Bu sevginin üzü payıza tərəf
İçində bir ovuc xəzan daşıyır,
Həzindi, səssizdi, dinmir bu sevgi.
Bir uçuq daxmada tənha yaşayır…
Bu sevginin üzü payıza tərəf.
Əlində kədər var, qəmini didir.
Çaxılıb üzüstü daşa bu sevgi.
Elə yarpaq- yarpaq tökülüb gedir,
Bu sevginin özü payıza tərəf.
Adı “sevgi” imiş… ad təsəllidi,
Heç özü bilirmi nədi bu sevgi?!
Bahar, yay tanımır, tək fəsillidi,
Bu sevginin izi payıza tərəf.
27.08.2014
* * *
Gözümdə gözünün şəkli qalmasın,
Ayrılıb gedəndə üzümə baxma.
Ölsəm bu ölümün adını sən qoy,
Qatil olduğunu boynuna alma.
Gedirsən?! Sakitcə arxanı dön, get,
Demə yaşanacaq nələrsə qaldı.
Gedərkən basdığın yerə diqqət et,
Qəlbim ayağının altında qaldı.
Sən getdin heç nəyin qalmadı məndə,
İstəsən qayıt künc-bucağı yoxla.
Mənim də çox şeyim qalmadı, amma,
Qəlbim əmanətdir, onu bərk saxla.
05.09.2014