AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
İstedadlı qələm sahiblərindən olan Arzu Hüseyn özünəməxus yaradıcılıq yolu keçən gənc yazar xanımlarımızdandır. O, ilk öncə AYB-nin üzvü oldu, sonra da Prezident təqaüdçüsü. Bu uğurların ardınca ilk şeirlər toplusu olan “Sonu əlvida” kitabı “aybKitab” layihəsi çərçivəsində işıq üzü gördü. Kitabda təqdim olunan şeirlər ümumilikdə həssas bir ürəyin səmimi pıçıltılarını ehtiva edir. Bu şeirlərin heç bir texniki qüsuru da nəzərə çarpmır. Həzinliyi ilə ürək oxşayan həmin şeirlərdə, nədənsə, qeyri-adi tapıntılar edilməsinə cəhd edilmir. Gənc yazar özünüifadədə hansısa bir kəşfə can atmır. Sadəcə hisslərini şeirləşdirir; “Bu yasaq sevgini gizlində daşı, Əlində tutarlar, ələ düşərsən”- nəsihətamiz saflığa bürünmüş misralar, yaxud da “Bütün ayrılıqlar ömürlük çəkir, Ömürlük məhəbbət olmur, əzizim”. Adi bir aksiom; dünəndən ayrıldınsa ömürlük dünənə qayıda bilmirsən. Səbəb isə çox sadədir, səni dünənə qaytaracaq məhəbbət yoxdur.
Nümunələrdən də göründüyü kimi bu şeirlərin xüsusi araşdırmaya ehtiyacı yoxdur. İstənilən oxucu o şeirləri oxuyub ordakı səmimiliyə şahid ola bilər. Bununla belə, Arzunun kifayət qədər uğurlu misraları da cəm olub həmin kitaba.
Niyə ucalmısan bunca gözümdə,
Səni mən ucaltdım, mən dağ elədim.
Elə ucaltdım ki, səni özümdən
Yerdən göyə qədər uzaq elədim.
Bir dəfə ucalıq səhvi edən insan daha sonra ehtiyatlı olmağa çalışır. “Silmirəm izini yollarımdan ki, Bəlkə, o izlərlə mənə dönəsən”. Nəticə heç də gözlənildiyi kimi olmur; “Gülüstanın gül yerinə, Samanla aldatdı səni”. Maraqlı bir uyuşdurma. Saman taxıl zəmisinin yerində olur, zəmi də əvvəl yamyaşıl olur, sonra saralır, çəmənlik də. Amma fərqi odur ki, gülüstan xəzan ömrü yaşayanda o gözəllikdən heç bir əsər-əlamət qalmır. Lakin zəmi saralarkən sünbülləri insanın ən mühüm qidası üçün biçilir. Yerində qalan saman isə suda boğulanın ümid yerinə çevrilir. İnsan ümidlənəndə cəsarətlənir. “Söz verdik dağları dəlməyə amma, Gücümüz çatmadı çəpər aşmağa”. Bu əslində istək ilə gerçəklik arasındakı ziddiyyətdir. “Sən məni hər öldürəndə, Üzümə saldım doğuldum”. İlk baxışdan sevindirici durumla qarşılaşırıq. Ölümə qalib gəlinib. Amma dərinliklərinə varanda bu qalibiyyət üzünə salıb dirilməyin hesabına başa gəlirmiş. Burada isə insanın özünə zidd getməsi, nəyinsə xatirinə iradəsinə güzəşt etməsi aydın olur. Amma bunun “fəlsəfi tənhalıq, quru təbəssüm” olduğu tezliklə müəyyənləşir. “Qəlbimə nə qədər kədər salırsan, məni ürəyinə salmırsan ancaq”. Mən də “Sərxoş ümidlərim”in əlində qalıram.
Səni arzularda itirmişəm mən,
Kim tapar əbədi itik düşəni?
İllərlə saxlanan şərab kimisən,
Hər gecə yuxumda içirəm səni.
Bəlkə də, reallıqda itiriləcək adamın tapılmaq şansı var, amma arzulardan itik düşmək ən ağır cəza metodudur, həm özünə, həm də itirdiyinə qarşı. Buna görə də “bütün şeirlərim ayrılıq dadır”. Amma ayrılmaq üçün əvvəlin birliyi olmalıdır. “Biz nəsə yaşadıq, nəsə yaşadıq, Qısa bir ətəkli, kürəyi açıq”. Maraqlı bənzətmədir. “Dünən ikimizi gəzdirən yollar, Bu gün ayağımın altına gəlmir”. Həmişə kiminsə ayağına yollarla gedirik. Amma yolu ayağımıza gətirmək gözəl işlədilib.
“Bu da sevgimizin son noyabrı, Hələ ayrılığın dekabrı var…” Noyabr payızın son ayıdır. Dekabr isə qışın ilk ayı olsa da, ilin son ayıdır. Ayrılığın dekabrı gəldisə, artıq sondur. Çünki yanvarla yeni il yeni münasibətlər gətirir. Bu zaman “Səmadan gileyli nöqtələr düşər, Yarımçıq sevgilər tamamlanmasa”. Məncə həmin gileyli nöqtələr bəxt ulduzunun simvollarıdır. Bəzən göydən ulduzun sönüb düşdüyünü görəndə hardasa bir insan ömrünün bitdiyi söylənilir. Yazar da həmin misralarda buna işarə edib. Anlaşılır ki, yarımçıq sevgilərin tamamlandığı an ya o sevginin bütövləşməsidir, ya da məhv olmasıdır. Əgər sevginin ulduzu sönüb gileyli nöqtəyə dönürsə, məlumdur ki, o sevgi ömrünü başa vurub.
Onun şeirlərindən bəziləri sevgi mövzusundan kənara çıxır. “Demirəm ki…” şeiri də belədir. Bu şeirin dili də müəyyən qədər neologizmlərə meyillidir.
Saatları internetdə itiririk.
Monitora zillənir gözümüz.
Virtuallaşdıqca həyat,
Virtuallaşırıq özümüz.
Virtuallaşır hisslər də,
Biz gülümsədikcə smayliklərdə.
Şeirin dilindən söz düşmüşkən Arzunun şeirlərində bəzən qəbuledilməz dil qüsurlarına da rast gəlmək olur. Ən pisi də odur ki, bu özünü qrammatik formada büruzə verir. Bu isə dilimizin iltisaqiliyinin bilərəkdən (bəlkə də, bilməyərəkdən) pozulmasıdır. Məlumdur ki, türk mənşəli dillərdə şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Lakin Arzu bəzi şeirlərində məcazlaşma yaratmağa cəhd göstərdiyi olub, böyük dil xətasına yol verib. “Bir sənim yox dözə məni” misrasında ikinci şəxsin təki olan əvəzliyin mənsubiyyət şəkilçisi “qəbul etdiyini” görürük. Həm də “dözmək” feili təsirsiz feil olduğu halda, onu təsirlik halda olan “məni” əvəzliyi ilə işlədib. Bu tipli başqa bir misal da çəkə bilərik “Mənim bu dünyada təkcə sənim var”.
“İçimdə ağlayan şeir” də müəyyən qədər ümumilikdən kənara çıxan şeirlərdəndir.
Nə rəngdədir bilirsənmi,
Ac körpənin çörək eşqi?
Nə boyaya boyanıbdır,
Kardioloji xəstənin,
Həyat eşqi, ürək eşqi.
Suallar nə qədər ritorik olsa da, bir o qədər də diqqət çəkəndir. Ac körpənin çörək eşqinin nə rəngdə olduğu ilə maraqlanmayan laqeyd insanların çoxaldığı dünyamızda, Arzunun bu mövzuya belə həssaslıqla yanaşması təqdirəlayiqdir.
Arzunun şeirlərinin əsas mövzusunu sevgi təşkil etsə də, bəzən onun da ruhani şeirlər yazmasının şahidi oluruq.
Qəm varmı məndən o yana,
Yol varmı qəmdən o yana,
Keçib özümdən o yana,
Özümə gəlməyim gəlir.
İlk misrada şairin özünü qəmin son məskəni kimi təqdim etdiyini görürük. Sonrakı misra bunu təsdiqləyir. Əgər qəm məndə bitirsə, qəmdən o yana yol başlamırsa, deməli, sonsuzluq elə mənəm- insandır. Çünki insandan o yana keçsəm də, sonunda yenə özümə dönürəm.
Onun poeziyasında doğma yurdu olan Qubadlıdan ayrı düşməyin də poetik ifadəsini görmək olar.
Qərib düşüb elim mənim,
Nə yurdum var, nə məskənim.
Viran olub evim mənim,
Qalıb qapısı salamat.
Son misralar dəhşətin dözülməz ifadəsidir. Yağmalanmış evin qapısı salamat qalıb. Bu əslində məcazi məna daşıyır. Yəni həqiqətdə salamat qalan qapı deyil, o qapının giriş-çıxış yolu olmasıdır ki, oradan da ancaq düşmənlər yol sala bilir. Amma yazımızı nikbin sonluqla tamamlayaq ki, ilk kitabı Arzu Hüseynin gələcək uğurlarının körpüsü olsun; “Sanıram hələ də yuxudayam mən, Yanımda olarsan ayılan kimi”.