Adnan-Oktar

İnsanların eqoistlikləri, mənfəətpərəstlikləri, acgözlükləri olmasa, bir-birlərini sevib bir-birlərinə kömək etməyi üstünlük kimi görsələr, dünya indikindən daha fərqli olar. O zaman dünyanın bir hissəsində uşaqlar acından ölərkən, digər hissəsində futbol komandalarına milyardlarla dollar pul xərcləmək məntiqsiz olar. Suriyada, Əfqanıstanda müharibənin  ortasında qalan uşaqlar yerdən çörək qırıntıları topladığı halda, özlərinə qızıldan maşınlar düzəldənlər utanardı. Gəlir bərabərsizliyi, sosial ədalətsizlik olmaz, məzlumların pulunu yeyənlər silinib gedərdi. Lakin sevgisizlik, dünyanı bu qorxunc mənzərəyə aparır. İnsanlar paylaşmaq əvəzinə israf etməyi üstün tutur.

Hazırda dünyada 800 milyon insan ac yaşadığı halda, 1.5 milyard insan ifrat şişmanlıqdan əziyyət çəkir, 1 milyard 300 milyon ton qida israf edilir. Bütün Səhra altı Afrika ölkələrində qida istehsalı 230 milyon tondur. Lakin hər il eyni miqdarda ərzaq inkişaf etmiş ölkələrdə zibilliyə atılır. Buna nümunə kimi Almaniyanı göstərə bilərik… Stutqart Universitetinin apardığı araşdırmaya görə, alman xalqı bir ildə 11 milyon ton ərzağı zibilliyə atır. Bu, bir almanın illik 235 avro dəyərində ərzağı istehlak etmədən israf etməsi mənasına gəlir. Bu rəqəm dünyada 1,5 milyard insanın illik gəlirinə bərəbərdir…

Dünya səviyyəsində israfın həcmi həqiqətən çox böyükdür. Bu gün dünyada istehsal edilən qidanın da 30%-i istehlak edilmədən israf edilir. Yəni istehsal edilən qidanın üçdə biri süfrəyə gəlmədən zibilliyə atılır. ABŞ-da hər il istehsal edilən qidaların 40%-i, Avropada isə  100 milyon ton yemək istehlak edilmir. Hər il israf edilən 1.3 milyard ton qidanın iqtisadi baxımdan dəyəri isə 1 trilyon dollardır.

Bu ürküdücü rəqəmlərin ortaya qoyduğu nəticə isə çox sadədir. Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrin zibilliklərinə atılan qidalar dünyada acından ölən insanların 15 mislini doyuracaq səviyyədədir. Yəni dünyada aclıq və ya qıtlıq problemi yox, sevgisizlik və laqeydlik problemi var. Yəni uşaqlar əslində acından ölmür, dəhşətli sistemin qorxunc nəticəsi olaraq həyatını itirir.

Keçən həftə Fransadan israfla bağlı gözəl xəbər gəldi. Fransa Milli Məclisində qəbul edilən qanuna görə, topdan satışla məşğul olanlar əllərində qalan ərzaq məhsullarını artıq zibilliyə atmayacaq. Satılmamış qidanın istehlak edilə bilməyəcək səviyyəyə gətirilməsi də qadağan edilir. Satılmayıb əldə qalan qida bağışlanmalı, heyvan yemi olaraq və ya gübrə kimi əkinçilikdə istifadə edilməlidir. 400 m2 sahəni əhatə edən supermarketlərə də qida hədiyyə etmək üçün hər hansı bir xeyriyyə təşkilatı ilə müqavilə bağlamaq məcburiyyəti gətirilir.

Fransa adam başına ildə 20-30 kilo ərzaq məhsulunun zibilliyə atıldığı ölkələrdəndir. Bunun 7 kiloqramlıq hissəsini paketi belə açılmadan atılan qidalar təşkil edir. Bu israfın maddi qarşılığı isə 12-20 milyard avro təşkil edir. Bu məbləğin yoxsulluqla mübarizə aparan Afrika ölkəsi üçün nə demək olduğunu isə qeyd etməyə ehtiyac yoxdu. Dolayısilə Fransanın atdığı bu addım başda inkişaf etmiş ölkələr olmaqla hər ölkənin həyata keçirməli olduğu vacib siyasətdir. Supermarketlər israfın ən çox nəzərə çarpdığı yerlərdən biri olduğundan ilk addımın bu sektordan gəlmiş olması çox sevindiricidir. Bu qanunlara riayət etməyənlərin həbs və ya yüksək məbləğdə cərimə edilmələri də çəkindiricilik baxımından əhəmiyyət daşıyır. Güman edirik ki, Fransanın təkliflər paketi başqa vacib maddələri də əhatə edəcək və Fransa bu şəkildə dünyanın israf bəlasının qarşısını almada öncü ölkə olaraq əhəmiyyətli addım atmış olacaq.

Otellər, istirahət mərkəzləri,  restoranlar kimi qida israfının inanılmaz dərəcələrə çatdığı sektorları da xüsusilə qeyd etmək lazımdır. Keyfiyyətli xidmət israf etməyə əsas vermir. Keyfiyyətin israf etmək olduğunu düşünənlər isə çox yanılırlar. Bu, başqalarını nəzərə almayan eqoistlikdən başqa bir şey deyil.

Qurandakı “…Yeyin-için, lakin israf etməyin. Çünki (Allah) israf edənləri sevməz.” (Əraf surəsi, 31) ayəsi ilə israf uca Rəbbimiz tərəfindən qəti şəkildə haram edilməsinə baxmayaraq, bu sahədə həddi aşan İslam ölkələrinin vəziyyəti ayrı bir məqalə mövzusudur. Arzu edərdik ki, israfın qarşısının alınması üçün təşəbbüs israfın haram olduğunu bilən İslam ölkələrindən gəlsin. Arzu edərdik ki, onlar dünyaya nümunə olsun, dünyadakı məzlumlara bu yolla bərəkət gəlsin. Lakin təəssüf ki, dünyadakı olduqca böyük kütlə öz varlığını hər şeydən önəmli görür. Bunun adı isə eqoizmdir.

Bəs görülən tədbirlər israfın qarşısını alır? Tədbirlər əlbəttə ki, çəkindiricilik baxımından təsirli olacaq. Lakin israf bəlasının yer üzündən silinməsi, ancaq insanların eqoizm və acgözlüklərini tərk etmələri ilə mümkün olar. Buna nail olmağın isə bir yolu var: sevgi. Sevgini bilməyən bir insana şəfqəti, qoruyuculuğu, paylaşmağı və paylaşmanın verdiyi xoşbəxtliyi öyrətməyin yolu yoxdur. Başqa diyarlarda və ya qapı qonşusunun acından ölməsi onu heç maraqlandırmayacaq. Dolayısilə dünyanın üz-üzə qaldığı bu aclıq və qıtlıq faciəsinə diqqət çəkmək istəyənlər ilk öncə insanlara sevgini öyrətməklə işə başlamalıdırlar. Dünyada aclıqlan mübarizə aparan qurumlar ilk öncə şəfqətin gözəlliyini insanlara tanıtmalı, sonra onlara yol göstərməlidirlər. Başları öz məşğuliyyətlərinə qarışan, özlərindən başqa demək olar ki, heç nəyə əhəmiyyət verməyən bəzi insanların dünyadakı faciəni görmələrini təmin etməyin başqa yolu yoxdur.

 

Adnan Oktarın «Arab News»də nəşr olunan məqaləsi:

http://www.arabnews.com/columns/news/757576