19-cu əsrin ortalarında din və elm bir-birinin ayrılmaz parçası idi və heç kəs birini digərindən ayırmağa təşəbbüs də göstərə bilməzdi.
Ateizmin pionerlərindən- Darvin
19-cu əsrin ortalarında din və elm bir-birinin ayrılmaz parçası idi və heç kəs birini digərindən ayırmağa təşəbbüs də göstərə bilməzdi. Bu dövrlər ateizm üçün ən uğursuz vaxtlar sayıla bilərdi və dövrün Riçard Ouen, Qreqor Mendel, Tomas U. Cons, Lui Paster kimi elm adamlarının hamısı öz böyük nailiyyətlərilə birgə, həm də dinə bağlılıqları ilə məşhur idilər. Belə bir dövrdə, əslində, heç bir elmi dərəcəsi olmayan Çarlz Darvin adlı həvəskar bir səyyah ortaya çıxarıldı. O, 20-ci əsrin ateizm pandemiyasına öndərlik edəcəkdi.
Doğrudur, Deni Didro və Holbax kimi materialistlərin orta əsrlərdəki ateizm yönümlü fəaliyyətlərini görməzdən gəlmək olmaz, lakin Darvinə qədər ateizm “elmi təməl”dən məhrum qalmağa davam etmiş, fəlsəfi çərçivədən kənara sıza bilməmişdi. Maraqlıdır ki, adını çəkdiyim ateistlərin müasiri olmuş Erazm Darvin isə daha orijinal bir fikrə- ilk ibtidai “təkamül” düşüncələrinə müəlliflik etmişdi, bu irsi sonradan öz nəvəsinə- Çarlz Robert Darvinə ötürəcəkdi. Darvin isə bu ailə mirasına elə hərisliklə sahib çıxdı ki, artıq elm dünyası ateizmlə, könülsüz də olsa, tanış olmağa məcbur idi…
Darvinə və Darvindən də uzun bir müddət sonraya qədər kainat sonsuz hesab edilirdi və heç bir materialist “kainatı kim yaradıb?” sualını soruşmağa nəfəs də hədər etmək istəməzdi. Lakin canlı aləm- bitkilər, heyvanlar, gözlə görülməz bakteriyalar və tarixdə yaşamış əzəmətli canlılar üçün eyni düşüncəni yürütməz olmazdı. Onların bir başlanğıcı var idi və bu başlanğıc üçün yeganə- həm fəlsəfi, həm məntiqi, həm də elmi cəhətdən yeganə açıqlama Yaradılış idi. Materialistlər isə canlıların yaradılışı mövzusunu narahat bir susqunluqla “cavablayırdılar”. Ateizm üçün belə acınacaqlı olan bir mühitdə Darvinin “Növlərin Mənşəyi” kitabının çapı onlar üçün yeni bir “miladi təqvim”in başlanğıcı oldu… Hal-hazırda dünyada “ateizmin dörd atlısı”ndan birincisi sayılan Riçard Dokinz bu miladın başlağıcını həyəcanla qeyd edir: “Darvin intellektual səviyyədə qane olmuş bir ateist olmağa imkan yaratdı”. “Növlərin Mənşəyi” kitabından öncə ateist olmaq çox çətin idi”,- başqa bir reportajında Dokinz xüsusilə vurğulayır.
Məqaləni qələmə almazdan öncə uzun müddətdir araşdırdığım bu mövzunu daha da şaxələndirməyə qərar verdim və bir sıra mənbələri daha gözdən keçirdim. Müşahidələrim bundan ibarətdir ki, sən demə, bu sahəni araşdıran filosofların, din xadimlərinin və elm adamlarının ürəkləri dolu imiş. Hamısının yekdilliklə şikayətləndiyi bir nöqtə darvinizmin elm-əsaslı deyil, materializm-əsaslı olmasıdır. Yəni darvinizmi doğuran səbəblər heç də təbiətin qanunları və bu qanunlara əsaslanan müşahidə və təcrübələr deyildi. Darvinizm materializm kürsüsü üzərinə qoyulmuş simvolik bir suvenirə bənzəyirdi. Əlbəttə, axı elə Darvinin müəllimi olmuş məşhur elm xadimi Adam Secvik hələ illər öncəsindən bizi agah etmişdi ki, darvinizm elm deyildir, “soyuq ateist və materialist” fəlsəfə üzərində qurulmuşdur. Sözügedən yazıçıların şikayətləndiyi ikinci bir nöqtə isə Darvinin öz dinsizliyini məharətlə gizlətmiş olmasıydı.
Maraqlıdır ki, Darvin təkamül nəzəriyyəsini ilk ortaya atdığı zaman, mahiyyət etibarilə, dini mövzulara yanaşmamaqla bərabər kitab və məktublarında “Yaradıcı” və “Tanrı”dan da bəhs edir. Halbuki bunun sadəcə və sadəcə bir kamuflyaj metodu olduğu bəlli idi. Darvin gənc yaşlarından etibarən Yaradıcımızın varlığına inanmamış, lakin ailəsidən və ətrafından əks-reaksiya görməmək üçün ateist fikirlərini özünə saxlamışdı. Araşdırmaçılara əsasən, Darvinin öz inancsızlığını gizlətməsinin iki başlıca səbəbi var idi. Birincisi, Darvin öz çevrəsini incitməmək, xüsusilə də, həyat yoldaşı və dindar xristian olan Emmanın hisslərinə toxunmamaq üçün bu yolu seçmişdi. Darvinlə evləndikdən qısa müddət sonra onun inancsız olduğunu öyrənən Emma necə məyus olduğunu və “Çarlzla sonsuza qədər birlikdə olmayacağı”na görə necə bədbəxt olduğunu yazırdı.
Şübhə yoxdur ki, Emma Darvinin “dindarlaşmasına” təsir göstərmişdi. Lakin Darvinin Allahdan bəhs etməsinə təsir edən ən əsas ikinci faktor var idi. Darvin öz dövründəki bir çox materialistin tənqidlərə necə tuş gəldiklərini bilirdi. Bunlardan biri 1844-cü ildə təkamül haqqında kitabı nəşr olunmuş Robert Çembers idi ki, hətta sözügedən kitabında dəfələrlə “Tanrı”dan bəhs etməsinə baxmayaraq, kütləvi şəkildə tənqidə uğramış və bir materialist kimi qələmə verilmişdi. Darvin isə mübahisələri və tənqidləri sevməzdi. Çembersin kitabından qat-qat materialist olan öz kitabının gələcək nəşrlərini xilas etmək üçün inanmadığı Tanrını da öz nəzəriyyəsi ilə uzlaşdırmalı oldu. Darvinin sadəcə ətrafından reaksiya toplamamaq üçün ateist görüşlərini gizlətdiyini neodarvinizmin qurucularından olan məşhur təkamülçü Ernst Meyr belə dilə gətirir:
“Darvinin 1836-39-cu illərdə, Maltusun yazılarını oxumazdan öncə inancını itirdiyi aşkardır. Dostlarının və arvadının hisslərinə toxunmamaq üçün nəşrlərində daha çox Allahın varlığına inanan üslubdan istifadə etmişdir. Lakin qeyd dəftərçəsindəki ifadələrin bir çoxu materialist olduğuna işarə edir”.
Elə bu ifadələrdən birini də Darvinin 1876-cı il tarixli məktublarından birində asanlıqla görmək olar:
“Mən “Allahsız” adlandırılmağa layiqəm. Bu nəticə, xatırladığım qədərilə, “Növlərin Mənşəyi”ni yazdığım vaxt beynimdə özünə güclü şəkildə yer tapmağa başladı”.
Gördüyümüz kimi, rəsmi və publisistik pərdəni qaldırıb Darvinin şəxsi görüş bucağına nəzər saldığımız zaman, bəzilərinin göstərmək istədiyinin əksinə, Darvinin dinlə yaxından-uzaqdan əlaqəli olmadığı görünür. Hətta daha da səmimi olduğu və çəkinmədiyi dostlarıyla ünsiyyətdə olarkən öz “Növlərin Mənşəyi” kitabına “şeytanın İncili” deyə xitab edir, təbii seçmə prosesini də “mənim ilahım” adlandırardı. Bu gün Darvinin sanki inanclı imiş kimi göstərilməsinin yeganə səbəbi isə təkamül nəzəriyyəsini geniş xalq kütlələrinə, xüsusilə də, Şərqə qəbul etdirmək siyasətindən başqa bir şey deyil.
Əslində, Darvinin inancsızlığı özünü hər cəhətdən büruzə verir: “Növlərin Mənşəyi”nə qədər sanki yuxu rejimində olan materialistlər kitabın çapından sonra həyəcanla oyandılar. Marks, Engels, Nitsşe, Freyd kimi darvinistlər hamısı 20-ci əsr ateizminə təkan vermiş adlar arasında sayıla bilər. Kommunist diktatorlardan milyonlarla insanın qanı əllərində olan Stalin, Lenin və Mao kimi ateistlər də Darvinə və təkamül nəzəriyyəsinə heyranlıqlarını hər fürsətdə dilə gətirərdilər. Elə adı sadalanan və uzun siyahısı tutula biləcək şəxslər idi ki, 20-ci əsrdə müharibələrə, kütləvi qətliamlara, əxlaqi degenerasiyaya, irqçilik və istismar siyasətinə, qadınların aşağı sinif kimi qəbul edilməsinə dair “nəzəriyyə və metodologiya”larını irəli sürərkən Darvindən miras aldıqları “güclülərin zəifləri əzməsi” şüarını əllərində bayraq etmişdilər.
Ələlxüsus, sosial darvinizm adı altında tətbiq edilən “praktiki darvinizm” neçə-neçə xalqların istismarına, zəncilərin, türklərin və ümumiyyətlə, qərbli olmayanların aşağı irq kimi qəbul edilməsinə, xəstə və şikəstlərin sıradan çıxarılmasına və hələ pərdə arxasında duran, tarixə əks olunmuş və olunmamış nə cür vəhşiliklərə birbaşa səbəbkar oldu.
Dinin bəşəriyyətə aşıladığı “şərəfli insan” həqiqətindən uzaqlaşıb insanı öz istəklərini təmin etmək üçün mübarizə aparan eqoist heyvan növünə çevirən bu ideologiyaya təslim olmuş cəmiyyətlər elə bu günə qədər təslimiyyətlərinin əziyyətini çəkməkdədirlər. Səbəbini isə özü də təkamülçü olan Uilyam Pruvayn belə etiraf edir:
Darvinizm beş nəticəyə gətirir və bunları Darvinin özü də yaxşı bilirdi: 1) Heç bir tanrının varlığına ehtiyac yoxdur; 2) Ölümdən sonra həyat yoxdur; 3) Əxlaqi dəyərlərin heç bir mütləq təməli yoxdur; 4) Həyatın heç bir mütləq mənası yoxdur; 5) İnsanın azad iradəsi yoxdur.
Belə bir fikir sisteminin məngənəsində qalmış xalqın hər cür milli-mənəvi dəyərləri məcburən tərk edəcəyi açıqdır. Bundan ötrü də, milli-mənəvi dəyərlərin və əxlaq normalarının qorunub-saxlanması üçün təkamül nəzəriyyəsinin təhsili və təbliğatı yolverilməzdir. Bura qədər incələdiyimiz, məhdud sayda detala və sitatlara yer ayıra bildiyimiz həqiqətlər göstərir ki, Darvin də, darvinizm də bu gün bizə “bəzədilərək” göstərildiyindən çox fərqlidir. Xalqın və xalqı məlumatlandıran kütləvi informasiya vasitələrinin də bundan agah və buna qarşı ayıq-sayıq olması gərəkdir.
Rafət Əlizadə