Abdulla MƏMMƏD (Məmmədov Abdulla Qəzənfər oğlu) 1963-cü il noyabr ayının 4-də anadan olub.1970-1980-ci illərdə Quba şəhər 2 saylı orta məktəbdə təhsil alıb.1981-1985-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb.1985-ci ildə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.1990-1992-ci illərdə məktəb direktoru, 1997-2002, 2004-2009-ci illərdə direktor müavini vəzifəsində çalışıb.Ailələlidir, iki oğlu var.
Üzünün suyundan gözüm su açmır
Üzünü ağ etmir üzgörənliyin,
Üzünün suyunu töküb gedirsən.
Icindən bulanır üzünün suyu,
Suyunda lillənib, çöküb gedirsən.
O qədər üz görüb üzün dünyada,
Üzünün saflığı üzdə qalmayıb.
Üzünü çevirib üzlər üzündən,
Üzünə üz tutan üz də qalmayıb.
Üzünün suyundan gözüm su içmir,
Üzündə bozarır saxta qürurun.
Sən də bu üz ki var, çətin durula
Üzündə, gözündə Məhəmməd (s.a.v) nuru.
Üzünə tutmağa ələk gəzirsən,
Üzündə üz varmı ələk tutası?
Hələ söz deməyə bir üzündə var-
Üzünə çökdükcə içinin pası?!
Çevirib astarın üzünə üzün,
Üz varmi bir daha üzə çıxasan?
Sevdiyin tağutun bataqlığından,
Inana bilmirəm üzə çıxasan…
Bu dağların salamına gəlmişəm
Çoban qardaş, hər nəyin var düz önə,
Bir qonağam ormanına, düzünə
Buz bulaqdan qüvvət gəlib dizimə,
Bu dağların salamına gəlmişəm.
Baş götürüb şəhərin hay-küyündən,
Üz tutmuşam kəndə sarı bu gündən.
Açılaraq həsrət adlı düyündən,
Bu dağların salamına gəlmişəm.
Burda daşlar qayaların xalımı?
Laləliklər dərələrin xalımı?
Görən, dağlar gəlişimdən halımı?
Bu dağların salamına gəlmişəm!
Bu yerlərdə qaya qızıl, dağ almaz,
Sıra dağlar bir qaladır-dağılmaz.
Bu dağların sinəsində dağ olmaz,
Bu dağların salamına gəlmişəm.
Burda dağlar xoş güzəran, gün eylər,
Burda dağlar lazım gəlsə gün əylər.
Köksünüzü açın mənə, güneylər,
Bu dağların salamına gəlmişəm