AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Bir gün açacağın qapın varsa, sevin, bala! O açıq qapıdan içəri girəndə üzünə üfürülən hava deyil, doğma bir nəfəsdi. Çünki, doğma evin də öz nəfəsi var. Açacağın qapını arxanda buraxma, bala! Buraxma! Babası qapını açıb içəri girdi. Elə bil qapıdan eşiyə süzülən işıq gün işığından gur idi. Gözləri qamaşmasın deyə əllərini gözlərinə daraq elədi. Yox, bu işıq gözlərini qamaşdırmırdı… Ürəyinə işləyirdi işıq… İşığın döş qəfəsini yarıb ürəyində yerləşdiyini də görürdü… Orda yumrulanıb-yumrulanıb yumaq olduğunu da… Gözlərini açanda qulağına səs gəldi. Həzin səs idi. Avtomobilin maqnitolasını açıq qoyub yatıbmış. Deyəsən, sadəcə melodiya idi. Hə… “Laçın” mahnısının melodiyasıdı… Mahnının sözlərini oxumaq istədi.
-Ay Laçın… Ay Laçın… Susdu… İllərdi, bəlkə də, bütün müğənnilərin ifasında dinləmişdi bu mahnını. Bəs niyə yadında qalmamışdı sözləri? Öz-özünə təəccübləndi. Əyilib avtomobilin aynasından yola baxdı. Günün duran vaxtı olduğundan tək-tük adamlar vardı küçədə. Yuxusu yadına düşdü. Ürəyinə yığılıb yumaqlanan o işıq… Evin içindən gəlirdi işıq. Babası açmışdı qapını. Bayaq yuxuda babasıyla görüşünə sevinmişdi, indi isə neçə ildi qəbrinin üstünə belə getmədiyi babasının gözlərini xatırlayıb ürpəndi. Babasının gözlərindəki həmişə hüzn vardı… Yox, gözlərinə diqqətlə baxmamışdı yuxusunda babasının, bunu özündən uydururdu. Fikrini dağıtmaq üçün avtomobilin qapısını açıb düşdü, arxasını küçəyə çevirib əllərini sinəsinə döyəclədi. Palıdı jaketə uyğunlaşdıraraq geyindiyi xaki rəngli şalvarının ayaqlarında mazut ləkəsi olduğunu görəndə dodaqlarına istehzalı təbəssüm qondu: -Yaraşıb axı… Yaraşıb mənə bu şalvar, paltarı yaraşdırmaq, uyğun geyinmək… Eh… Üzü aşağı əyilib əliylə ləkələrin üstünü çırpaladı, hərçənd, yaxşı bilirdi ki, bu ləkələr gedəsi deyil. Babasının sözü yenə yadına düşdü. Düşündü ki, şalvarını da ləkələr özünə ev seçdi, daha onları ordan qova bilməzsən. Belini dikəltdi, qollarını çarpazlayıb avtomobilin üstünə qoydu, başını da qollarına söykədi. Özünə bərk-bərk söz verdi ki, gedib babasının qəbrini ziyarət edəcək, ona “Quran” oxutduracaq. Və ev… Özünə aldığı evdə hələ gecələməmişdi. Qorxurdu… Evi alandan sonra neçə ay təmir elətdirmişdi. İki otaq, hamam, mətbəx… Üzü prospektə baxan eyvan… Tam istədiyi kimi bir ev idi. Təmir bitəndən sonra yüngülvari mebellər də seçib yerləşdirmişdi. Yataq otağına qapıları bütünlüklə güzgü olan şkaf da qoymuşdu. Hərdənbir, kefinə düşəndə tanış qadınlardan birini götürüb ora gedir, gününü keçirərdi. Ancaq, axşam qaranlığı çökməmiş, hava toranlaşanda evi tərk eləmişdi. Az olmamışdı qadınların ona gecələmək təklifi. Tezcə də bəhanə tapmışdı:
-Dostumun evidir. İndi işdən çıxıb gələcək. Getməliyik. Beləcə, o ev atılmış hisslərin, köhnəlmiş ehtirasların ünvanı olmuşdu. Belə yaşamdan bezirdi hərdən… Ürəyindən yüz dəfə keçirdi ki, evlənsin, o evə yığışsın. Amma, həmişə bu fikirlə o evin qapısını açandaca ürpənirdi, titrəyirdi… Qorxurdu… Bu qorxu səbəbsiz də deyildi. Və bu səbəbi də bilən təkcə o deyildi. Əgər təkcə özü bilsəydi bu səbəbi, bəlkə də öz qorxusuna qalib gələ bilərdi. Özündən əmin olmamaq kimi bir xasiyyəti vardı. Bütün duyğularını da “ya səhvdirsə?”- ehtimalı ilə yaşayırdı. Hələ düşünərək atdığı addımlar… Hər birində tərəzisinin hər iki gözü eyniləşirdi: səhv, yoxsa düz? Zamanla bu qorxuya inanmışdı… İnanaraq da qorxmuşdu… Və hava qaranlıqlaşanda o iki otaqlı evdə ölümünü də dəfələrlə yuxuda görmüşdü… Görə-görə qorxmuşdu… Qorxa-qorxa görmüşdü… Başını qolundan qaldırıb üzünü arxadakı binaya çevirdi. Uşaqkən bina şəkli çəkməyi sevirdi, o binanın bütün pəncərələri eyni olardı, eyni rəngli də pərdələri vardı. Elə bilirdi ki, belə də olmalıdı. Böyüdükcə dünyanın harasındasa elə bir binanın olduğuna inamı da itdi. Ən pisinə gələn o idi ki, binanın eşiyindən baxanda hansı pəncərənin arxasında varlı, yaxud kasıb yaşadığını bilmək olur. Gərək, bircə, bu olmayaydı… Bircə, pəncərələr bu haqsızlığı edib insanların sirrini açmayaydı… Gözünü yumub arxasını avtomobilə söykədi. Qollarını sinəsində çarpazladı. Anası deyirdi ki, qollarını eynən bu cür çarpazlamaq babasının adəti imiş… Yenə babası… Babasının dediyi sözlər… Ürəyi sıxıldı. Yenə evini, qorxusunu xatırladı. Evi aldığı hələ bir həftə olmamışdı heç. Tikinti şirkətindən gətirdiyi ustaları evə baxmağa gətirmişdi. Təmirə başlamağa çox tələsirdi. Beş uşaqlı ailədə böyüdüyünə görə xüsusi ev arzusu onun həyatının həmişə əlçatmazlığı idi. Və əlçatmazlığa əl çatanda adam bir qəribə olur… Elə qəribə ki… Bunu anladan söz, yəqin ki, hələ Allah tərəfindən insana ərməğan edilməyib. Bəşəriyyətin sözdən qıtlıq çəkdiyi bir an idi onun öz evinin olması. Qıtlıq o qədər canına, beyninə işlədi ki, qorxusu ilk həftədəncə qarşısına çıxdı. Üz-üzə dayanan iki qapıdan biri onun idi, birinin isə cəmi bircə dəfə açıldığını görmüşdü. O da həmin gün… Yaşlı bir kişi qapını açıb əvvəlcə ona, sonra isə ustalara kinayəli nəzər salmışdı. Əliylə onu yaxına çağırmışdı. Yaxınlaşmışdı qocaya… Başını əyib qulağını onun ağzına həmdəm eləmişdi. Həmin o dəm qocanın ağzından pıçıltıyla çıxan sözlərlə gözləri qapanmışdı: -Oğul… O evdə gecələmə… Ürəyimə yaman damıb, o evdə cavan yaşamayacaq. Yoxsa, əcəlini qaranlıq gecənin birində o evdə bağrına basacaq… Başını geri çəkmişdi… Qocanın yarıyumulu gözlərində anlaya bilmədiyi qorxu, iztirab, bəlkə də, gözlənilən əzabın ilk işartılarını görmüşdü… Eşitdikləri və gördükləri yetmişdi gecələr bu tərəfə gəlməməyə… Bu gün babasının sözləri ilə o qocanın dediklərini qarşı-qarşıya qoymaq istədi… Bacarmadı… İndi də özlüyündə yeni məntiq qururdu: -O qocanın dediyinə də əməl elədim… Babam da yalan deməz… Öz evimə isinişməliyəm əvvəl-axır… Lap elə bu gün… İndi…. Bu gecə… Avtomobilin qapısını tələsik açıb oturdu. Sükandan bərk-bərk yapışıb dərindən nəfəs aldı… Öz evinə tərəf sürəti artırdı. Elə də uzaq deyildi… Amma, ürəyi tələsdiyindənmi, ya qərarını dəyişəcəyindən qorxduğundanmı,aradakı məsafəni daha da qısaltmaq istəyirdi… Binaya çatmağa bir döngə qalmış hamının o tərəfə qaçdığını gördü, səs-küy içində təcili yardım və yanğınsöndürən maşınlarının serenadasını eşitdi. Avtomobilin əyləcini basın dayandı. Yerə düşüb binaların arasından öz evinə tərəf boylandı… Binadan çıxan qara tüstü indiyədək tanıdığı tüstülərə bənzəmirdi… Üzüyuxarı yox, sanki, dad edirmiş kimi hər tərəfə uzanan alov dilləri heç bir metr qədər deyildi… Qara tüstü isə Xocalıda balasını itirmiş ananın qara şalının yeləni kimi yellənir, gah aşağı, gah yuxarı millənirdi… Başının üstündən keçən helikopterə baxdı… Yanından qaçan 17-18 yaşlı bir oğlanın qolundan yapışdı: -Qaqaş, nəsə olub? –Bilmədi hansı sualı versin….
-Binamız yanır… Binamız… –Oğlan hönkürdü… Yalnız indi qarşısında ağlayan bu oğlanı xatırladı… Onun evindən bir mərtəbə aşağıda yaşayırdılar… İşıq sayğacları yanaşı, məhz onların qapısının yanındaydı… Əllərini başına dayayıb babasının yuxuda açdığı qapını və gözlərini qamaşdıran işığı xatırladı… Başını qaldırıb irəli, işıq gələnə qaçdı… Qaçdı… Binanın qapısına yaxın yerdə adamlar bir-birini itələyir, kimisi yıxılır, kimisi qaçır, kimisi də dayanıb key-key ətrafa baxırdı… Özünü birtəhər qapıya yetirdi… İçəridən guppultuyla qapıdan eşiyə vuran alov onun bədənini sipər olaraq tanımadı… Onun ürəyindən keçib getdi… Üzü küləyə yox… Elə külək istiqamətində…