sq

Bir tanışımızın evi dağın başındadır. Ordan baxanda Bakının bütün dalanlarını belə görmək olar. Ora gedib çıxmaq başqa şəhərə gedib çıxmaqdan daha çox vaxt istəyir. Vaxt bir tərəfə qalsın, yolları gedəndə yediyin yemək beş dəqiqəyə həzmə gedir. Deyirlər, Bakının mərkəzindəki tozanaqdan, tüstüdən, çirkabdan, ən əsası, səs- küydən uzaq olmaq lazımdı. Lazımdır lazımdır da.
Orucluq idi. Hətta həmin gecə qədr gecəsiydi. Hər axşam, hətta səhər belə pivə və digər spirtli içkilərdən istifadə edənlər, axşamlar kafedə səhərə qədər oxuyan müğənnilərlə deyib-gülənlər “ bu gün qədr gecəsidir , oyaq qalmalıyıq” deyib süfrə arxasına yığışdılar. Dua oxuyan kim, dindən bilib bilmədi danışan kim. Bu an yadıma bir məsəl düşdü. Bir qadın kişisinə deyir:
-Orucluqda içmək olmaz.
Kişi əvəzində qadına deyir:
-Guya başqa vaxt içmək olar?
-Yox da , indi heç olmaz.
Kişi də etməyib tənbəllik qadına deyir:
-Bilirsən fərq nədədir? Sən yüz il cəhənnəmdə yanacaqsan, mən yüz bir il. Yüzə dözən yüz birə də dözər.
Indi bunlar da bir illərini azaltmaq üçün səhərə qədər oyaq qalacaqdılar. Təbii ki, qala bilsələr. Hərə bir tərəfdə oturub, oturduqları yerdə də mürgü vururdular. Oturuqlu olduqları üçün də oyaq sayılırdılar. Mən isə oruc tutmamışdım, nə də qədr gecəsi oyaq qalmalıyam deyib oturmamışdım. Sadəcə yuxusuzluqdan əziyyət çəkirdim. Bunları belə yuxu üçün inildəyən görəndə yadıma bir əhvalat düşdü.
Novruz bayramı idi. Martın 20 dən 21 nə keçən gecə. Deyirlər il təhvil olan vaxt söyüd ağacı bir dəqiqəlik budaqlarını sallayır və həmin an ağacın yanında olsan, arzu tutursan və arzun həyata keçir. Yenə gündəlik həyatlarında Allahdan uzaq olanlar bu gün arzu tutub Allahdan həyata keçmələrini diləyirdilər. Daha doğrusu, diləmək üçün oyaq qalmışdılar ki, ağaca yetişsinlər, Allah bunları yuxuya vermişdi. Bütün ili yatdıqları üçün heyifsləndilər ki, arzuları həyata keçmədi.
Hələ danışım evlərdən. Evlərin heç birinin hasarı yoxdu. Hamısı da bir -birinə yaxın. Birinin pəncərəsi digərinin eyvanına baxır. Birinin mətbəxi o birinin yataq otağına baxır. Nə isə, demək olar ki, hamısı bir- birinin evində yaşayır. Heç kəs evində xəlvət söz danışa bilməz. Mütləq o biri qonşu eşidir. Qonşunun yataq otağı bunların eyvanına baxır. Bütün gecə ər -arvad nə danışdılarsa, mən açıqca eşitdim. Bütün gələcək planlarını, sirlərini və daha özəllərini eşitdim. Qarşı tərəfdəki qonşu evinə təzə köçüb. Pəncərəsinin pərdəsi də yoxdu. Yan qonşunun səsini eşidirdimsə, onları canlı izləyirdim.
Bir qonşu bişirdiyi yeməkdən bir boşqab o birinə aparır. O biri də qabı boş qaytarmaq olmaz deyib öz bişirdiyindən həmin qonşuya aparır. Hər qonşunun evində də ən azı yarım saat başqa qonşuların söhbəti gedir. Insan öz evində tək qala bilmir. Istədiyin qədər rahat geyinə də bilmirsən ki, indi kimsə gələcək.Diqqətimi də bir şey çəkdi ki, hər kəs də yalnız özünün xeyirxahlığından danışır. Anlayıram, bunlar hamısı xalqımızın mental dəyərlərindən gəlir. Ancaq mən evimə girib , qapını bağlayıb oturmağı daha üstün tuturam.
At fermasından atın qaçıb, həyətə girib, maşının üstünə minib əcaib səslər çıxartması nə, dəmir tordan hazırlanmış hində toyuqların çıxardığı səslər nə, iki pişiyin boğuşmağı nə, çəyirtkələrin ciyiltisi nə. Nə ki nə. Ağcaqanad, mığmığa da qan iyinə gəlmişdilər. Bu da şəhərdən kənar, sakit həyat. Qurban olum Bakının mərkəzinin tozanağına.