İnsanlara sevginin hekayəsini anlatmalıyam və hekayəni sevgi ilə… Zaman dəyişə bilər, ancaq dəyişən zamanın içində dəyişilməyən şeylərin də var olduğunu. Çox sevməyin üzsüzlük olmadığını, sevda uğrunda mücadilə etməyin acizlik olmadığını və sevgilini unuda bilməyənlərin nakişi olmadığını anlatmalıyam…
Elə bir zamanda yaşayırıq ki, ürəklərimiz ağlımıza təslim olub, ağlımız da, ancaq heyvani istəklərin arzusunda…
Elə bir zamanda yaşayırıq ki, verdiyimiz sözü unutmaq, vəfasızlıq, ümid verib- gözü yaşlı qoymaq su içmək qədər asan gəlir bizə… Sevdiklərimizin göz yaşı ilə qidalanan həşaratlara çevrilmişik. Həps olmuşuq telefonlarımıza, bilgisayarlarımıza, həps olmuşuq xəyallarımızdakı insanlara. Bütün tanışlıqlarımız- dostluq və sevgilərimiz virtuallaşıb. Onun üçün də Züleyxanın sevgisi, Şəmsin dostluğu bizə yadlaşıb, onun üçün anlaya bilmirik o insanları- sevgi və dostluqları. İnsanları olduqları kimi deyil, xəyal etdiyimiz kimi istəyirik. Bulaq başında bir qab su istəmirik, xoşlandığımız qızdan. İndi bir “ like” gözləyirik “ e” gözəllərdən. Bulağın gözündən bir qab su doldurub, verərmiş köhnələr sevdiyi oğlana və ölümə qədər birlikdə yol alarlarmış. Bəs indi?! – indi gözümüz telefonda qalıb, indi bir nümrəni dəyişmək qədər asanlaşıb sevdiyini atmaq, unutmaq…
Telefonlarını atıb, bulaq başlarına getmələrini, bir qab su ilə başlamalırını sevgiyə anlatmalıyam. Anlatmalıyam ki, pərvanələri küçə lampaları yandırmasın. Pərvanələrə şamın yerini göstərməliyəm…
Əsrlərdi Şəms Rumi dostluğunu hər kəs bir yana, bir tərəfə yozur. Kimisi onları eşcinsəllikdə, başqa biriləri cünunluqda günahlandırır. Çox az adam isə bu dostluğu anlaya, görə billir. Bilirsizmi hər kəs öz qəlbindəkini, öz düşündüklərini görür. Kim ki, eşcinsəlliyə meyillidir öz əxlaqsız arzularına haqq qazandırmaq üçün Rumi ilə Şəmsə iftira atacaq, onları da bu yolun yolçusu edəcək. Kim ki, mərd biridir, dostu üçün ölümü gözə ala bilər, bax onlar yaxşı anlayacaq dostu, sirdaşı üçün ölümə gedən Şəmsi, bax onlar anlayacaq dost ölümünə şeirlər yazan Rumini…
Insanlara qəlblərinini təmizləyib, baxmalarını anlatmalıyam…
Bir Züleyxa vardı bir zamanlar, Yusifə sevdalı. Yusifi hər kəs sevə bilərdi, ancaq niyə hər kəs Züleyxa ola bilmədi?!. Bəli, kasıbdı- evi, işi yoxdu deyə sevdiyini atanlar, necə anlasınlar bütün zənginliyini, gəncliyini sevdiyinə qurban edən Züleyxanı.
Qızlara Züleyxanın sədaqətini, vəfa və sevgisini anlatmalıyam. Anlatmalıyam ki, mənəviyyat sözü olsun lüğətlərində. Satılmasınlar bir ev, bahalı bir maşına. Sevgi və gözəlliyə çevirməsinlər üzlərini…
Minlərcə boşanan ailələri göstərməliyəm gözü dünya malına doymayan analara, öz övladlarını satmasınlar deyə.
Və bir qəlb qırmağın, ümid verib gözü yaşlı qoymağın nə demək olduğunu anlatmalıyam hər kəsə…. Bu zamanda belə sevgi, dostluq olarmı, deyənlərə hava və suyun, doğum və öllümün bütün zamanlarda eyni olduğunu anlatmalıyam…
Bir gün öləcəyimizi, bu həyatın o, qədər də uzun olmadığını və bu dünyaya bir dəfə gəldiyimizi anlatmalıyam..
Və bütün bunları ilk özümə deyib, ilk özüm inanmalıyam….