TƏRANƏ TURAN RƏHİMLİ,
şair-araşdırmaçı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
SƏSİ UZAQLARDAN GƏLƏN, UZAQLARA GEDƏN ŞAİR
Akif Səməd 80-ci illər ədəbi nəslinə mənsub şairdir, daha obrazlı desək, milli ədəbiyyatımızda bəxti gətirməyən, “itirilmiş” daha bir ədəbi nəslin nümayəndəsidir. Cəmiyyətin, ictimai quruluşun fövqəladə natarazlığının, bu natarazlıqdan doğan laqeyd münasibətin onun ədəbi taleyindəki izləri də təkcə Akif Səmədin şair taleyinə aid deyil, bütövlükdə 80-cilərin “alın yazısı”dır. Və bu dəfə özünəqədərki və özündənsonrakı ədəbi nəsillərdən fərqli olaraq nədən “itirildiyini” bilməyən, buna hərhansı tutarlı bir səbəblə bəraət (bəlkə də bəhanə deyilməlidi) qazandırmaqda çətinlik çəkən, beyni suallarla dopdolu bu ədəbi nəsil – 80-cilər nə özündən xeyli əvvəlki 20-30-cu illər ədəbi nəsli kimi repressiya qədər ağır, faciəvi bir vəziyyət üzündən “itirilmişdi”, nə də özündən az sonrakı 90-cılar kimi Qarabağ müharibəsi, “keçid dövrü” girdabında əriyiub-itmişdi. 80-cilər sovet imperiyasının yenidənqurma fırtınasında başını itirmiş cəmiyyətin laqeydliyinin qurbanına çevrildi. Cəmiyyət bu ədəbi nəslə layiq olduqlarını verə bilmədiyi üçün uzun müddət onları “gənc” adlandırmağa belə məcbur oldu. 90-cı illərin sonlarında Akif Səmədin dilindən eşitdiyim “Qorxuram həştadımızda da bizə “gənc şair” deyələr” ironiyasının özündə də bu ədəbi nəslin daha “gənc” olmaqdan bezdiyini, bu “gənc” adı altında ədəbi prosesdəki yerinin, mövqeyinin dürüst dəyərləndirilmədiyini, “gənc şair” adlanmağın layiq olduqlarını cəmiyyətdən almaq yolunda bir maneəyə çevrildiyini görmək çətin deyildi.
Lakin bütün bunlara baxmayaraq bu ədəbi nəslin öz yolu vardı və heç nəyə fikir vermədən bu yolda inadla addımlayırdı. Bəzən ruhdan düşürdü, dünyadan küsürdü, onu qınayır, hətta qarğıyırdı, bəzən “Dünya sənin nəyindi ki?!” deyə onu özgə, yad bilirdi, amma yenə də yoluna davam edirdi. Akif Səməd belə bir mətin və inadcıl bir ədəbi nəslin təmsilçisi idi. Akif Səmədin yaradıcılıq yolunu vərəqləmək, ədəbi fəaliyyətinin səhifələrinə nəzər salmaq həm də bütövlükdə 80-cilərin sənətkar əzmi, yazıb-yaratmaq eşqinin mənbəyi, söz sənətinə sevgi və ehtiramının dərəcəsi, ölçüsü haqqında dolğun təsəvvür yaradır.
Akif Səmədə görə “şeir dərddir”, dərd söz olanda, sözə çevriləndə daha qiymətlidir, amma yenə də sözün, şeirin məqamı nə qədər uca olsa da, dərd sözdən daha ağırdır:
“Naz eləmə, sözlü dərviş”,
Söz adama dərd yedirdər.
Dərd var bayatı dedirdər,
Dərd var söz eləmək olmur.
Akif Səməd üçün şeir “yarın yaxasız köynəyinə gedən yoldur”, şair şeir yazmır, “bir qarışqa yuvasına dən daşıyır”, şair “ölüb-dirilir”, öz “canını ağlayır”, gah “dərdini bölür”, gah “dərdinə gülür”. O, “Qardaş, mən şeir yazmıram” – deyəndə də bir tərəfdən şairliyin ağrı-acısını, çətinliklərini dilə gətirirsə, digər tərəfdən “Şair Vaqifdi, vallah” deyə bir sənətkar kimi sonsuz təvazökarlığını biruzə verir.
Onun şeirə, sənətə özünəməxsus, orijinal sənətkar münasibəti vardı. Bu münasibət şairliyin təmənnasızlığından, şeirin, sənətin bütün təbii qaynaqlar kimi heç bir təmənna gözləmədən yarandığından xəbər verirdi. Əməkdaşı olduğu “Mərhəmət” jurnalının 2 iyul 1991-ci il sayında dərc olunmuş şeirlərinə yazdığı təqdim sözündə də bir daha buna işarə edir, şairliyin təmənnasız bir sənət olduğunu vurğulayırdı: “Bulaq öz-özünə gümüldənir, ona görəmi ki, qulaq asan var?! Çiçək açılır, ətir saçır, ona görəmi ki, dərən var, qoxlayan var?! Yox, yox, yox… Mən də eləcə… Şeir ha yazmıram, dərdimi pıçıldayıram öz-özümə., canımı ağlayıram. Çap edən də sağ olsun, etməyən də. Oxuyan da sağ olsun, oxumayan da. Diinləyən də, dinləməyən də…”
Akif Səməd barədə dəfələrlə “sufi şair”, “Haqq şairi” ifadələri işlədilib. Şairi Azərbaycan ənənəvi şeirinin ən layiqli davamçılarından biri hesab edən ədəbiyyatşünas və tənqidçilər onun yaradıcılığında sufizmin dərin izlərini görüblər. Sufilik Akif Səməd şeirlərində güclü, iti dərd axınının içindən bir işıq seli kimi süzülüb keçir, şairin lirik qəhrəmanı dərdin özüylə birgə böyüyür, fəzilətə çatır, hikmət sahibi olur, “Dost istəsən, Allah yetər”, “Hamı sənə baxsa, sən Ona bax, Ona” deyə insanı ulu Yaradana sığınmağa, Ona tapınmağa, Onu dərk etməyə səsləyir. “Güzgünü görəndə” Allahı görməyi, “gül-çiçək dərəndə” Onu yada salmağı.. həmişə, hər yerdə Ona baxmağı tövsiyə edir:
Sultanı, qulu ol,
Yolçusu, yolu ol,
Ürəyi dolu ol,
Sən Ona bax, Ona.
«Şeir işıqdır, eşqdir, etirafdır» – deyir Akif Səməd. Şairin hər misrasında inci kimi düzümlənib vərəq-vərəq böyüyən bu işığın, eşqin, etirafın səsi eşidilir, həniri, nəfəsi duyulur. Bu işıq qaranlıq ürəkləri aydınlığa çıxarır, bu eşq bizi Əsli-Kərəmə qaytarır, bu etiraf mürgülü duyğuları oyadır. Və elə şairin şairliyi, dolaylarında, cığırlarında cahanı azdıran, ömürlərə bənzəməyən şair ömrünün böyüklüyü də burdan başlanır.
Əsrlər boyu bəşər övladı ömrün qısalığından şikayətlənirsə, gördüyü işlərin yarımçıq qalacağından qorxursa, Akif Səməd «Ömür yaman uzundur» – deyir. Şair dövründənmi gileylidir, taleyindənmi şikayətlənir ?! Yoxsa… Bu kimi poetik suallara onun şeirlərində cavab tapmaq mümkündür. Akif Səmədin mövcud olduğu aləmə sığmayan bir poeziya aləmi var. Bu aləm dünya içində dünyadır. Bu dünyanın isə öz orbiti var və oradakı hərəkət də, sükunət də içində yaşadığımız dünyanın qanunauyğunluqları ilə çox vaxt uzlaşmır. Ona görə də şairin şeirləri əsasən oxucunun gözlədiyi nəticə – ənənəvi sonluqla deyil, həyata fərqli yanaşmadan irəli gələn fəlsəfi yozum və dərin məntiqlə bitir. «Ömür yaman uzundur» şeiri kimi…
Əcəlin nazı yaxşı,
Ölümün sazı yaxşı,
Hər şeyin azı yaxşı,
Ömür yaman uzundur.
Bu dağlar göymü, yermi?
Bu göy göymü, yer yermi?
Yaşamağa dəyərmi?
Ömür yaman uzundur.
Onun şeirlərində bəzən hansısa deyim, ifadə, söz biçimi tənqidi razı salmaya bilər, amma bu şeirlərdəki poetik qənaət həmişə “adamın belini sındırır” (Ağamalı Sadiq Əfəndi). Bu qənaətdən sonra artıq sözə, poetik izaha ehtiyac qalmır.
Akifin ilk şeirlər kitabı “Qiblə yelləri” 1992-ci ildə “Yazıçı” nəşriyyatında çap olunub. Dostlarına böyük təvazökarlıqla təqdim etdiyi bu ilk kitabı əslində onun çoxdan təsdiqlədiyi ədəbi kimliyinin gecikmiş rəsmi təsdiqi idi. Kitabın «Uzaqlardan gəlirik…», «İncəyə məktub», «Əsli düymələri» adlı bölmələrində Akifin ənənəvi mövzulara fərqli sənətkar münasibəti öz əksini tapmışdı. Bu şeirlərin hər birində A.Səmədin şair dünyasının fərdiliyi, özünəməxsusluğu diqqəti cəlb edirdi. «Durna lələyi» şeirində olduğu kimi:
Bir durna lələyi tapdım bu payız,
Kədər, qəm əlindən karıxıb gəlib.
Bağdad torpağında, Bağdad elində
Füzuli misrası darıxıb gəlib.
Bizcə, bu misralardakı poetikliyin şərhinə ehtiyac yoxdur. Onun bütün şeirlərində sözün məna çalarlarına yaradıcı münasibət, onu cilaladıqca cilalamaq, fərqli məntiqlə, fəlsəfi yozumla demək, oxucunu şeirdə gözləmədiyi poetiл sonluqla üz-üzə qoymaq, təəccübləndirmək, düşündürmək… Akif Səməd şeiriyyətinin ümdə məziyyətlərindəndir. Bir şeirinin əvvəlində:
Necə daşdı, nə daşıdı?
Yol daşıdı, baş daşıdı?
Göydən düşüb, yerdən çıxıb?
Güllü yolun qırağıdı,
Bura daşı kim daşıdı?
– deyən şair sonra gözlənilməz sonluqla fikrini tamamlayır:
Qadan alım, Akif Səməd,
Şairliyin baş apardı.
Adi daşdı, yola düşüb,
Niyə düşüb, hardan düşüb?
Yazıq daşın nə günahı,
Sənin yolun burdan düşüb?
Akif Səmədin «Mən, sən, dəniz», «Bu qıza ağıl ver», «Açılmaz düyməsi xanım Əslinin», «Sənsizlik» və s. şeirləri lirik şeirimizin yeni yaradıcılıq keyfiyyətləri ilə diqqəti çəkən ən gözəl nümunələrindəndir. Şair “Uzaqlardan gəlirik” (1994), “Adəmdən” (1995), “Özümə yol” (1996) kitablarında da lirikanın fərqli mövzularına həsr olunmuş poetik inciləri oxucularına təqdim edir. Onun “Məni bir könülün yüz ahı tutdu”, “Akif yara qismət, yar ayrılığa”, “Təkcə bir gözələ görə Dünyanı sevməyə dəyər”, “Səni gördüm – bu dünyaya Niyə gəldiyimi bildim”, “Mən məni harda itirdim, Mən məni kimdə gəzirəm”, “Dünyanın varı gəlməsin, Adama bircə o gəlsin”, “Oğulların bir-bir itir Dağlar, Bakı gecəsində”, “İstəsəm ləlnən oynardım, Bazarımdan keçdim gəldim” kimi misraları bu lirikanın dəyərini təmin edir. Şairin “Yaxşılıq elə toxumdu, Ürəklə ək, daşda bitər”, “Ölüm var ki, ömür kimi, Ömür var ölümdən betər”, “Dost istəsən özünə dön, Dost istəsən Allah yetər” misraları isə dərin hikmət və fəziləti ifadə edən aforizmlər kimi səslənir.
Akif Səməd yazdığı hər misranın içində doğulurdu, hər sözün içində yaşayırdı. Nə yazırdısa ürəklə yazırdı, ürəkdən yazırdı. Gördüyü hər işi ürəklə görürdü. Bunu onun ədəbi-publisistik fəaliyyətini diqqətlə üzlədiyim vaxtlarda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Gənc müəllim” qəzetində, “Mərhəmət” dərgisində, Azərbaycan Tele-radio Şirkətində çalışdığı illərdə dönə-dönə müşahidə etmişdim. Bəlkə buna görədir ki, adlarını qeyd etdiyim mətbu orqanlarındakı yazılarında, tənqidi-publisistik məqalələrində, şeirlərində, “Bulaq” verilişindəki təbii, səmimi söhbətlərində Akifin ürəyinin səsi, döyüntüləri aydın eşidilirdi. Ürəklə yazıb-yaradırdı, ürəklə yaşayırdı, ürəkli də getdi. Qədim türk adlarını verdiyi, varlıqları ilə öyündüyü övladlarına ünvanladığı bir şeirində yazdığı kimi…
Atilayım, Çilənayım,
Sorsalar atanız hanı,
Çaşma, ləngimə, təngimə,
Göstər beş-altı qoşmamı.
Dünyaya sözü olmadı,
Söylə ki, ürəkdən getdi.
Heç nədə gözü olmadı,
Gəlmişdi ürəknən getdi.
Akif Səmədin poetik dünyasının orijinallığı, sözə təzə “don biçmək”, sözün “köhnə qəlibini dağıtmaq”, ona daha yeni nəsə əlavə etmək cəhdi və çox vaxt buna nail olmaq bacarığı milli poeziyamızın qazancıdır. Tənqidçi Cavanşir Yusifli şairin sənət mövqeyini, poeziyamızdakı yerini daha dəqiq müəyyənləşdirir: «…Akif Səməd Azərbaycanda uzun illər boyu dağıdılıb yerlə yeksan edilmiş çox nəhəng bir ənənəni – batindən gəlmək təcrübəsini, sehr tülünə bürünərək, janrı da həmin sehrin dilinə çevirmək, sözün enerjisini götürüb «qabığından» imtina etmək… ənənəsini bərpa etməklə məşğul idi. Akif çoxlarından fərqli olaraq janrın içindəki enerjiylə «oynaya» bilirdi, var gücünü toplayıb ənənənin özünə qarşı nəsə qoymaq istəyirdi… dünyanın, gərdişin hansı məqamı və anındasa itib-batmış batini sirləri şeirə gətirirdi. Akif şeirdə dünyanın hansı qədim qatındasa insanların ibadət etdiyi, inanıb tapındığı pirlərin, ocaqların, təriqət ocaqlarının havasını yaratmaq istəyirdi… çox nəhəng və əzəmətli, insanın əhədini kəsən işin altına girmək istəyirdi. Bu yükü daşımaq, daşıyıb da uzun ömür sürmək mümkün deyildi». Akif də bunu duyurdu.
Ölmək də olmur, ay Tanrı,
İlin-günün bu vaxtında.
Hörmətin su qiymətində,
Şeirin-sözün su vaxtında.
–yazmasına rəğmən “bir başdaşına söykənib nə vaxt öldüyünü bilən” şairin ürəyi bu yükə tablamadı, “yaman uzundur” dediyi ömrə çox erkən vida etdi. Amma özündən sonra sözünün qalacağını, qalan ömrünü şeirlərinin içində yaşayacağını bilərək getdi. Çünki, “Yüz il sonra sorsan bəs o hardadır, Hər beyti səslənər: “Burda, burdadır!” – deyən sələfi Nizami Gəncəvi kimi, “Seyyida, ölmərəm, Aləmdə səsim var mənim!” – deyən Seyid Əzim Şirvani kimi Akif Səməd də aləmdə səsinin qalacağını bilirdi:
Hər yetənə baş qoşma,
Baş ağırdı, başqoşma?!
Akif, səndən beş qoşma
Deyirdin qala, qaldı.
O, “Hamının təranəsi, səsi, şərqisi özündən gözəldir” yazırdı. Akif Səmədə görə, səs İnsanın özündən daha ucadır, o çox uzaqlardan yol alıb gəlir və çox uzaqlara gedir… Akifin öz şeirlərindəki səs kimi…