Ziyadxan Nəbibəyli,
Yazıçı-publisist, t.e.d., professor, Prezident mükafatçısı
Tanrı ilə baş-başa
«Hikmət Məlikzadə dərdi fəlsəfi mənalandırmaya cəlb edən şairdir. Onun poetikası dolğun və məzmunludur».
Əzizə Cəfərzadə
Azərbaycanın Şirvan torpağından süd əmən Hikmət Məlikzadə gəncliyinin ilk illərindən kimliyini ortaya qoymuş bir gərəkli vətəndaşımızdır. O, artıq bir çox həmyaşıdlarını qabaqlamış, Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmiş, Prezident mükafatına layiq görülmüş, öz yaradıcılığı ilə bir çoxlarını, o cümlədən mənim də diqqətimi özünə cəlb etdirə bilmiş fərqli yaradıcıdır, heç kimi təkrarlamır və yeni ideyalar müəllifidir.
Hikmətin əlimdə 2014-cü ildə çapdan çıxmış «Sonsuz iztirabların kölgəliyidi adam» adlı yeni bir şeirlər kitabı var. Kitabda ilk olaraq məşhurların onun haqqında dediyi fikirlərlə üz-üzə qalırsan. Həqiqətləri özündə əks etdirən bu fikirlərdən professor Əzizə xanım Cəfərzadənin iki cümləsini epiloq olaraq seçdim. Əzizə xanım, mənim şəxsi fikirlərimə görə həyatda və yaradıcılıqda çox səmimi insan və səmimi yaradıcı olmuşdur. Bu isə onu əbədiyaşar bir azərbaycanlı ziyalısı edəcəkdir. Həm də Əzizə xanımın fikirləri mənim Hikmət Məlikzadənin bu kitabından bəhs etmək istədiyim bir xəttin tamamlayıcısı, yaxud təsdiqedicisidir.
Kitabda cərəyan edən mövzular, diqqət çəkən məqamlar yetərli olsa da, müəllifin Tanrı ilə təkbətək qalma anları, Ona müraciətləri, tələbi və istəyi məni ovsunladı…
…Göy də bu Yer üçün damdı deyirsən,
Yer, özü dərd dolu camdı deyirsən…
Anadan olandan, tamdı deyirsən,
Adəmdən əvvəl də paraydı dünya.
Oxucuya fikrin çatması çətinlik törətmir. Hər kəsə elə gələ bilər ki, bu sadəlikdə bir köhnəlik də var. Əslində isə yuxarıdakı misralarda kainatı dəyərləndirən ifadələrin düzülüşü həm yenidir, həm də elmin sübut etdiyi bir reallıqdır, bir həqiqətdir.
Hikmətin Tanrı ilə danışığı, Tanrıya müraciəti çox səmimidir, onun keçdiyi yolu keçənlər üçün isə reallıqdır, yaşadıqları həyatdır, bizdən asılı olmayan həyatdır, Tanrıdan Tanrıya giley-güzardır, bəlkə də alın yazısıdır.
…O qədər dedilər aza qane ol,
Ağzımın içini dad çapdı, Tanrı.
Mən abır gözlədim, söz deməsinlər,
Atı özgə mindi, yad çapdı, Tanrı……
Bu fikirlər hər gün yaşadığımız hadisələrin güzgüdə əksidir. Hikmətin dediklərini tərbiyəli, abırlı, həyalı, savadlı, zəkalı insanların əksəriyyəti yaşamışlar, abır gözləmişlər. Lakin abır gözləməyənlər, heç nəyə əhəmiyyət vermədən atı minib çapıblar. Atın əsl sahibləri isə onun ardınca baxmaqdan savayı heç nəyin sahibi olmamışlar.
Müəllifin başqa bir fikri söylədiklərimizin davamı kimi görünsə də, əslində Tanrının özündən özünə bir gileydir:
Libasın dəyişib aləm büsbütün,
Torpağın üstündə axmaqlar artıb.
Hər söz bir silahdı söz anlayana,
Sözə qulp bağlayan çaxmaqlar artıb.
Yəqin ki, bu misraları oxuyan hər bir hörmətli oxucumuz günümüzdə sözə qulp bağlayan çaxmaqlar çoxluğu arasında pərişan olduğumuzu təsdiq edəcəkdir.
Hikmət Məlikzadənin «Sonsuz iztirabların kölgəliyidi adam» adlı silsilə toplusunda tarixən insanların çəkdiyi iztirablar, nifaqlar onun dilində çox cəlbedici olmaqla, həyat həqiqətlərini özündə əks etdirir:
Daş sənin başına, a lotu dünya,
Əvvəlin, axırın gop imiş, demə.
Yazıq Qalileyi yandırıb-yaxdıq,
Kainat yumru bir top imiş, demə.
Hikmətin bu ifadəsi astronomların, astrofiziklərin elmi yaradıcılıqlarının yekunudur. Lakin bu reallığın nəzmə çəkilməsi Hikmət yaradıcılığının fəlsəfi köklərə söykənən dəqiq ifadəsidir. Belə ki, həqiqətən böyük alim, fizik, astronom Qalileyi yerin kürəvi, top şəklində olması və onun fırlanması fikirlərinə görə atəşdə yandırmışlar. Elm bu fikri bir daha təsdiq edəndə isə artıq gec idi və Qaliley faciəsini sağaltmaq mümkün deyildi.
Dünyanın lotu, gop olmasına gəldikdə isə Hikmət bu fikirləri biz insanlara yönəldib. Təəssüflər olsun ki, bu qism insanlar dünyada həmişə çoxluq təşkil etmişlər.
Hikmətin Tanrıya müraciətlərindən birində dyeilir:
İsa: – Mən Haqq oğlu, Allaham – dedi,
Çarmıx ağrısını daddı o kişi.
Şeytan gözlərini yumdu hamının,
Dedilər: – Bəşərə yaddı o kişi.
Müasir insanların əksəriyyəti Hikmətin dediyi kimi, düz sözünə görə İsanın insanlar tərəfindən çarmıxa çəkilməsindən xəbərdardırlar. Amma şair yenə də Tanrıdan Tanrıya şikayət edir. Tanrının bu ədalətsizliyə biganəliyi ilə barışmağı qəbul edə bilmir.
Yaxud:
Beləcə, yan ötdü hamı Allahdan,
Düyünün açdılar, dağıldı dünya.
Nə qədər yatmışdıq, işıq bilirdik,
Ayılıb gördük ki, nağıldı dünya.
Şair Tanrının yaratdığı dünyanın eybəcərliklərini çılpaqlayarkən əslində, insanın bilərəkdən, yaxud bilməyərəkdən etdiyi səhvləri tamlıqla ortaya tökməyin düzgün olmadığını bildirmək məqsədi güdür.
Doğrudan da hər bildiyimizi çılpaqlığı ilə hamıya bəyan etmək bir meyar kimi qəbul edilməməlidir. İnsana, cəmiyyətə, dövlətə, millətə xələl gətirə biləcək bilgilərimizi öz daxilimizdə saxlasaq, daha çox məqsədyönlüdür, qaş düzəltmək əvəzinə göz çıxartmağa yol vermək olmaz.
Belə olduqda:
Leylin mələk olub, Şirin bütdəşir,
Ocağın dağılır, pirin bütdəşir.
Ölün kəfən yırtır, dirin bütdəşir,
Nə sən ağlayırsan, nə mən, a dünya.
Bu müraciət dünyaya ünvanlansa da, onun əsl ünvanı insandır. Bütün bu fikirləri şair insanın mükəmməlləşməsi istəyi ilə qələmə alır. Yetkin insanla uzaq yola çıxmaq fərəh gətirirsə, onun əksi müsibətlər törədir, faciələrlə sonuclanır.
Narahatçılıqla üz-üzə qalan Hikmət söyləyir:
Adəm böyümədi öz boyu qədər,
Adəm ar elədi dəndən, İlahi.
Sən bizi yaratdınq, Sənə oxşayaq,
Sənə oxşamadı bəndən, İlahi!
Ömrünün xeyli hissəsini Tanrı ilə baş-başa yaşayan Hikmət Məlikzadə öz anasına müraciətdə də Tanrı hikmətində israrlıdır:
Az mənim başıma duz çevir, ana,
Sənin inancının irisi dərddir.
Bir-iki xətt çəkib Tanrı, alnıma,
Xəttin biri əzab, birisi dərddir.
Anasına sayğılı olan Hikmət bu ifadələri ilə bir daha doğma anasına və digər analara bildirmək istəyir ki, el demiş, alın yazısı da vardır ki, bunun özü də Tanrı hikmətindən qaynaqlanır. Çox məşəqqətlərə düçar olan şair Tanrının onun alnına çəkdiyi xətlərin əzab və dərd ifadə edən xətlər olduğunu xatırladır, tale ilə barışmağı tövsiyyə edir, həm də mübarizəsindən geri çəkilmir.
Dünya özü boyda bir fırfıradır,
Ölüsü səadət, dirisi dərddir.
Bir-iki xətt çəkib Tanrı, alnıma,
Xəttin biri əzab, birisi dərddir.
Şair Tanrının göndərdiyi müqəddəs bilgilərdən xəbərdar olduğundan, yaxşı anlayır ki, həyat özü keşməkeşlidir. Bu, həyatdan fərqli olaraq əbədiyyata açıq alınla qovuşmaq səadətdir. Dünyanın keşməkeşi ilə yaxından tanış olan şair Hikmət Məlikzadə Tanrı önündə öz üz ağlığını saxlamağa da qadirdir. Deyilənlərlə yanaşı, şair Tanrı kəlamlarını, Tanrı həqiqətlərini mənən öz anası ilə bölüşməyi də unutmur.
Ruhum vardı; rəngigetməz, badamı,
Kim alacaq bundan sonra qadamı?!
Ay bu elin, ay bu evin adamı,
Qurban kəssəz, bir kasalıq qanam, hey
Mənim də bir anam vardı, anam, hey.
Özündə çox dərin həyat rəmzlərini əks etdirən bu misralar onu dərk edən insanların sarı simini tarıma çəkməkdədir. Şairin ruhunun həmişə eyni rəngdə qalması onun kimliyinin təcəssümüdür.
Yaşından asılı olmayaraq anasız qalan hər kəsin həqiqətən qadasın alanı olmayacağı tarixi bir həqiqətdir. Bunu başa düşmək, dərk etmək üçün həmin illəri yaşamaq, dərk eləmək, hifz etmək gərəkdir ki, bu həqiqətləri də Hikmət yaşamışdır.
«Mənim də bir anam vardı…» şeirinin son misrası şairin Tanrı ilə üzbəüz ana savaşıdır. O, Tanrıdan qismətinin qəlp olması ilə razılaşsa da, anasızlıqla barışmaq fikri yoxdur, Tanrıya qarşı üsyana hazırdır:
Hansı üzlə ana deyim, çağlayım?
Bayram gəlib, qapıları bağlayım?!
Gücüm qalmıb ağı deyim, ağlayım,
Bir az ölü, bir az diri canam, hey,
Mənim də bir anam vardı, anam, hey!
Tanrıya öz fəryadını bildirən övlad, ondan heç olmazsa – anasını əlindən almayaydı – fikrində israrlıdır… Onun umu-küsüsü insanla yox, Tanrı ilədir. Odur ki, şair yetmək istədikləri uğrunda Tanrı ilə baş-başadır, ondan üz çevirmək niyyətindən uzaqdır.
Şairə həyatda istəklərinə qovuşmaq yolunda Tanrı uğurları arzulayıram.