bağlamağı da unudub. Stolun üstündə yenə məktub vardı. Daha doğrusu, məktublar… Pərvin yerindəcə donub qalmışdı. O divanda oturub məktubları bir-bir oxuyur, gah gülür, gah ağlayırdı. Sevindiyi üzündən açıq-aydın görünürdü. Bu məktublara o qədər dalmışdı ki, Pərvinin gəlişini belə hiss etməmişdi. Pərvin bir addım da yaxınlaşdı. Gözlərinə hələ də inana bilmirdi. Stolun üstündəki hər gün ona yazdığı, küçəyə atdığı məktublar idi. Sevgi dolu hər kəlməsində arzulu ürəyin çırpıntısı, övlad müjdəsi olan məktublar. Pərvin pəncərədən eşiyə boylandı. Ilk dəfə idi ki, küçə süpürənə diqqətlə baxdı. Yaşlı qadın süpürgəsinə söykənərək ona gülümsəyirdi…