1423890042_pic

Tənhalığın simfoniyası

Tənhalığın rəsmini çək, rəssam.
Bir az aydın çək,
qarışıq olmasın.
Qarışıqlığın olmamasıdır
Tənhalıq.
Dağınıq saçlar çək,
Küləyin böyük bir səylə
üzünə dağıtdığı
saçların xəfif toxunuşla düzəldənin olmamasıdır

Tənhalıq.
Tənhalıq qapı ağzındakı sənə aid
bir cüt ayaqqabıdır,
Onlar da darıxar təklikdən
sənin kimi.
Hər zaman üzü qapıya tərəf dayanar,
birinin həsrətində olan
sevdalılar kimi.
Tənhalıq danışmağa kimsəni tapmayanda
çay tökdüyün stəkanla söhbətindir,
Dinləyənin belə olmaz,
Danışmağı unutmayasan deyə danışarsan
havadan, sudan,
arvadını döyən qonşu kişidən,
yeni qalmaqal yaradan müğənnidən,
gecikən avtobusdan
və daha nədən…nədən…
Danışarsan, danışarsan…
…susarsan,
Kimdənsə cavab gözləyərsən,
Amma sən susanda dünya susar sanki,
Sükut başlayar.
Onda buz divarlar üzünə hayqırar tənhalığını.
Utanarsan…
Susarsan…
Tənhalıq soyuq qış gecəsində
yorğandan çöldə qolundur,
örtən tapılmaz.
Televizora baxarkən divandaca yuxuya getməyindir
Tənhalıq,
Səsləyib oyadan olmaz.
Asılqandan asdığın tək paltodur
Tənhalıq…
Güzgülərə olan qorxundur,
Hər kəsin səni tərk etdiyi dünyada
sən də küsərsən
güzgüdəki “SƏN”dən.
Tənhalıq ölümsüzlüyündür,
Çünki tənha adamı ölüm belə unudar.

EVƏ GEDİRƏM…

Yoruldum bu səs – küydən,
Daha Evə gedirəm.
Saxta gülüşdən,
Yalançı vəddən,
Çoxluq içərisindəki yalqızlıqdan təngə gəlib gedirəm,
Evə gedirəm.
Məni mənə unutduran problemlər yordu məni,
Sözümü dilimdə yandıranlar usandırdı məni,
Gedirəm.
Danışmaq üçün,
Susmaq üçün,
Savaşmaq üçün,
Təkliyimi tək yaşamaq üçün gedirəm,
Evə gedirəm.
Məni təmənnasız sevənlərə gedirəm,
Haqqımla, nahaqqımla,
Səhvimlə, günahımla gedirəm.
Evə gedirəm.
Göylərdən yağış əvəzi göz yaşının töküldüyü
küçələrdən keçirəm,
İnsan əvəzi ağzınacan dərd dolmuş avtobusla gedirəm,
Evə gedirəm.
Hər dayanacaqda dərddən keçmiş xoşbəxtliyi endirir,
Hər dayanacaqda yeni dərdi götürür özüylə.
Cavan dərdlər qoca dərdlərə yer verir
oturmaq üçün…
Qocalmış dərdlər hüznlə baxır cavanlara,
Axı avtobus bir dayanacaqdan
digərinə çatana qədər onlar da qocalacaq,
yaşlanacaq
Onlara yer verən tapılacaqmı?
Bilmirəm.
Budağından kədər sallanan ağacların arasıyla
gedirəm,
Evə gedirəm.
Ayağım altda əzilən yarpaqların xışıltısını
dinləyirəm,
Başımdakı dumanları qova – qova gedirəm,
Evə gedirəm.
Ora – bura qaçışan,
Yoluma çıxan,
Önümü kəsən,
Sözümü kəsən
İnsanlardan keçirəm,
Evə gedirəm.
Bu dünyadan pillə – pillə qalxıram,
Bu dünyamı arxamda qoyub gedirəm,
Bu dünyadan gedirəm,
EVƏ GEDİRƏM!!!