Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü
Bankın dördüncü mərtəbəsi
Niyə axı biz həmişə umduğumuzdan küsürük? Kim bilir, bəlkə də bu bizim yeganə xoşbəxtliyimizdir? Axı ən azından küsdüyümüz adamı necə dəyərləndirdiyimizi ölçə bilirik. Biz ondan nə qədər küsürüksə, onu elə o qədər də çox istəyirik…
***
Bank dörd mərtəbəli binada yerləşirdi. Birinci mərtəbəsi ümumi kredit əməliyyatlarının aparılması üçün ayrılmışdı. Xəzinədarın otağı da burada idi. Amma, həmişə xüsusi təhlükəsizlik sistemi ilə qorunurdu. İkinci mərtəbədə bankın direktorunun, müsahibin və təcrübəçilərin otağı yerləşirdi. Üçüncü mərtəbə direktor müavinin ixtiyarında idi tamamilə. Böyük otaqdan kabinet kimi istifadə edir, kiçik otaqda isə namaz qılırdı. Özündən başqa namaz otağına girməyə yalnız xəzinədara icazə verirdi. Axı, o da namaz qılırdı. Dördüncü mərtəbədə isə…
Ceyran məhz bunu bilmirdi. Artıq altı aya yaxın idi ki, anası bu bankda xadimə işləyirdi. Axşam, iş vaxtı bitincə işçilər hamısı evlərinə gedirdi. Tək hallarda mühasib və direktor axıra qalırdı. Gün ərzində bankda aparılan əməliyyatların yekununu hesabat kimi mühasib direktora təqdim edir, az sonra isə onlar da binadan çıxırdılar. Beləcə, bankda iki xadimə, bir qarovulçu qalırdı. Birinci, üçüncü mərtəbələri Ceyranın anası, ikinci, dördüncü mərtəbələri isə Olqa xala təmizləyirdi. Anası rus, atası azərbaycanlı olan bu qadın o qədər nəzakətli və etik normalar çərçivəsində davranırdı ki, Ceyran cəsarətini toplayıb ona dördüncü mərtəbəyə çıxmaq istədiyini deyə bilmirdi…
Anasının təzyiqi qalxan vaxtlarda ona köməyə gələn Ceyran ilk vaxtlar özü yaşda olan, rəsmi geyimli oğlan və qızlardan utanırdı. Amma, zamanla başını aşağı əyməkdənsə vüqarla dik tutmağı öyrəndi. Axı, o, heç bir pis iş görmürdü. Nə olsun ki, əyilib zibil yeşiklərini əlləriylə təmizləyir? Nə olsun ki, lazım gəldikdə kiminsə döşəməyə atıb üstündən ayaqladığı saqqızı dizini yerə qoyub dırnaqlarıyla qazıyır? Əsas odur ki, o alabəzək şalvar geyinmir, makiyaj etmir və yolda heç bir oğlan, nəinki söz atmaq, heç gözünün ucuyla da ona baxmır. Ceyran üçün ləyaqət, yaşam haqqı məhz bu idi…
Bu banka gəlmək axır zamanlar Ceyran üçün bir başqa məna da kəsb edirdi. Üçüncü mərtəbinin pəncərəsindən baxınca üzbəüz evin həyətinin bir parçası görünürdü. Sakitlik olanda o həyətdən elə gözəl, həzin musiqilər eşidilirdi ki… O günü bir mahnı eşitmişdi, sözlərini əzbərləyib internetdə axtarmışdı… Mənsum İbrahimov oxuyurdu:
Niyə məndən gen gəzirsən,
Dolanırsan gennən, ay qız…
Pərişan qəlbimə dəymə,
Küsər könlüm sənnən, ay qız…
Bir də hərdən o həyətin balaca küncündə bir oğlan idman paltarında güllərə su verirdi. Çox vaxt da qırmızı, qolsuz köynəkdə olurdu. Ceyran ilk günlər oğlana elə də əhəmiyyət vermirdi. Ancaq günlər keçdikcə pəncərədən onu seyr etməklə xoşbəxt olduğunu sandı. Onun qara saçları, inamlı hərəkətləri, bir az tələskənliyi Ceyrana maraqlı gəlməyə başlamışdı. Bir dəfə isə onunla küçədə qarşılaşmışdı. Onda anası tək gəlmişdi banka. Burda özünü pis hiss edib zəng vurub Ceyranı çağırmışdı…
Qız yolu qaçaraq gəlmişdi. Bankla yan-yana olan mağazanın önündə yerə bir tikə çörək düşmüşdü. Ceyran yüyürüb çörəyi yerdən qaldırdı. Ancaq bilmədi hara qoysun. Qarşıdakı fontanın kənarına qoyacağını qət etdiyi an arxadan boynuna dəyən nəfəs onu diksindirdi. Çevrilincə həmin oğlanla göz-gözə gəldilər… Qəhvəyi rəngli gözlər hər nə qədər yorğun görünsə də Ceyran bu bəbəklərin dərinliyində bir maraq, hardasa özünə qarşı heyranlıq da duydu… Oğlan əvvəlcə diqqətlə ona baxırdı. Sonra gülümsədi, ardınca da qəhqəhə çəkdi. Gülə-gülə dedi:
-Pişiyin payını niyə götürmüsən?
-Kim? Mən?-Ceyran söz də tapa bilmirdi…
-Əlindəki çörəyi deyirəm, gözəl…
-Mənim əlimdəki?
Elə bil yuxudaydı Ceyran… Yadından çıxmışdı hər şey… Dünyanı başqa rəngdə görürdü sanki… Neçə vaxtdı gizlincə boyuna baxdığı oğlanla üz-üzə gəlmək onu sehrləmişdi. Zaman dayanmışdı… Ceyran üçün dünya bu an qəhvəyi gözlər boyda idi… Daha hansı hissləri yaşamışdı onun ürəyi, bunu izah etməyə hələ də söz tapa bilmirdi.
-Yaxşı, zarafatdı, incimə… Çörəyi qoy yerinə pişik yesin… Bir bax, sənə necə yalvarır…
Ceyran əyilib dibçəyin dibindəki balaca pişiyə baxdı. Çörəyi götürdüyü yerə qoydu. Bayaq pişiyə fikir vermədiyinə görə özünü qəribə hiss etdi. Utancaq bir təbəssüm yanaqlarını qızartdı. Pişiyi tumarladı…
-Bax belə, gözəl… O, sənə “sağ ol” deyir…
Ceyran özündə cəsarət tapmadı ki, onun üzünə baxsın. Elə bil bayaq oğlanın bəbəklərində sehrlənən o deyildi. Ayağa qalxıb cəld bankın qapısından içəri girdi…
O gündən sonra həmişə xəyalında həmin anı canlandırırdı. O sehrləndiyi anı… Həmişə də Məmməd İlqarın şeirini dilinə gətirirdi:
Üz-üzə, göz-gözə sehrlənmişik,
Nə gözəl əl çəkir, nə göz əl çəkir.
Demək, şair “üz-üzə, göz-gözə sehrlənmişik” deyəndə məhz o anı anladırdı. Ardınca düşünürdü ki, görəsən, o oğlan da sehri duymuşdumu? Duymuşdusa niyə o da utanmadı? Niyə onun da nitqi kəsilmədi? Cavabsız sualların ünvanını da tapa bilmirdi Ceyran…
…Bu gün də həmişəki kimi həyətin kiçik küncünü seyr edirdi. Nədənsə, oğlan görünmürdü. Qız darıxırdı elə bil. Birdən beyninə gələn fikrə sevindi. Əgər dördüncü mərtəbəyə çıxsa həyəti bütün görə bilər. Pilləkənlərə tərəf qaçdı. Olqa xala ikinci mərtəbənin dəhlizini silirdi. Gözləriylə anasını gəzdi. Mətbəxdə qaz plitəsini təmizləyirdi. Pillələrlə yuxarı çıxdı. Dördüncü mərtəbədə otaqlar bomboş idi. Təkcə dəhlizdə qırıq stullar qalaqlanmışdı. Yeridikcə ayaq izləri tozun üstünə muncuq kimi düzülürdü. Ceyranın ağlına qəribə bir düşüncə kökləndi:
-Demək, Olqa xala buranı tez-tez təmizləmir. Heç kim yoxdu deyə ehtiyac da olmur. Amma, anam hər gün gərək birincini də, üçüncünü də təmizləsin…
Pəncərəyə çatanda hər şey yadından çıxdı. Həyət buradan tam görünürdü… Oğlan yay yelləncəyində oturmuşdu. Uzun, qara saçları olan bir qız isə başını onun dizi üstə qoyub uzanmışdı. Oğlan onun saçlarıyla oynayırdı. Elə xoşbəxtcəsinə gülümsəyirdi ki…
Ceyranın gözləri dolmuşdu. İçindəki sualların cavabını tapmışdı. Onda, “üz-üzə”, “göz-gözə” gəldikləri vaxt oğlan sehrlənməmişdi. Onun bütün sirri, sehri üzünə baxıb sevinclə gülümsədiyi qızda idi… Ceyran ağlayırdı.. Səssizcə… Dodaqlarını bir-birinə sıxmışdı… Axı istəmirdi ki, o oğlanın həyatında başqa bir qız olsun… İstəmirdi ki, o qəhvəyi gözlər başqa qıza baxsın… Ceyran bunları istəmirdi…
-Ceyran… Namaz otağını sildin?
Anasının səsi boş otaqlarda əks-səda verdi. Bayaq asta-asta yeridiyi dəhlizdə az qala qaçırdı. Toz havaya qalxırdı… Pillələri də qaçaraq endi. Anası dəhlizdə dayanmışdı. Üzündən peşmanlıq oxunurdu. Həmişə anasının üzündəki bu ifadəni Ceyran belə yozurdu:
-Neynim, qızım? İşləməyək, bəs neyniyək?
Bu dəfə isə halı o hal deyildi. İndi onun xəyal dünyası xarabalığa dönmüşdü… Döşəməsilən ağacı götürüb namaz otağına cumdu. O qədər tez-tez işləyirdi ki, yarım saata hər iki mərtəbəni təmizləyib qurtarmışdılar. Anası onun doluxsunmasına başqa məna vermişdi:
-Ay mənim qara qızım, yaxşıyam ta…
Qızının onun sözlərinə fikir verməməsini görüb bir sual da vermişdi:
-Məqalən çıxdımı qəzetdə? Şəklini də vermisənmi?
Ceyran həvəssiz dilləndi:
-Həminki şəkildi…
Qapıdan çıxanda da anası Ceyranın üzünə həmin peşman nəzərlərlə baxdı:
-Evə get…
-Yox, zibilləri mən atacam-deyib zibil yığdıqları torbaları götürdü. Tələsə-tələsə tini dönüb zibil yeşiyinə tərəf getdi. Torbalar ağır idi. Yerə qoyub nəfəsini dərdi. Hələ 10-15 m vardı zibil yeşiklərinə çatmağa.
-Ooo… Gözəl, indi də küçə pişiklərinə pay gətirmisən?
Ceyran həyəcandan titrədi. Yox, bu dəfə arxaya dönüb sehrlənməyəcək.
-Yaxşı, qoy mən də savaba batım sayəndə-oğlan torbaları götürüb zibil yeşiklərinə tərəf apardı. Ceyran tərpənmirdi. Oğlan zibilləri atıb geri döndü. Hələ yanına çatmamış Ceyrana dedi:
-Göəzl, get, anan gözləyir axı… Sən yaxşı qızsan, çox istəyirəm səni… Ağır yükün olanda xəbər elə, savaba batım. Yaxşımı?
Yanına çatanda Ceyranın saçını azca dartdı, gülümsündü:
-Ya çox qocasan, ya da hələ böyüməmisən… Hansı dünyanın adamısan? Gəl gedək…
Ceyran dinməzcə ağır-ağır addımladı. Tində oğlan sağa döndü. Qız ixtiyarsız az qala qışqırdı:
-Adınız nədi?
Oğlan geri döndü:
-Mənim? Xəyaldı, ay canım-gözüm… Bax, bu evdə qalırıq. Xanımımın adı Pərvazdı. Balaca bir qızımız da var, qıvrımsaçlı… Haçan istəsən gəl oyna onunla. Onsuz da dayə axtarırıq…
Yenə gülümsündü… Əl eləyib həyətlərinə girdi. Ceyran elə bil boşluqdaydı. Beynində yalnız “Xəyal” sözü təkrarlanırdı…
-Axı, xəyal heç vaxt real olmaz…
Anası bankın qapısı ağzında onu gözləyirdi. Ceyran anasının qabarlı əllərini əlinə aldı, üzünə sürtdü, saçlarında gəzdirdi. Anasına şəfqətlə baxdı, dedi:
-Bankın dördüncü mərtəbəsində heç nə yoxdur…Heç nə…
***
Görəsən, biz ummasaq küsə bilərikmi? Bəs niyə umduğumuz adam həmişə uzaqda olur? Dərdini çəkdiyimiz dərdbilməzimiz olur? Həmişə, həmişə belə olub… Qəlbimizə ən yaxın bildiyimizdən gündə on dəfə küsmüşük… Çünki, gündə on dəfə ondan ummuşuq… Yalnız ondan…