ekinci

XIX əsrin ikinci yarısında ədəbi proses təşəkkül tapdı. Kapitalist sənayesinin inkişafı, xüsusilə Bakının iri sənaye mərkəzinə çevrilməsi Ədəbiyyatımızın inkişafına təsir göstərirdi. Elm sahəsində aparılan ardıclı işlər öz bəhrəsini verirdi. Əsası Axundov tərəfindən qoyulan dramaturgiya bu dövrdə də inkişaf edirdi. Axundovdan sonra dram, faciə, tarixi-faciə, alleqorik mənzum dram, vodevil, kiçik məzhəkələr və başqa janrlarda əsərlər yaranırdı. Ənənə və novatorluq dramatik növün başlıca istiqamətini təşkil edirdi. Bu illərdə ədəbi prosesdə nəsr aparıcı mövqe tuturdu. Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının əsərlərində inkişaf tapan nəsr əsərləri getdikcə yeni mənzum və formada özünü göstərməyə başlayır.
Cəlil Məmmədquluzadənin “Danabaş kəndlinin əhvalatı”, Nəriman Nərimanovun “Bahadır və Sona”, Soltan Məcid Qənizadənin “Məktubati Seyid bəy Şirvani”, Əsgər ağa Goranının “Qara yel”, Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” və başqa əsərləri yeni üslub və ideya-məzmun axtarışlarının bəhrəsi idi.
Cəlil Məmmədquluzadə ilk dəfə olaraq Azərbaycan qadınını və kəndlisinin dözülməz şəraitdə yaşamasını göstərir. Müəllif “Danabaş kəndlinin əhvalatı” əsəri ilə Azərbaycan ədəbiyyatına “göz yaşı içində gülüş gətirdi. 70-90-cı illər Azərbaycan ədəbi prosesində həm xalq şeiri, həm də klassik üslubda yaranan poeziya nümunələri diqqəti cəlb edir.30-40-cı illərdə olan satira 70-90-cı illərdə daha da güclənir.Seyid Əzim Şirvani, Mirzə İsmayıl Qasir, Fəqir Ordubadi və başqaları öz əsərləri ilə xalqı elmə çağırırdı.
Bu dövrdə Aşıq Ələsgər, Molla Cuma, Çoban Əfqan xalq poeziyası üslubunda şeirlər yazırlar. Puşkinin, Nekrasovun, Lermontovun, Krılovun əsərləri tərcümə olunub Azərbaycan oxucusuna çatdırlır.Dövrün ədəbi-mədəni inkişafını göstərən mühüm xüsusiyyətlərdən biri də milli mətbuatın yaranması idi.
Həsən bəy Məlikova qədər Azərbaycan dilində milli mətbuat yox idi. Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Həsən bəy ilk təhsilini mollaxanada almış, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır.1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirmişdir.Ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.
Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı.
O zaman Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatımızın yaranması zərurətini doğurdu. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi. Bununla əlaqədar böyük mütəfəkkir İstanbuldan hürufat gətirtdi və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu.1877-ci il sentyabrın 29-a qədər fəaliyyət göstərir. “Əkinçi” qəzeti ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu.Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 nömrəsi çıxmışdır.
“Əkinçi” qəzeti beş əsas şöbəyə bölünürdü: “Daxiliyyə”,“Məktubat”, “Əkin və ziraət xəbərləri”,“Elmi xəbərlər”, “Tazə xəbərlər”.Qəzetin əsas şöbəsi olan “Əkin və ziraət xəbərləri” şöbəsində əkin, maldarlıq, bağ, bostan, kənd təsərrüfatına aid kütləvi elmi məqalələr dərc olunurdu.
“Məktubat” şöbəsində müxtəlif yerlərdən gələn məqalələr dərc olunurdu.Bu məqalələrdə feodal-patriarxal adət və ənənələr tənqid edilərək Rusiyadakı elmin yeni ixtiralarından bəhs olunurdu.
Bu şöbədə gedən məqalələrin əsas müəllifi Əhsənül Qəvaid idi.
“Əkinçi”də Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun məqalələri dərc olunurdu.
“Əkinçi”nin cəsarətli və şiıqlı fikirləri çar hökümət dairələrini, yerli mühafizəkarları qorxuya salırdı.Ona görə də qəzetin fəaliyyətinə mane olmağa çalışırdılar.Qəzetin bağlanmasından daha çox özümüzünkülər əsas rol oynayırdılar.Qəzet bağlandıqdan sonra Səid Ünsizadənin redaktorluğu ilə “Ziya” qəzeti nəşr olundu.1883-cü ildə Cəlil Ünsizadə “Kəşkül” qəzetini nəşr etdirməyə başlayır.Bu qəzetin səhifələrində bədii ədəbiyyata daha çox yer verilirdi.Dünya Ədəbiyyatından tərcümələr çap olunurdu.Bu dövrün ədəbi-mədəni tarixinə nəzər salsaq görərik ki, qabaqcıl ziyalılarımızın qəzet və jurnal çap etdirməyə çar höküməti icazə vermirdi.