ttrts

TƏRANƏ TURAN RƏHİMLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent

XARIBÜLBÜL HƏSRƏTİYLƏ VƏTƏNLƏŞƏN ŞAİR

“Əsil hörmət insanın mənəvi məziyyətinə edilən hörmətdir.” XVIII əsr rus yazıçısı Fonvizinin bu qənaətini real həyata, çevrəmizdəkilərə tətbiq edəndə çox az adama məhz insanlığın ali keyfiyyəti olan mənəviyyatına görə hörmət edildiyini görürük. Mənəvi aləminə, bu aləmin ifadəçisi olan istedadına, istedadın təhrikilə cəmiyyətə təqdim etdiyi sənətinə görə nüfuz qazananlar bu hörmətə əbədi sahiblənənlərdir. Haqqında söhbət açacağım Elçin İsgəndərzadə təmsil olunduğu cəmiyyətdə, yaşayıb-yaratdığı mühitdə milli-mənəvi dünyasını, əqidəsini, amalını sözbəsöz misralarına, sətirlərinə səpələdiyi yaradıcılığı ilə belə bir sarsılmaz nüfuzun, hörmətin sahibidir. Və bu nüfuz yalnız milli cəmiyyətimizlə məhdudlaşmayıb, çox geniş bir çevrəni əhatə edir. Ölkəmizin hüdudları daxilində onun milli vətənpərvər şair, jurnalist, tərcüməçi, naşir, azərbaycançı, türkçü ziyalı kimi Azərbaycan və Türkiyə ədəbi, elmi mühitində özünütəsdiqi ədəbi ictimaiyyətimizə yaxşı məlumdur. Lakin Elçin İsgəndərzadənin bu çevrəni ildən-ilə böyüdüb ümümtürk sferada, daha sonra bir sıra Qərb ölkələrində ədəbi təsdiqi onun Beynəlxalq miqyasda bədii, elmi, fəaliyyəti, təşkilatçılıq məharəti, tərcüməçilik və naşirlik bacarığı ilə bağlıdır.

Elmi və bədii yaradıcılıq ezamiyyətində olduğum ölkələrdə dəfələrlə müxtəlif xalqların ədəbiyyatçılarının onun adını hörmətlə çəkdiklərinin, şəxsiyyətinə ehtiramla yanaşdıqlarının, yaradıcılığına dərin rəğbət bəslədiklərinin şahidi olmuşam. Uluslararası Ədəbiyyat Şölənlərində və Panellərində, simpoziumlarda, konfranslarda, ədəbiyyat festivallarında və s. mötəbər tədbirlərdə tanış olduğum ədəbiyyat dostlarımın fəaliyyyətində, müəyyən yaradıcılıq uğurlarında bilavasitə Elçin İsgəndərzadənin və “VEKTOR” Nəşrlər Evinin qatqısını müşahidə etmişəm. Sonralar fərqinə vardım ki, xarici səfərlərdən Azərbaycana hər döndüyümdə vətənə gətirdiyim, mənə hədiyyə edilən kitabların içində Elçin İsgəndərzadənin adı var: Kitablardan hansınınsa “Ön söz” müəllifi kimi, hansınınsa naşiri, tərcüməçisi, redaktoru kimi, hansısa müəllifi Azərbaycanla sıx tellərlə bağlayan təəssübkeş ziyalı kimi, hansısa şairə, yazıçıya ödül verən ədəbi təşkilatın, elm mərkəzinin sədri, səlahiyyətli nümayəndəsi kimi… və s.
Yunanıstan türkü, Batı Trakyalı şair Hasan Ahmet Avropa mədəniyyətinə xidmətlərinə görə B.M.Uluslararası Ödül Komitəsinin Böyük elçisi kimi Elçin İsgəndərzadənin ona “Birləşmiş Millətlər Şərəf və Vicdan Nişanı” verməsiylə fəxarət duyduğunu yazır. Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumu kimi nüfuzlu Beynəlxalq təşkilatın sədri Fəyyaz Sağlam 22 may 2007-ci il tarixində Gəncə Dövlət Universitetində düzənlənən rəsmi törəndə VEKTOR Beynəlxalq Elm Mərkəzi tərəfindən “Türk ədəbiyyatının inkişafında və Azərbaycan-Türkiyə dostluq əlaqələrinin genişləndirilməsindəki xidmətlərinə görə fəxri doktor” adı aldığı üçün, eləcə də səmimi dəstəyi və məhəbbəti sayəsində başa gələn “Azərbaycan rübailəri” kitabına görə Elçin İsgəndərzadəyə şükranlarını bildirir.
Türkiyəli ünlü şair Hasan Devrim onu son dərəcə səmimi Azəri türkü, qəlbi Vətən sevgisiylə dolu türkçü ziyalı, Azərbaycan mədəniyyətini başqa millətlərə tanıtmaq üçün əmək sərf edən, yüksək intellekti ilə diqqətəlayiq, maraqlı həmsöhbət hesab edir. Bolqarıstan Yazıçılar Birliyinin sədri şair İvan Esenski Elçin İsgəndərzadəyə hər kəsə Azərbaycanı sevdirən şair, naşir kimi rəğbət bəsləyir, Bolqar ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının Bolqarıstanda təbliğində onun mühüm xidmətlərini vurğulayır. Bu cəhətdən azərbaycanlı şairin – Elçin İsgəndərzadənin Bolqarıstan Yazıçılar Birliyinə üzv qəbul edilməsi təəccüb doğurmur.
Makedoniyalı şair Mustafa Sərbəst, Yunanıstanlı şair, rəssam Füsun Suka, Bolqarıstanlı şair-tərcüməçi dr. Şaban Kalkan və başqaları təltif olunduqları müxtəlif Uluslarası mükafat və fəxri fərmanlara, fəxri adlara görə, kitablarının ana dilimizə tərcüməsi, Azərbaycanda nəşri və təbliğinə görə Elçin İsgəndərzadəyə minnətdardırlar.
Bolqarıstan türkü, şair-yazar, tərcüməçi, həkim, məhsuldar ömrünün böyük bir hissəsi mühüm siyasi vəzifələrdə keçən, ensiklopedik biliyə malik ziyalı dr.Şaban Kalkan Elçin İsgəndərzadə ilə tanışlığını çox yüksək dəyərləndirir, bu tanışlığın onun yaradıcılığında yeni uğurlara yol açdığını vurğulayır. O, Azərbaycan ədəbiyyatını Bolqarıstanda orta okul illərindən sevdiyini, dərsliklərdə S.Vurğun, R.Rza, N.Rəfibəyli, O.Sarıvəlli, Z.Xəlil, Aşıq Mirzə, B.Azəroğlu, R.Rza, Ə.Əlibəyli və M.İbrahimovun əsərlərini, şeirlərini heyranlıqla oxuduğunu, 1962-ci ildə ilk dəfə Azərbaycana gəldiyini, sonralar dəfələrlə ölkəmizdə olmasına baxmayaraq Elçin İsgəndərzadənin dəvətiylə Vətənimizə gəlişinin fərqli təəssüratlarla və möhtəşəm uğurlarla yadda qaldığını yazır: “1962-ci ilin iyul ayında xəyalım gerçəkləşdi. Moskvadan Bakıya hərəkət etməzdən öncə professor Sergey Vaşenkin məni kabinetinə çağırdı: “Sənə üç iş tapşırıram, birincisi, Şəkidəki Xan Sarayının sənət dəyərinin protokolunu hazırla, kimsəyə bilgi vermə, ikincisi, Azərbaycan kəlməsinin önündə və ya ardında heç bir şəkildə əlavə kəlmə yazma, üçüncüsü, Azərbaycanlı şair və yazarlarla görüşmə” dedi. “Tamam” dedim. Hərəkət etdim. Bakıya axşamüstü endim. Hər yerdə rus əsgərləri dolaşır, rusca danışırdılar. Mən Azərbaycanda hərbçilərin və rəsmi dairələrdə çalışanların Azəri Türkcəsi ilə danışacaqlarına ümid edirdim. Xəyallarım puç oldu… Daha sonra dəfələrlə Azərbaycana getdim, çox arzu etməmə rəğmən Azərbaycan şair və yazarları ilə Bolqarıstan türkü olaraq görüşmək imkanım olmadı. İllərdən sonra Azərbaycanda VEKTOR Beynəlxalq Elm Mərkəzinin sədri Prof.dr. Elçin İsgəndərzadə tərəfindən 21-27 may 2007-ci il tarixində Fəxri Doktor ünvanını almaq üçün Gəncə şəhərində düzənlənəcək olan törənə dəvət edildim. Dəvəti məmnuniyyətlə qəbul etdim.” Dr.Şaban Kalkan Bakıya bu dəfəki gəlişində Azərbaycanın müstəqilliyindən, hamının doğma ana dilində danışmasından zövq aldığını yazır, Azərbaycan ədəbi-elmi ictimaiyyətini Bolqarıstan ədəbiyyatı nümunələri ilə tanış etmək, Azərbaycanlı şair-yazarları, elm, incəsənət xadimlərini tanımaq, Azərbaycan Yazıçılar Birliyində tədbirlərə qatılmaq, Azəri türklərinə böyük sevgiylə kitablarını imzalamaq imkanı qazandığı üçün Elçin İsgəndərzadəyə minnətdarlığını ifadə edir. Ölkəmizlə bağlı zəngin təəssüratlarını məhz bu səfərdən sonra ruhlanıb 2011-ci ildə nəşr etdirdiyi “Altın bağ (Azərbaycan sonetləri”) kitabında qələmə alır. Bir incə məqamı da qeyd etmək lazımdır ki, prof. E.İsgəndərzadəylə dost olan şair hansı millətin nümayəndəsi olursa-olsun, Xarıbülbülə ən azı bir şeir həsr edib. Dr.Şaban Kalkanın da “Xarı bülbül” adlı şeiri var.
Elçin İsgəndərzadə müsahibələrindən birində dediyi kimi, Xarıbülbülü yaradıcılığının simvolu kimi görməkdə, Xarıbülbülü bir simvol kimi tanıtdığını vurğulamaqda haqlıdır. Şairin Xarıbülbül sevgisi başqa xalqların şairlərinə də “yoluxub”, E.İsgəndərzadəni tanıyan Xarıbülbülə şeir yazmaq həvəsinə düşüb. Bəzən bu “həvəs” təkcə Xarıbülbüllə məhdudlaşmayıb, Şuşaya, Qarabağa… bütövlükdə Azərbaycana ünvanlanıb.
Bədii ideyaların ən tez yayılanı, həmişə oxucuya nüfuzedici təsir edəni vətənpərvərlikdir. Elçin İsgəndərzadənin poeziyasından da Vətən mövzusu qırmızı xətt kimi keçir, onun Vətən şeirləri təkcə Azərbaycan vətəndaşını deyil, bu ölkəni bir dəfə də görməyən əcnəbini belə doğma yurdumuzu sevməyə səsləyir və bu sevgiyə müvəffəq olur. O, bütün şeirlərində, müsahibələrində, məruzələrində bu sevgini dönə-dönə vurğulayır: “Biri var vətəni sevmək, bir də var, onun hər qarışının üstündə əsmək. Şuşada mənim minlərlə xatirəm qalıb. Mən dünyaya Qarabağ gözü ilə baxıram. Türkiyədə bir bələdiyyə başqanı dedi ki, Elçin bizə Nyu-Yorkdan danışanda da Şuşadan danışmış kimi çıxır. Hara gedirəmsə Qarabağa aid bir ornament axtarıram” Şairin şeirlərindəki Şuşa, Ağdam, Qarabağ sevgisi boy atıb daha böyük vətən sevgisinə – Azərbaycan, Türkiyə, nəhayət Turan sevgisinə yol alır.
E.İsgəndərzadənin şeirlərində Vətənlə bağlı həsrət, nisgil motivinin daha qabarıq görünməsi isə təbii ki, doğulduğu, uşaqlıq illərini zövqi-səfa ilə keçirdiyi Şuşanın, byüyüb boya-başa çatdığı Ağdamın düşmən işğalı altında olması ilə bağlıdır. Doğma yerlər, el-oba üçün qəribsəyən, onun hər çiçəyi, yarpağı üçün darıxan, bu həsrəti köksünə sığdıra bilməyən şairin bütövlükdə lirikasının baş mövzusu Yaralı Vətəndir. Onun sevgi şeirlərində də, ictimai motivli şeirlərində də bu Yaralı Vətənin bitkin obrazı var. “Avtoportret” şeirində olduğu kimi:

Gözlərimin yaşında
ürəyimin başında
bir bulud hüzn,
bir yarpaq nisgil.
Xəyalımda Xarıbülbül,
ilk sevdamdı elə bil.
Ömür qaralı-ağlı,
bütün yollarım bağlı.
Bu gün mənim misralarım
ormanda azmış cığır.
İçimdə təlatümüm,
üzümdə təbəssümüm
cadar-cadar, cadar-cadar.

Şairin lirik “mən”i konkret olaraq Vətəndən, yurd yerindən danışmasa da, şeirdə Vətənin simvolu kimi görünən Xarıbülbül misralara çökən ağır kədərin, dərdin ünvanını bəlli edir. Uşaqlıq, ilk gənclik xatirələrinin sığındığı müqəddəs ocağın əlçatmazlığı lirik qəhrəmanı qeyri-ixtiyari çarəsizliyə, pessimizmə gətirib çıxarır. Buna görə də dərdə bürünən şairin “Nə dünəni xatırlayıb güvənməyə bir şey var, nə də sabah üçün çin olacaq arzular” poetik qənaəti son dərəcə inandırıcı səslənir.
E.İsgəndərzadənin tərcümeyi-halını vərəqlədikdə axırıncı dəfə iyirmi yaşını Şuşada qeyd etdiyini oxuyuruq. İndi isə onun əlli yaşı tamam olur. Otuz illik yurd həsrəti kimi çəkilməz dərd yükünün şairin misralarındakı ağırlığının səbəbi bəlli olur. N.A.Semaşko yazır ki, “Bizim qiymətimiz keçirdiyimiz həyəcan və nigarançılıqlara müvafiqdir.” Başqa sözlə desək, bizə dəyər qazandıran yaşadığımız dərdlər və onların təsirilə müdrikləşməyimizdir. Bu aspektdən yanaşdıqda Elçin İsgəndərzadənin itirdikləri ilə qazandıqlarının müqayisəsi qaçılmazdır. Şuşa, Ağdam xiffəti, Xarıbülbül nisgili bir vətən övladı kimi ondan çox şeylər qoparsa da, şair kimi yetişməsində, püxtələşməsində mühüm rol oynayıb. Bu nisgil sayəsində onun təkcə poeziyası yox, bütövlükdə Elçin İsgəndərzadə ömrü Vətənləşib, daha ali məqam, daha yüksək dəyər qazanıb.
E.İsgəndərzadə üçün şeir “İlahi söz möcüzəsi”dir, “Qızıl qanla yazılmış bir ömrün faciəsi”dir. Şair isə “Köksündə qərib ürəyi”, “alnında qara yazısı” ilə dolaşan bir qəribandır. Çağdaş poeziyamızın orijinal poetik təfəkkür sahibi, əvəzsiz şairi Adil Mirseyidə ünvanladığı şeirdə işarə etdiyi kimi, şair cismi, təni ilə bu dünyada, aramızda görünən, amma əslində düşüncələrinə, yaşantılarına görə bu dünya ilə o qədər də rabitəsi olmayan ali bir yaradılışdır. “Hərdən o dünyadan gəlir, o dünyadan gəlir səsi.” Çünki, buraların ab-havası ona görə deyil, bu dünya onun poetik dünyasının boyuna dar gəlir. Buna görə də o, yaşadığımız dünyada nəfəs çatışmazlığından, sıxıntıdan, təklikdən, tənhalıqdan əzab çəkir.:

Yenə ömür vəfasız,
yenə ulduzlar uzaq.
Yenə könüllər yalnız,
gecə kabus, ulduz ağ.

Elçin İsgəndərzadə məhsuldar ziyalıdır. 100-dən çox elmi əsərin, 36 ixtiranın, 8 monoqrafiya və dərs vəsaitinin, 66 bədii və elmi kitabın, 50 tərcümə kitabının müəllifi, 200-dək bədii və elmi kitabın redaktorudur. Əsərləri dünyanın on iki ölkəsində təbliğ edilmiş, kitabları Türkiyə, İran, Quzey Kıbrıs, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Rusiya, Bolqarıstan, Rumıniya, Gürcüstan və Albaniyada yerli xalqların dillərinə çevrilərək nəşr olunmuşdur. O, dünya ölkələrinin bir çox nüfuzlu mətbuat orqanlarının – “Ədəbiyyat” qəzetinin (Azərbaycan), “Mars” dərgisinin (Azərbaycan), “Alov” dərgisinin (Azərbaycan), “Kümbət” dərgisinin (Türkiyə), “Turnalar” dərgisinin (Quzey Kıbrıs), “Kaynak” dərgisinin (Bolqarıstan), “Türkçem” dergisinin (Kosova), “Jalın” dərgisinin (Qazaxıstan), “Yeni nəşrlər” dərgisinin (Azərbaycan), “Yazıçı” dərgisinin (Azərbaycan), “Kərkük” dərgisinin (İraq), Sürməli” dərgisinin (Türkiyə) və digər nəşrlərin İdarə Heyətinin üzvüdür.
Elçin İsgəndərzadə elmə, ədəbiyyata, mədəniyyətə yorulmaz xidmətlərinə görə çoxsaylı mükafatlarla təltif olunub. “Türk dünyasına xidmət” qızıl medalı, Beynəlxalq Rəsul Rza mükafatı, “Türk elmi və mədəniyyətinə xidmət” mükafatı, “Akademik Yusif Məmmədəliyev Mükafatı”, Beynəlxalq “Nizami Aydın Mükafatı”, “Qızıl qələm” mükafatı, “Hacı Zeynalabdin Tağıyev” mükafatı, Türkiyədə “Qaracaoğlan Ödülü”, “Türk dünyası elminə üstün xidmət mükafatı”, Bolqarıstan Türk Kültür Mərkəzinin “Türk dünyasına xidmət” ödülü, Kosovada “Türkçem” dərgisinin “İlin mükafatı”, İsparta Göllər Bölgəsi Yazarlar və Şairlər Dərnəyinin “Şərəf ödülü”, “Hatay ədəbiyyatına xidmət ödülü”, Burdur Qəzeteçiler Birliyinin xüsusi mükafatı, “Bay” Kültür və Sənət dərgisinin təşəkkürü, Kosovada Süleyman Brina Balkan ədəbiyyatına xidmət Beynəlxalq mükafatı, Avropa əməkdaşlıq və İnteqrasiya Beynəlxalq Assosiasiyası tərəfindən “Avropa şahini” Beynəlxalq Mükafatı, KİBATEK Uluslararası Ədəbiyyat Ödülü və s. azərbaycanlı ziyalının səmərəli ədəbi, elmi-mədəni xidmətlərinə verilən dəyər kimi razılıq doğurur.
O, yalnız ədəbi uğurlara deyil, texniki elmlər sahəsində də yaddaqalan nailiyyətlərə imza atıb. Bu ayrıca bir tədqiqat mövzusu olduğundan haqqında geniş bəhs etməsək də, bir neçə mühüm faktı qeyd etməklə kifayətlənmək olar. Moskvada Ümumittifaq Xalq təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalına layiq görülməsi, ilk elmi ixtirasının Bakı Məişət Kondisionerləri zavodunda istehsalata tətbiqi və 1,2 milyon rubl səmərə verməsi, texniki elmlərə həsr olunmuş Beynəlxalq Konfranslarda Azərbaycanı ləyaqətlə təmsil etməsi, bu sahədə namizədlik dissertasiyası müdafiə etməsi və s. belə mühüm faktlardandır.
Göründüyü kimi, Elçin İsgəndərzadənin yaradıcılıq yoluna, əldə etdiyi nailiyyətlərə nəzər salanda ədəbi-elmi faktların sıxlığı, sadalanan ödül və diplomların, fəxri adların, titulların, ictimai vəzifələrin və s. kəmiyyəti təəccüb doğurmaya bilmir. Haqqında yazılan beş kitab, publisistik və tədqiqat əsərləri də bu həqiqəti diqtə edir. Lakin bu nailiyyətlərin qazanıldığı ömür yolunu diqqətlə araşdırdıqda aydın olur ki, o, həyatını bütünlükdə milli mədəniyyətimizin, elmimizin, ədəbiyyatımızın Beynəlxalq aləmdə təbliğinə həsr edib və bunun müqabilində qazanılan uğurların möhtəşəmliyi də təbii və inandırıcıdır. Əgər Elçin İsgəndərzadəni bir əsər qəhrəmanı kimi xarakterizə etsək, görərik ki, o, başdan-ayağa milli xarakterdir. Necə ki, Şerlok Holmş “təpədən-dırnağa qədər ingilisdir”, necə ki, Cahandar ağa iliyinə qədər Azərbaycanlıdır. Və bu millilik onu yalnız milli amallar uğrunda mübarizədə daha inadla irəliləməyə deyil, milli kimliyimizin açarı olan ədəbiyyatımızın, mədəniyyətimizin ümumbəşəri kontekstdə təsdiqinə səsləyir.