Ədəbiyyat iki şey üzərinə qurulmuşdu- sevgi və ölüm. Sevgini az da olsa anladıq, anlamağa çalışdıq bəs ölüm. Ölüm nə üçündür, insan nə üçün ölür? Tanrı öz əsərini nə üçün məhv edir. Dinlər ölümün son olmadığını, yeni bir başlanğıc olduğunu söyləyir. Buna inanırdı, inanmaq istəyirdi gənc bağban. Axı o, bağındakı güllərə o qədər əziyyət çəkəndən, onlar yetişdikdən sonra kəsirdi, kəsməlidir. Yeni tomurcuqlar gül olsun deyə. Bir gülün açılıb, sonra solması, ən nəhayətində torpağa düşməsinə bənzəmirdimi insan ömrü. Yenə də beynində cavabsız suallar vardı ki, bu suallara cavab tapmaqdan acizdi, bir bilənə- ağsaqqala ehtiyac duyurdu. Elə həyat da sevgi və ölüm üzərinə qurulmamışdımı. Ədəbiyyat yaşaya bilməyənlərin üsyanı deyildimi. Xoşbəxt olan, sevdiyinə qovuşan niyə şeirlər yazsın ki? Ancaq ölüm elə bir şeydi ki, sevdiyinə qovuşsa da, qovuşmasa da, zəngin vəya kasıb yaşasa da sonunda hər kəsi gözləyirdi. Ölümün olması əslində bir yerlərdə ədalətin olmasının dəlili idi. Yaşasın ölüm deyə bağırdı..
Birinci rəng: Bağban yetişən gülləri kəsir. Bu ətrafdan baxanlara qəribə görsənə bilər, ancaq bilənlər bilir ki, gülün kəsilməsi bitginin yaşaması, yenidən tumurcuqlaması üçün şərtdi. Bağban olan Allah öz yetişən güllərini- insanları onun üçün öldürüdü.
Ölümün ilk rəngini elə çiçəklərinin arasında anlamışdı, ancaq qəlbinin tətmin olması üçün daha artığına ehtiyac duyurdu- ehtiyacı vardı. Bunun üçün yollara düşməyə- gəzib, dolaşmağ gərək duydu. Ömrünü ölüm adlı həqiqəti anlamağa həsr edəcəkdi. Çox qorxurdu deyilənlərin yalan olmasından, ölümün son- yox olmağından. Ürəyindki fəryadı dindirmək lazımdı, dindirmək. Gözlərini yumub dönməyə başladı. Bir xeyli fırlandıqdan sonra dayandı və o tərəfə doğru getməyə başladı. Onu nələr gözləyirdi, çox maraqlı gəlirdi. Gecə- gündüz dayanmadan yol getdi. Gecləri çay kənarlarında qurbağaların nəğməsini dinləyərək, gündüzlərsə buludlarla yarışa- yarışa gedirdi. Hər şeydə bir gözəllik görür, duyurdu. Qurbağaların səsini əvvəllər heç sevməzdi. Bu qurultu onu çox narahat edirdi gecələri bağında yatmağa çalışarkən. Ancaq indi o qurultuda belə ilahi bir hikmət görür, o səsi ləzzətlə dinləyirdi. Öz- özünə gülürdü. Yəqin ki, qurbağalar da bizim səsimizi sevmir, bu cür düşünür. Ancaq görəsən onların içindən də bir dəli çıxıb insan səsini sevə bilərdimi. Bu düşüncələrini başqaları eşitsəydi yəqin onu dəli adlandırardı. Gecə və gündüz necə gözəl bir ahənglə bir- birilərini əvəz edirdi ilahi. Günəş yenidən batmaq üçün doğur, gecə günəşi qarşılamaq üçün öldürürdü özünü. Bu yolçuluqda hər gecənin, hər günün bir- birindən fərqləndiyini gördü.
İkinci rəng: Hər gecə, hər gün bir- birindən fərqlidisə, günəşin yenidən doğa bilməsi üçün gecənin ölməsi lazımdısa, deməli ölümdə həyat var. Ölüm yoxluğa deyil, varlığa- həyatın davam etməsinə xidmət edir.
Iki rəngi ilə rənglənmişdi ölümün. Daha indidən özünü xoşbəxt hiss edirdi. Kim bilir bütün həqiqəti dərk edəndən sonra necə olacaqdı, nələri hiss edib, nələri düşünəcəkdi. Günlərcə, gecələrcə çay kənarında qalıb su səsini, günəşin doğmasını qurbağaların dünyasını müşahidə etdi. Ayrılmaq istəmirdi bu dünyadan. Əvvəllər düşünürdü ki, bağını sahibsiz qoyub harasa getsə güllərinin sonu necə olar, onlara kim qulluq edər. İndi bu qədər gözəllikləri görəndə heç gülləri ağlına belə gəlmirdi. Dağlarda, çəmənlər minlərlə gül növü vardı. Kimdi bunları qoruyan, qulluq edən. Nə qədər qulluq etsə də bağı heç vaxt bu qədər təmiz, gözəl olmamışdı. O, elə təbiəti kirlədənin, yox edənin insan olduğunu anladı böyük dəhşət içində. Sən demə insan bütün heyvanlardan daha vəhşi bir varlıqdı. Sevdiklərinin göz yaşları ilə qidalanan insan. Özündən qorxmağa başlamışdı. Bir az da buralarda qalsa ağlını itirəcəyindən qorxub, yenidən yollara düşdü. Günlərcə yol getdi, gecələrcə dinlədi ana təbiəti. Ən çox sərin bulaqlardan içdiyi suyu sevdi, ən dərin duyquları gecələri ulduzları seyr edərkən yaşadı. Oxuduğu kitablar deyirdi: – ulduzlar söndükdən sonra uzun illər işıq saçmağa davam edir. İndi bizim gördüyümüz bəzi ulduzlar min illər öncə sönmüş ola bilər. İnsan da ulduzlar kimi olmalı deyilmi? Öldükdən min illər sonra belə işıq saçmağa davam etməlidir. İnsanın işığı isə ancaq əsərləri ola bilər. Ulduzları o qədər sevdi ki, daha gecələri yol alıb, gündüzləri dincəlir, təfəkkür edirdi. Gündüz insan hər şeyi görməyə məcburdur, bu da insanı yorur, ancaq gecələr yalnız görmək istədiyini görürsən, dincəlir varlığın. Gecənin rəngi ilə rəngləndi ömrü. Bəzən ölümü gecənin qaranlığına bənzədirlər.
Üçüncü rəng: Əgər gecə yoxluq deyilsə, sadəcə bəzi həqiqətlərin üstünü örtürsə, o zaman ölüm niyə yoxluq olsun ki?! Ölüm həyatın, yaşamın üzərində günəşin batmasıdır. Necə ki, gecədən sonra günəş doğur, ölümdən sonra yeni bir diriliş mütləq olacaqdır. Hər gecənin sabahı, hər qışın baharı, hər göz yaşının gülə çevriləcəyi gün mütləq gələcək.
Bir az daha rənglənmişdi sonsuzluğun rəngi ilə. Yola davam elədi. Daha baharın nəfəsi donur, qış soyuq qılıncı ilə güllərin başı üzərində cəllad kimi dayanmışdı. Qışda yola davam eləmək mümükün deyildi. Bunun üçün yaxınlıqdakı kəndlərdən birində yaza qədər sığınacaq tapmaq ümidi ilə yolunu kəndin yanından saldı. Çox axtardıqdan sonra ona qoca bir qarının evini göstərdilər. Tək başına yaşayan bu qadına bir yardımcı lazımdı ki, bu soyuq qışı sağ olaraq başa vura bilsin. Həm qalacaq yer tapdığına, həm də bir insana ( ölümə bu qədər yaxın olan bir insana) yardım edəcəyinə, gününü boşuna keçirməyəcəyinə çox sevindirdi. Gəlib qapını döydü. Titrək əlləri ilə ağaca söykənmiş, həddindən artıq yaşlı qadın qapını açıb, onu içəriyə dəvət etdi. Bir qədər sonra artıq tanış olub, qarı nənəyə yardımıcı olacağını söyləmişdi. İlahi, necə sevinirdi yaşlı qadın. Atası uzaq səfərdən gələn bir uşaq, ya da ayrılıqdan sonra tam ümidini kəsmişkən sevdiyinə qovuşan aşiq kimi sevincliydi. Günlərini qarının işlərini görərək, boş vaxtlarını isə onunla dərdləşərək keçirirdi. Nələr danışırdı, nələr… oxuduğu bütün kitablardan utandı. İndiyə qədər niyə insanları oxumaq əvəzinə kitablara üz tutub, axtardığı həqiqəti aciz vərəqlərdən gözləyirdi. Kitablar hansısa yazarın təxəyyülü, insanlarsa Tanrının əsəri idi. Neçə qışdan, neçə bahardan sonra bu qədər şeylər bilirdi, ancaq nəyə yarasın ki, indən belə bu bildikləri. Uşaqları atıb getmiş, ömür- gün yoldaşı isə çoxdan rəhmətə getmişdi. Bu yaşında insanlardan heç nə istəməməyi, onlara güvənməməyi öyrənmişdi. Əzab verən bir şeydi bu, ölümə yaxınlaşarkən anlayırsan ki, insanlara güvənmək, inanmaq olmaz. Ən çox sevdikləri qanatmışdı qəlbini, ən çox dəyər verdikləri ağlatmışdı onu. Qarının yaşamağının işgəncə olduğunu anlayırdı. İndi ona sadə insan yox, bir ana nəzəri ilə baxırdı. Dərk edirdi ki, bu qarının yaşaması ölümdən daha yaxşı deyildi. Bağını- oradakı gülləri xatırladı. Yetişib, saralan gülləri necə kəsdiyini keçirdi gözlərinin önündən. Tanrının bu gülünü çox yaxında qoparacağını anlayırdı. Günlər rüzgarın kirpiklərində sürətlə ötüb keçdi. Ağacalar ilk çiçəklərini açmağa başlayanda, yaşlı qadın sonuncu çiçəyini də tökdü- bu yuxudan ayılıb, bu dünyadan köçdü. Sadə bir qəbir qazıb dəfn etdi, sirdaşını. Çox şey öyrənmişdi yaşlı müəlliməsindən, çox şey… O, ölümü soruşdu. Qadın həyatı anlatdı. O, həyatı istədi, qadın ölümü göstərdi. Əslində ölümlə həyatın necə vəhdət təşkil etdiyini öyrənmişdi.
Dördüncü rəng: Müəyyən bir zamandan sonra insanın yaşaması deyil, ölməsi gözəldi, rəhmətdi. Yaşanan bir gün necə bitirsə, qoparılan bir gül necə quruyursa, hər arzunun- ümidin necə bir sonu olursa, yaşanan bir ömrün də sonu olmalıdır. Tanrı qocalıb əldən düşmüş bəndələrinin daha artıq əziyyət çəkmələrini istəmədiyi üçün, onları yanına alır.
Yenə yollara düşdü: bəlkə özündən, axtardığından qaçmaq üçün, bəlkə də yaxınlaşmaq üçün. Heç nə bilmədən günlərcə yeridi. Küləklər əsəndə ağladı doyunca, sonra günəş çıxdı gülümsədi- nəyə gülümsədiyini özü də bilmədən… Məzarlıqlardan keçəndə, orada yatanlara saatlarca dua elədi, adsız- sansız məzarlara salam verib, hal- əhval tutdu. Ayaqlarına toxunsun deyə təbiətin ruhu ayaqyalın yeridi, yeridi və ən nəhayətində bir çölə gəlib çatdı. Burada bir nəfərin var- gəl elədiyini görüb yaxınlaşdı. Adam qumların üzərində əyləşib, baxışlarını çox uzaqlara yola salmışdı. Onun yanına gəldiyini duymadı belə. Bir xeyli səssizcə dayandılar, sonra saatlar keçdi, sonra günlər. Adam sadəcə zəruri ehtiyaclarını görür, sonra yenidən sükuta qərq olurdu. Nə qədər çalışsa da adamın danımadığını görüb, daha onu incitmədi, ancaq oradan uzaqlaşmadı da. Ürəyindən bir səs bu adamın ona danışacaq bir hekayəsinin olduğunu deyirdi. Onun üçün səbrlə gözlədi, baharın gələcəyi günü… Aradan həftələr, sonra aylar keçdi. İndi onun da saçı- saqqalı uzanmış, dərsinin rəngi günün altında yanıb, möhkəmlənmişdi. Bir gün yabancı adam sözə başladı: – indi vaxtıdı, indi sənə ölümün beşinci rəngini və öz hekayəmi anladacam.
Beşinci rəng: Bəzi şeylər var ki, onun mükafat və cəzası bu dünya üçün deyil. Onun üçün ölüm və ondan sonra gələcək olan hesab günü mütləqdir. Bir də bu həyatda heç kimsə uğrunda öləcək və yaşayacaq qədər qiymətli deyil. İnsan özü üçün yaşamalı- ölümə qədər və ölümdən sonrakı həyatı üçün…
Çox sevirdim, hər kəs kimi. Bilirsənmi indi sevirəm deyəndə, çox sevirdim deyəndə insanlar gülür, adama dəli kimi baxırlar. O qədər ucuzlaşıb ki, sevgi, sevgili…. Nəisə hekayəmi anlatım və sən çıx get, burası sənin yerin deyil…
“ Bir gün gəlib, başqasını sevdiyini söylədi və getdi” – heyakə bu qədərdi. Gerisini özün anla, özün düşün. Hər şeyimi verdiyim bir insan bunu dedi və getdi . İndi deyə bilərsən ki, burada nə var səni sevməyib və gedib. Ancaq elə olmadı, gedərkən mənim həyatımı, ümid və xəyallarımı oğurladı. Əgər əynindəki paltarı oğurlayan adam oğru adlanırsa və bunun bir cəzası varsada, ümidlərini oğurlayan niyə oğru olmasın və niyə cəzalandırılmasın?! Bax bunun üçün ölüm var, bunun üçün ölüm lazımlıdı, çünki ikinci dediyim oğruların yarqılandığı məhkəmə, yalnız ölümdən sonrasında var…. bu birinci məsələ
Səni çox sevdiyini deyir. Ümidin, arzun- hər şeyin olur. Sonra başqasını sevdiyini deyir və onları səndən alıb gedir. Bir düşün Allah desə ki, bu həyatı- bu əli, ruhu, ürəyi mən səni sevərkən vermişdim. Daha səni sevmirəm və verdiklərimi alıb, gedirəm. Olarmı belə bir şey?!- təbii ki, yox. ..Bu da ikinci məsələ. İndi get və yaşa. Çünki həyat iki hissədən ibarətdir- ölümə qədər və ölümdən sonra. Hər ikisinin haqqını ver.
Altıncı rəngi, yaşadığın hər anda görəcəksən. Bu rəngi kimsə sənə anlata bilməz. Hər bitən gecənin sonrasında, hər gələn baharın ögey nəfəsində bir az daha rəngələcəksən, ölümün altıncı rəngi ilə…
Yeddinci rəngi , isə ölüm gəldiyi zaman görəcəksən. Bu rəngi, yalnız ölənlər bilir…
Yaşa- evlən, uşaqların olsun. Xoşbəxt yaşa, ancaq rəngləri ilə gözəlləşdiyin ölümü heç unutmayaraq….