ttrts

TƏRANƏ TURAN RƏHİMLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent

BƏXTİYAR VAHABZADƏ POEZİYASI
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR KONTEKSTİNDƏ

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə mayasını el ədəbiyyatından, ətrini vətən torpağından, gücünü xalq ruhundan alan möhtəşəm yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində müstəsna rol oynamışdır. Şairin çoxcəhətli yaradıcılığı millətimizin keçmişi, bu günü, gələcəyi ilə bağlı fikir və duyğular, həyata, sənətə fəlsəfi görüş və baxışlar məcmusu kimi diqqətəlayiqdir. Azərbaycan xalqının yüzilliklərin sınağından çıxmış, daim inkişafda olan milli mənəvi-əxlaqi dəyərlərinə, adət-ənənələrinə sədaqət hissi, azərbaycançılıq məfkurəsi, türkçülük təəssübkeşliyi bu poeziyanın dayaq sütunlarını təşkil edir.
Ömrünün altmış ilini müqəddəs sənət qayəsinə xidmət üçün yorulmadan qələm çalan şair əsərləri ilə xalqımızı milli özünüdərkə səsləmiş, millətinin daim sevgi və ehtirama layiq olduğunu, bütün müqəddəs amalların fövqündə dayandığını nəzərə çatdırmışdır. Çingiz Aytmatov bu cəhətə diqqət yetirərək yazırdı: «Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən. Bununla yanaşı, Vahabzadənin poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümumbəşəri səviyyəyə qalxır… İndiki halda sən azərbaycanlı şairi oxuyanda dünyanı duyursan.»

Bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış B.Vahabzadə çox zəngin bir yaradıcılıq yolu keçmişdir. O, yetmişdən artıq şer kitabının, iki monoqrafiyanın, on bir elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Şair tarixi və müasir mövzuda iyirmidən artıq iri həcmli poemasında («İztirabın sonu», «Etiraf», «Şəbi-hicran», «Gülüstan», «Sadə adamlar», Atılmışlar», «Təzadlar», «Ağlar-güləyən», «Yollar – oğullar», «Əbədi heykəl», «Dörd yüz on altı», «Vətənim mənim», «Hər baharın öz qaranquşu», «Qiymət», «Muğam», «Ləyaqət», «Bağışlayın, səhv olub», «Şəhidlər» və s.) Azərbaycan gerçəkliyinin, onun ictimai-sosial, siyasi, mənəvi-əxlaqi problemlərinin geniş bədii panoramını vermişdir. Onun Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulan “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri dövrun ən aktual mili-mənəvi məsələlərinin dolğun bədii şərhi ilə diqqəti çəkir.
1943-cü ildə “Ana və şəkil” adlı ilk mətbu şeiri ilə yaradıcılıq aləminə qədəm qoyan şair “Yaşıl çəmən, ağac altı, bir də ki, tünd çay” şeiriylə məşhurlaşmışdır. Vətən həsrəti, yurd sevgisini tərənnüm edən bu lirik parçadakı vətənpərvərlik duyğusu sonralar şairin bütün yaradıcılıq örnəklərinin aparıcı motivinə, ilham qaynağına çevrildi. B.Vahabzadənin şeirdən-şeirə püxtələşən poetik istedadı «Mənim dostlarım», «Bahar», «Dostluq nəğməsi» kimi kitablarında toplanmış yaradıcılıq örnəklərində daha da cilalanaraq milli poeziyamızın nadir sənət inciləri sırasına daxil oldu. Bu şeirlərdə zəngin Azərbaycan mənəviyyatı, onun əzəmətli tarixi keçmişi, millətimizin əxlaq ucalığı, saf təbiəti tərənnüm olunur, sosial yaşantıları, arzu və istəkləri poetik fikir mənbəyinə çevrilirdi. Şairin lirikası hələ ilk sənət nümunələrindən öz enerjisini, tükənməz gücünü doğma xalqdan, Azərbaycan gerçəkliyindən alırdı.
Yaradıcılığının xalq şeiri ənənələri zəminində inkişaf etməsi, həyat hadisələrinin özünəməxsus poetik təqdimi, orijinal bədii təfəkkür tərzi, ənənəvi mövzulara fərqli məntiqi yanaşma, sadə mətləblərə dərin fəlsəfi münasibət bu poeziyanın ədəbi dəyərini təmin edən əsas məziyyətlərdəndir. Himalay Qasımovun yazdığı kimi, «şairin əqidəsinə görə, əsil səadət odur ki, başqaları üçün yanasan, millət odunu mənəvi içərin üçün çıraq edəsən, xalqı birliyə aparan yolu işıqlandırasan» Şairin lirik qəhrəmanı ən yüksək insani dəyərlərə sahibdir, bu qəhrəman üçün həyatın mənası öz amalı, məsləki uğrunda səməndər quşu kimi yanmaqdadır:

Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.

Lirik qəhrəmanın bu qayəsi bütövlükdə B.Vahabzadənin sənətkar şəxsiyyəti, həyat yolu, yaradıcılıq fəaliyyəti üçün xarakterikdir. Çünki şair vətənin istiqlalı, millətin öz idealına qovuşması yolunda ictimai-siyasi xidmətləri, ideoloji mübarizəsi ilə, «ürəyinin yağı ilə» yazıb ərsəyə gətirdiyi misilsiz sənət örnəkləri ilə ömrünü bir şam kimi əritdiyini isbat etmişdir.
Rəngarəng mövzulara müraciət edən bu poeziya obrazların kamilliyi, bədii vasitələrin müasirliyi və orijinallığı, sənətkar axtarışlarının dərin fəlsəfi mündəricəsi ilə seçilir. Azərbaycan dilinin zəngin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi lirikanın ən gözəl nümunələrini yaratmağa müvəffəq olmuşdur. Yeqor İsayev «Bəxtiyar öz lirikasında lirik olduğu qədər filosofdur» deyərkən yanılmırdı. Ümumiyyətlə, şairin bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas keyfiyyət kimi diqqətəlayiqdir. Onun poetik fəlsəfi təfəkküründə əzəli və əbədi varlığın dərki ilə bağlı düşüncələr də önəmli yer tutur. Bu baxımdan şairin «Fəryad» pyesində yer alan «Allah» şeiri dərin fəlsəfi məzmunu ilə yadda qalır, insan təfəkküründə Yaradanı dərkin daha dərin qatlarına nüfuz etməyə səsləyir:

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah.

Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Burada Allahın insanlığa hörmət, ləyaqət, qeyrət, ilqar, sədaqət, məhəbbət kimi ən ülvi hisslərdə, sözlərdəki hikmətdə təcəllasını göstərən şair Yaradanı dərk etmək üçün bu ali keyfiyyətlərə dəyər verməyin, onları öz varlığında yaşatmağın əhəmiyyətini vurğulayır.
B.Vahabzadə poeziyasında lirik qəhrəmanın qarşısındakı problemlərin hissi-emosional, mənəvi müstəvidə bədii həlli üstünlük təşkil edir. «Bu poeziyada müasirliklə tarixilik, fəlsəfə ilə psixologiya, sosial zamanla bədii zaman vəhdət təşkil edərək nəhayətsizliyə, hüdudsuz idraka yol açır, lirik «mən» bəşəri məsuliyyətin daşıyıcısına, ümuminsani hisslərin ifadəçisinə çevrilir»
B.Vahabzadə «əqidə şairi»dir. «Axı dünya fırlanır» şeirində «Çərxi-fələk istəyir lap dolana tərsinə, əqidəmi heç nəyə dəyişmərəm mən yenə» – deyən şairin təkcə yaradıcılığında deyil, bütövlükdə həyat yolunda əqidə uğrunda savaş mühüm istiqaməti təşkil edir. Şairin lirik qəhrəmanının zəfərlərə gedən yolu, nurlu sabahlarının cığırı əqidədən başlanır, onun uğurlarının başlanğıc nöqtəsi əqidədir. Ona görə də bu qəhrəman əqidə yolunda ölməyi belə böyük şərəf hesab edir. Bu cəhət şairin «Qayə» şeirində də dərin bədii ifadəsini tapmışdır:

İradəmin ağasıyam,
Əqidəmin köləsiyəm,
Əqidəmin yolunda da öləsiyəm.
Neçin, necə yaşamağı o öyrədib
Həyatımı məna ilə naxışladı.
Məni mənə tanıtdırıb,
Məni böyük bir vətənə bağışladı.

Milli poeziyamızda vətəndaşlıq ruhunun qüvvətlənməsində, sənətdə millilik axtarışlarının istiqamətlənməsində B.Vahabzadənin mühüm xidmətləri olmuşdur. Şairin dərin lirizminin kökündə vətəndaşlıq duyğusu dayanır, bu vətənpərvərlik onun müdrikliyini, aqilliyini tamamlayan cəhət kimi poeziyasında yer alır, onun əbədiyaşarlığını təmin etməkdə sənətkar istedadı qədər önəmli rol oynayır. «Zaman qarşısında, xalq qarşısında mənəvi borc və məsuliyyət duyğusu onun lirk qəhrəmanını fərqləndirən əxlaqi keyfiyyətlərdir. Həm də diqqətəlayiqdir ki, vətəndaşlıq bu qəhrəmanın nəinki ideya və sosial dünyagörüşünə, fəal həyat mövqeyinə xasdır; bu, eyni zamanda onun psixologiyasının onun mənəviyyatının, dünyanı emosional qavrayışının ayrılmaz bir cəhətidir.» Millətinin tarixi keçmişinə sonsuz maraq, xalqının bu günkü yüksəlişini milli-tarixi zəmindən qoparmadan təqdim etmək, əsərlərində tarixi müasirlik qədər yaşatmaq, ona bu günün gözüylə baxmaq, ictimai ədalətsizliyə qarşı vulkan kimi püskürmək, zamanın və şəraitin sosial-siyasi məhdudluqlarından asılı olmayaraq vaxtında haqq səsini ucaltmaq cəsarəti B.Vahabzadə poeziyasının ən səciyyəvi xüsusiyyətlərindəndir.
Öz millətinin böyük sevgi və ehtirama layiq olduğunu dönə-dönə şeirlərində vurğulayan, onun xoşbəxt sabahına inamını ifadə edən şair insanın mənəvi yüksəlişində inamın rolunu xüsusilə önə çəkir. B.Vahabzadənin lirik qəhrəmanı “bütün ömrü boyu ciyəri ilə yox, ancaq inamı ilə nəfəs aldığını” car çəkir, düşməninə xitabən bildirir:

Demə ki, dəryayam dənizdir təkim,
Vallah quruyursan sən damla-damla
İnamdır əqidəm, gücüm, məsləkim,
Qələbə mənimdir bu inamımla!

«İnamdan doğulan» şairin lirik qəhrəmanının inamlarının zirvəsində isə o tay-bu taylı vətənin bütövlüyünə, Azərbaycanın tarixi ərazisinin bərpasına, onun daha xoşbəxt sabahlarına inam dayanır. Çünki bu xalqın el qeyrəti çəkən, «köləliyi yıxıb cəsarət mülkünü tikən», «susdurulan haqqı dindirən», «kütləni xalq edən müqaviləyə qanıyla qol çəkən», millət yolunda canından keçən igidləri var. Şairin «Şəhidlər» poemasında vurğuladığı kimi, «torpağın bağrına cəsədləriylə azadlıq toxumu əkən» şəhidlərin ruhu bu lirik qəhrəmanı vətən, millət yolunda yeni fədakarlıqlara, zəfərlərə səsləyir, vətən üçün qurban gedənlərin ölümsüzlüyünü bir daha xatırladır:

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

Şairin dörd ay ərzində ilk misrasından son misrasınadək göz yaşı ilə yazdığı “Şəhidlər” poeması onun müşahidə etdiyi qanlı səhnələrin, barıt qoxulu yaxın tarixin dəhşətli yaşantıları əsasında qələmə alınıb. Burada millətimizin fəryadı, ağbirçək nənələrimizin naləsi, ana və bacılarımızın göz yaşı, cavan gəlinlərin vaxtsız ağarmış teli, nişanlı qızlarımızın ah-fəğanı, namərd gülləsinə tüş gələn körpələrimizin dodağında donan təbəssümü təsirli poetik dillə oxuculara çatdırılır.
B.Vahabzadə yaradıcılığında Azərbaycan mövzusu həmişə əhəmiyyətli yer tutmuşdur. Vətənin əsrarəngiz təbii gözəllikləri, onun dərəsi, dağı, daşı, çölü, düzü, çəməni bu poeziyanın başlıca tərənnüm obyektidir, şairin lirik qəhrəmanı doğulub boy atdığı ana torpağa möhkəm, qırlmaz tellərlə bağlıdır. B.Vahabzadənin «Dağ çiçəkləri», «Göy göl», «Ana torpaq», «Dağlarım», «Yaylaqda» və s. şeirləri bu poetik ovqatın məhsuludur. İfrat Əliyevanın qeyd etdiyi kimi, «Şairə görə, nə qədər ucalsan da, səmalara uçsan da yenə torpağa, doğma torpağa bağlı olmalısan. Torpaqdan məhrum olmaq, ayağını yerdən üzmək səni gücsüz, çəkisiz, qiymətsiz edər.» Məhz bu baxımdan şairin poeziyasında vətənpərvərlik milli-mənəvi dəyərlərin ən uca zirvəsində dayanır, bütünlükdə yaradıcılığından qırmızı xətt kimi keçir. Azərbaycan bu poeziyanın ana obrazı olaraq gözlərimiz önündə ucalır:

Azərbaycan, adın atəş,
Özün işıq,
sözün işıq,
Alovlardan yaranmısan
Biz adınla tanınmışıq.
Sən dosta dost
Düşmənimə göz dağısan.
Alnın açıq,
Üzün ağdır –
Yenilməzlik bayrağısan.

Bəxtiyar Vahabzadənin Azərbaycançılıq amalı böyükdür, o hər cür xırda, cılız hisslərdən uzaqdır. Şairin lirik qəhrəmanının Azərbaycan sevgisi yerliçilik meyillərindən uzaq, daha əzəmətli, geniş miqyaslı, bütöv vətən sevgisidir:

Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə, bütöv bağlıyam.

Onun «Şəki» şeirində də bu bədii məntiqin davamını görürük. “Özünüz şəkili olduğunuz halda hələ Şəkiyə bir şeir həsr etməmisiniz” məzmunlu oxucu məktubuna cavab kimi yazdığı “Şəki” şeirində şair həmişə qəlbində gəzdirdiyi, heç vaxt bölünməyən, xırdalanmayan vətən sevgisini belə mənalandırır:

Bir nəğmə qoşmadım hələ mən sənə,
Dağlar bunu mənə kəsir sanmasın.
Mən dedim, vurğunam Azərbaycana,
Deyirəm, heç zaman xırdalanmasın
Könlimdən ucalan bu avaz, bu səs.
Böyükdür, ucadır məsləkim mənim.
Bala anasına “sevirəm” deməz,
Mən də deməmişəm, a Şəkim, mənim.

Bəxtiyar Vahabzadə Azərbaycanda 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri kimi istiqlal mübarizəsi meydanına atılmışdır. Sovet rejimində milli varlığı tapdanan millətin dərdlərini rəmzlər vasitəsilə, və yaxud müxtəlif ədəbi üsullarla ifadə edən şair əsərlərində daim azərbaycançılıq ideyasını təbliğ etmiş, yaşatmışdır. Şair 1959-cu ildə yazdığı “Gülüstan” poemasında iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən millətimizin azadlıq arzularını tərənnüm etmişdir. Bu poemaya görə şair təzyiqlərə məruz qalmış, 1962-ci ildə ildə “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetində vəzifəsindən çıxarılaraq yalnız iki ildən sonra işə bərpa edilmişdir. Şair “Gülüstan” poemasında «Yoxmu qanımızda xalqın qeyrəti? Belə saxlayarlar bəs əmanəti?» – deyə bu müqaviləni böyük tarixi günah, millətimizə qəsd kimi qiymətləndirirdi. Cənubda Şəhriyarın «Heydərbabaya salam» poemasının şimaldakı əks-sədası «Gülüstan» poeması oldu. Poemada şairin millətinin haqqını tələb edən cəsarətli səsi üsyan edərək hayqırır:

Ağalar bilmədi birdir bu torpaq,
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

Xalqının haqlarının müdafiəsinə qalxan şair milli təəssübkeşliklə yazdığı, sovet diktaturasını ifşa edən digər cəsarətli əsərlərini isə sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirmişdir.
Ana dilimizə təəssübkeş münasibət də şairin yaradıcılığında dolğun bədii həllini tapan milli-mənəvi problemlərdən biri kimi nəzəri cəlb edir. Əhməd Bican Ercilasinin “Bəxyiyar Vahabzadə bizə öyrətdi ki, hər bir millətin ana dili o millətin namusu və vicdanıdır. O, nəsillərin bir-birinə ötürdüyü ən qiymətli mirasdır” qənaəti şairin Azərbaycan dilinin bütün incəliklərinə nüfuz etmə məharətindən və onu başlıca milli-mənəvi dəyər kimi tərənnümün məntiqindən doğurdu. B.Vahabzadə əsərlərində doğma ana dilini keçmişin yadigarı, gələcəyin qiymətli sərvəti kimi təqdir edir;

Dil açanda ilk dəfə ana söyləyərik biz,
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil,-bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil,- bir-birimizə əhdi-peymanımızdır.
Bu dil,- tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil,-əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.

Şairin ümumbəşəri problemlərdən, dünyanı düşündürən qlobal məsələlərdən bəhs edən şeirləri də millilikdən qaynaqlanır. Bütün ali mənəvi-əxlaqi dəyərləin, eləcə də ümumbəşəriliyin kökündə millilik dayanır. B.Vahabzadə yaradıcılığı boyu bu həqiqətə sədaqətini nümayiş etdirmiş, sanki Jorj Leron Dalamberin «Əsil insan ailəsini özündən artıq sevən, yaxşı insan vətənini ailəsindən artıq sevən, ən yaxşı insan bəşəriyyəti vətənindən artıq sevəndir» qənaətini poeziyasında gerçəkləşdirmişdir. İnsanın mürəkkəb psixoloji aləmi, fəlsəfi təfəkkürü, sevgisi, sevinci, kədəri, dünya, həyat, ölüm, dostluq, sədaqət, milli mənlik, dini etiqad və s. haqqında duyğuları əks etdirən lirikasında bütün mövzular bu humanizmdən qaynaqlanır, mənbəyini ilkinliyə, milli varlığın daha dərinliklərinə – türkçülüyə, türkün ulu yurduna, torpağına məhəbbət və qayğıkeşlik, həssaslıq kimi ülvi hisslərdən götürür. Görkəmli şairin «Azərbaycan-Türkiyə» şeiri bu hiss və duyğuların ən bariz örnəyi kimi diqqəti cəlb edir. Şair bu şeirində Azərbaycanla Türkiyəni sevinci, kədəri bir olan, eyni amala, məsləyə xidmət edən, əzəmətli qəhrəmanlıq keçmişi, qədim tarixi ilə öyünməyə layiq iki qardaş ölkə kimi tərənnüm edir. Azərbaycanı «ana yurdum», Türkiyəni «ata yurdum» – deyə vəsf edən, bayraqlarındakı ay-ulduzun da eyni olduğunu vurğulayan B.Vahabzadə bu iki ölkəni «bir ananın iki oğlu» adlandırır, «bir amalın iki oğlu» kimi yüksək dəyərləndirir:

Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.

Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.

Bu cəhətdən Bəxtiyar Vahabzadə təkcə Azərbaycan millətinin deyil, bütünlükdə türk dünyasının böyük, əzəmətli və əbədiyaşar şairi kimi sevilir. «Mənə öz ömrümü uzatmaq deyil, şeirimin ömrünü uzatmaq gərək» deyən şair qüdrətli sənəti ilə xalqın şairi olmağı bacarmış, millətimizin qəlbində əbədiyaşarlıq hüququ qazanmışdır. Niyazinin dediyi kimi, “Bəxtiyar ona görə bəxtiyardır ki, onu xalq sevir; xalqı da ona görə bəxtiyardır ki, onun Bəxtiyarı var.”