187b19a53b61

Bu nə təsadüfdür, bu nə təsadüf?
Gör harda rastlaşdıq, üz-üzə gəldik.
Ah, necə toy tutdu mənə təsaduf,
Yerin altında da göz-gözə gəldik!

Bu boyda gen dünya tutmadi bizi,
Bu küylü şəhərdə səssiz ayrıldıq.
Ayrıldıq, eşqimiz atmadı bizi,
Ayıldıq-təəssüf çox gec ayıldıq.

Olub keçənləri mən necə danım?
Sənsiz adiləşib gündüzüm, gecəm.
Kiməsə beləcə lazimmiş, canim,
Ağrıya, acıya dözüm beləcə.

Nələr arzuladıq-gör nələr oldu…
Demə bu görüş də gerçək yuxudu.
Dilimin qisməti qüssələr oldu,
Sözüm misra-misra həsrət qoxudu.

Bu metro, bu uşaq, bu sən, bu da mən,
Bu da çisənləyən qəmli baxışın.
“Gənclik”də düşmədin, söylə niyə sən,
Gənclik xatirəmin qəmli naxışı?

Zorla öyrəşmişdim sənsizliyinə,
Sən demə özün tək qüssən də gözəl.
Məni məndən edən bu görüş yenə
Siğınıb sayqıli qüssəmə, gözəl.

Artıq olan olub, hər şey ötüşüb,
Sən əli uşaqli, mən əli qəmli,
Dil də bıçaq kimi yaman küt düşüb,
Dilim söz kəsməyir, ay dili qəmli!

Azərbaycan-Quba.

Qeyd:”Gənclik” Baki Metrostansiyasında dayanacaq(stansiya) adı.