GƏTİR…
Axtar, ara özgələrdən,
Qar-qarışıq döngələrdən.
Pərakəndə cərgələrdən,
Səhmanımı gətir mənim…
Könül mülkümdəki taxtdan,
Qalıb təkcə quru taxtan.
Ümidsizəm mən bu baxtdan,
Fərmanımı gətir mənim…
Alnındakı qara ləkə,
Vay o günə fələk çəkə.
Məhəl qoyma cütə, təkə,
Dildarımı gətir mənim…
Saf arzusan, kirli xəyal,
Təbiətdən mənə pay al,
Qar-borandan tapıb macal,
Baharımı gətir mənim…
Deyəsən…
Havadan ayrılıq qoxusu gəlir,
Sevgimiz gələcək gözə deyəsən…
İçimdə sənsizlik küləyi əsir,
Həsrətin dönəcək sözə deyəsən…
Ulduzlar qəlbimə bir-bir od salır,
Ayın işığında yox olur zülmət.
Vüsal ümidindən ürək kam alır,
Yetişir xoşbəxtlik bizə deyəsən…
Nə qədər tükənsə arzu, istəyim,
Ümid ki tükənmir, yox olmur, gülüm.
Daha gecələrə donmur səhərim,
Yeni gün güləcək üzə, deyəsən…