sefa1-450x300

* * *

bir gün gələcəm sizə,
elə-belə… təsadüf…
qonşu qoyacaq sözə,
-arsızdı, özü gəlib…

keçəcəyəm mətbəxə,
qaynayacaq çaydanın…
dadı qalıb deyirlər,
damağında dolmanın…

eyninə alma, gülüm,
çox dolmalar bişəcək…
bizim toyun apreli
hər təqvim bəzənəcək…

Bakıda ayrı olur
İlin dördüncü ayı…
Gəncədə bir qız solur,
Əynində həsrət payın…

səndən küsən bu qıza
bu gün dərdin də çoxdur…
bir gün gələcəm sizə…
o gün təqvimdə yoxdur…

* * *

İki gündü hamı qadından yazır, mən niyə sıradan qalım ? )))
amma, məndə bir az fərqli misralardadı qadın… Özü də payızdan qalıb…

Özünə oxşatdın rəngi-ruhumu
Bu qara qızın da sevgisi sarı…
Fələklə əlləşən min günahımın
Beşinci ləçəyi, qönçəsi sarı…

Qadınlar doğulmur sevinc adına
Qoyulan bu adlar təsəllimizdi…
Təsadüfdən gəlib düşsəm yadına
Bil ki, payızdayıq…bizim fəsildi…

Bozarıb…saralıb…gözümdə dünya
Fırçamı silirəm arzularıma…
Bəlkə hər fəsildən bir ahəng ala…
Bəlkə… ömrüm dönə göy qurşağına…