11717201_975481055836984_1828794080_n (1)

GÖYYALIM

(Qubadlı rayonunun Göyyal kəndinə həsr olunub)

Ey mənim Cənnət üzlü, Cənnət misallı Göyyalım,
Görmədim səndən özgə, qeyri mahalı Göyyalım.

İlahi qüdrətindən var etmişdir əla səni,
Sərmişdir çöllərinə qeybindən xalı Göyyalım.

Düşməzdi Xıdır Nəbi abi-həyat sevdasına,
Olsaydı Turş suyundan əgər ki, hali Göyyalım.

Nigari Əfəndimiz çün seçmiş Hərtiz dağını,
O da bilmiş ki səni, əhdə vəfalı , Göyyalım.

Qəfil qara buludlar aldı ki, başın üstünü,
El-oban bir-birindən düşdü aralı, Göyyalım.

Yazdırıblar adını şanlı tarix yaddaşına,
Unutma Mütəllimi, Azim, Kamalı, Göyyalım.

Fəxrəddin ümid edir,inşallah, azad edərik,
Yenə dönər qoynuna bütün göyyallı, Göyyalım!

BURAX ÇƏKİM DƏRDİMİ

Gəl yalandan adıma bəxtəvərlik sırıma,
Təzələmə, diz çöküb, mənim köhnə yarama.
Dərdimə şərik olma, kədərimə yarama,
Kiminin dərdi çoxdu, kiminin pul-parası,
Burax çəkim dərdimi, ay zalımın balası.

Əl boyda məmləkətə çəkildi əlli sərhəd,
Bölünüb şəhər-şəhər, parçalandıq kəndbəkənd,
Göyçə, Təbriz, Borçalı, Şuşa, İrəvan, Dərbənd,
Alındı bu diyarın neçə qeyrət qalası,
Burax çəkim dərdimi ay zalımın balası.

Bir qardaşım o tayda batmış dilin ağlayır,
Bir qardaşım bu tayda itmiş elin ağlayır,
Doğranıb tikə-tikə, dilim-dilim ağlayır,
Ağlamaqla ağarmaz üzümüzün qarası,
Burax çəkim dərdimi ay zalımın balası.

Bayquşlar məskən salıb Vətən bildiyim yerdə,
Başıma od ələnir deyib-güldüyüm yerdə,
Görürsən ölürəm, qoy, ölüm öldüyüm yerdə,
Nə bəxtim ağarandı, nə yaram sağalası,
Burax çəkim dərdimi ay zalımın balası.

Yetər tikanlı sözlər, yetər kinli baxışlar,
Vallah bizi nə Allah, nə də Vətən bağışlar,
Gəlin tutaq əl-ələ, ay bacılar, qardaşlar,
Bəlkə onda sağala bu Vətənin yarası,
Burax çəkim dərdimi, ay zalımın balası.