Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Ruh ucalığı metahissi düşüncələrdə bir qədər əksçevrilmə ilə müşahidə olunur. Fikri-hissiyyatlara hopmuş metafizik anlayışlarda isə çevrilmə prosesi ruha təcəlladan qaynaq götürür. Zənnimizcə, insan ömrünün ruh ucalığına dəlalət edən ictimai hissi-əksfikirlilik də məhz elə bu ziddiyyətdən sıçrayır. Düşünürük ki, həyati çevrilmədə özünün insan yerini tapmağa müvəffəq olan qələm dostumuz Sahib Abdullayev ruhi ucalığa istiqamətlənən təfəkkürlə ruhdan sıçrayan həyat israrlı yanaşmalara fərqli-fərqli baxış sərgiləyir. Onun şair-publisist Əli Rza Xələflinin redaktorluğu ilə 2013-cü ildə «Təknur» nəşriyyatında işıq üzü görmüş «Çarmıxa çəkilmiş ruhların harayı» poemasında biz bu periodik yanaşmanı aydın müşahidə edə bilirik. Başlanğıc olaraq deyək ki, özündə ictimai-fəlsəfi həyat zərurətləri kəsb edən bu poemada Qarabağ savaşının cəngavərlərindən biri – şəhid Fuad Qərib oğlu Əsədovun qəhrəmanlıq yanğısı əks olunur. Və müəllif məhz Baş Obrazının ruhi ucalığından metafizik yanaşmalara keçid edərək ziddiyyət doğuran fikirlilikdən zərurət kimi görünən baxışlara uyğun cığır açır… Bəlkə də bu səbəbə metahissi səciyyədə ömür reallığını həyat qayəsi kimi təsvir edən Əli Rza Xələfli kitaba yazdığı «Ruhların çağırış səsi» başlıqlı ön sözdə Sahib Abdullayevin şairlik çevrəsinə modern yanaşması ilə diqqət çəkir, onun adıçəkilən əsərini həyəcan və təəssüratların məcmusu adlandırır.
Bəllidir ki, tarixi əsasları özündə ehtiva edən fikri-hissiyyatlar bəzən modern-ictimai məğzləri ilə fərqli xarakterlər kəsb edir. Zamana xas prosesləri də bu fərqlə təsbit etmək olur. Neçə əsrlərdir tarixi köklərdən sıyrılaraq xalq yaddaşında möhkəm yer tutan zəruri ədəbi təsnifatları da bu qaynaqla xarakterizə etmək mümkündür. Bəlkə də buna görə yaradıcılıqlarında filoloji araşdırmalara, əhatəli ədəbi-bədii, poetik tədqiqat işlərinə geniş yer ayıranlar tarixi modulyasiya və ənənəvi təsnifi səciyyələri özlərinin bədii təxəyyülləri ilə paralel şəkildə əks etdirir, toxunduqları mövzuları səciyyəvi cəhətlərinə görə hissolunan fərqli əlamətlərə ayırırlar. Bu, bir qədər yaxşı haldır; əslində, tədqiqatçının hadisə və mövzuya fərqli yanaşması, onun ədəbi-filoloji araşdırmalar zamanı şəxsi fikir və mülahizələrə əsaslanması, üstəlik, əvvəlki araşdırmalara yeni yanaşmalar etməsi ədəbiyyatın inkişafını sürətləndirir, yeni baxış və müdaxilələrin müasir xarakterini açır və ədəbi müstəvilərdə modern ənənəçiliyin yaranması zərurət doğurur. Düşünürük ki, istedadlı şair Sahib Abdullayev də ənənəçi xarakterlərə modern yanaşan, toxunduğu mövzuda yeni ədəbi ovqatlara söykənən və ən əsası ictimai diqqətə cəlb etdiyi mövzuya əvvəlkilərdən fərqli müdaxilə etməyə özündə maraq oyadan qələm sahiblərindəndir.
Maraqlıdır ki, poemanın əsas süjet xəttində dayanıqlı ruh qavramaları və tarixi çarpazlaşma durur. Müəllif bu prosesləri təkcə bir kodeks kimi oxucuya çatdırmır, eləcə də əsərin poetikası, qəhrəmanının davranış xüsusiyyətləri, döyüşdüyü məkanın coğrafi strukturunu dəqiq əsaslarla poetik səciyyədə əks etdirib.
Xatırladaq ki, «Ruhların çağırış səsi» adlı ön sözdə Əli Rza Xələfli «Çarmıxa çəkilmiş ruhların harayı» poemasının xarakteristikasını açmağa müvəffəq olub. Maraq doğuran haldır ki, o, poemada cərəyan edən ictimai məğzlərə bir istiqlal çək-çevirməsi kimi baxış sərgiləyib və bu prosesi Sahib müəllimin qələmində şəhid xatirələri kimi əks etdirib, həmçinin zaman-zaman hissəvi, zərrəvi ölümlərə məhkum İNSANın – bu timsalda şəhid Fuadın qəhrəmanlıq səciyyəsini iztirabdan, həyəcan və təəssüratdan keçən zərurət hesab edib. Və bundan da belə bir nəticə çıxarıb ki, əbədiyaşarlığı təmin edən həyat uyğunluqları bəzən zəruri əksçevrilmələrdə elə zərrəvi ölüm kimidir – o ölüm ki, onun fəzasında Fuad və minlərlə Fuadlar ruha çevrilib.
Əli Rza Xələflinin poemaya verdiyi təhlil-xarakteristika istər-istəməz bir ox kimi ruhumuza sancılır. Məhz biz də bu ehtişamın uğuruna keçid edərək əsərin poetik-ictimai səciyyəsi barədə düşüncəmizdə var-gəl edənləri oxucu qarşısına qoymağa çalışırıq. Səmimi deyək ki, ruhi təcəllada qərarlaşa bilmək bir proses kimi uzun illərdir çək-çevir doğurur. Özündə ruha bağlılığın həyat kodekslərini fakt kimi sübut etmək anlamı kəsb edən metafizik yanaşmalarda fərqli baxış və təfəkkürlər müxtəlif müzakirələr açır. «Çarmıxa çəkilmiş ruhların harayı» əsərində bu anlaşılmazlıq müəyyən mənada uyğunfikirlilik yaradır və poetik-ictimai təsnifata köklənir.
…Məhəbbət adlı bir Günəş vardı
Fuadın içində.
Çox şeyə imza atardı,
vurardı öz möhrünü
o məhəbbət sayəsində.
Fuad bir dünya qurardı
ömür vəfa eyləsəydi…
Hadisə və mövzunun konkret şərhi poetik yanaşmada da real obraz kimi özünü qabartmalıdır. Sahib müəllimin ağrı saçan, fəryad qoparan, ətrafa yanğı, çınqı səpən poemasında Baş Obrazın – Fuadın zamana uyğunluq aurası, savaş və qəhrəmanlığın təşəkkül xüsusiyyətləri, həyatın ictimai-mədəni vəziyyətləri müəyyən qədər konkret zəminlərlə açılır. Əsərin təkamül gedişatlara fərqli-uyğun yanaşması qəhrəmanın sinfi kodekslərə tam oturduğunu təsbit edir. Bu, həm də poemanın ədəbi qaydalarını və mahiyyə qatını müəyyənləşdirir.
Poemada bir həyati yanaşma kimi ictimai-fəlsəfi zərurətlərlə ehtiva edən ruh və dayanıqlıq qəti şəkildə Azərbaycan faktoruna əsaslanır. Bu mənada Fuadın metafizik və zərurətdən doğan döyüşçü bacarığı mifik təəssüratlar yığını deyil.
İlahi, bu qədər ruh yaxınlığı,
Fikrin, düşüncənin doğmalığı,
Haradan qaynaqlanır?
Haradan gəlir?
Yəqin bunu ancaq
Yaradan bilir.
Özündə yenilikçi-modern ənənələrə yer ayırdığından bu əsərin yazı strukturu, ruh anlayışları min illərin qəhrəmanlıq formatına hesablanır. Sevindirici haldır ki əsərdə uyğunsuzluğa, aşınmalara və təkrarçı fikrə rast gəlmirik. Müəllif Baş Obrazını oxucusuna ümumAzərbaycan formatında təqdim edir, onun bədii ümumiləşmədə şəhidlik yükünü, bu yükün ictimai əsaslarını fərqli ənənədə birləşdirir.
Bir daha vurğulamaq istəyirik ki, «Çarmıxa çəkilmiş ruhların harayı» əsərindəki mənsubolma gerçək poetik qata daha çox uyğun gəlir. Buradakı ictimai baxışların təsnifi modulyasiyalarını zamana xas dünyabaxışları ilə də xarakterizə etmək olar, lakin özündə yüz illərin milli heysiyyətini birləşdirən qəhrəmanlıq qaynağında ruh qavrayışları, dəyanət, dayanıqlıq, milli kökə bağlılıq və s. bizim tarixi proseslərimizi əks etdirir. Bu mənada Sahib müəllimin yeni kitabını daxili çək-çevirmələrimizi düzgün mənimsəmək baxımından uğurlu toplulardan hesab etmək olar. Kitab haqqında ətraflı fikir mübadiləsi aparmağa ehtiyac yoxdur. Çünki müəllif kitab boyu mümkün təsnifatlara uyğun poetik fikir formalaşdırıb, əsər boyu qəhrəmanlıq dastanı və tarix, ruhi-yaddaş və mənəvi dayanıqlıq kodeksləri fonunda inandırıcı fikirlər sıralayıb. Bu da bəhs etdiyimiz əsərə və onun dəyərli müəllifinə oxucu rəğbəti artırır. Bunun üçün Sahib müəllimi alqışlayırıq.