Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Nuraydan savayı ailədə hamı Sevinclə Sənanın dostluğuna qarşı idi. Buna görə dünəndən evdə səs-küy qopmuşdu. Rəngi solmuş bəstəboy divarlar evdəki qarışıq və mənasız qıy-qışqırıqdan yazıq görkəm almışdı. Sevinc də ona edilən təzyiqlərdən cana doymuşdu. Amma kimsə bunun fərqində deyildi.
Nadir kişi qızının hələ də uşaq ağlında olduğunu zənn edirdi. Son illər çöldə-bayırda qarşılaşdığı xoşagəlməz hallar onu doğma qızı barədə yanlış düşünməyə məcbur edirdi…
Ailənin yarıtmaz üzvü, Sevincin qutuda ilan kimi gördüyü qardaşı Yusif də bacısının dost olmaq arzusunu heç cür həzm edə bilmirdi. O, bu gün də lovğa görkəmi ilə səs-küyə səbəb olmuşdu. Qəzəbli idi. Həm də içində gizildəyən çürük niyyətini həyata keçirmək üçün yaxşı bir plan da hazırlamışdı. Xeyli vaxtdan sonra özünü elə apardı ki, guya ürəyinə Allah xofu çöküb. Köhnə xalça-palaz döşənmiş darısqal otaqda xeyli var-gəl etdikdən sonra dedi:
– Sənanla dostluq etməyinə bir şərtlə razıyam: onun həqiqətən idmançı olduğuna əmin olmalıyam. Yalnız bundan sonra aranızdan çəkilərəm.
– Mən nə etməliyəm? – deyə Sevinc soruşdu.
– Heç bir şey, sadəcə, o küçüyə zəng vurub evimizin üst tərəfindəki parka dəvət edəcəksən. Gerisi mənlikdir.
Sevinc qardaşının hansı məqsədə qulluq etdiyinin fərqinə varmasa da, sevdiyi şəxsə “küçük” deməsi ona acıq gəldi və içindəki narahatlıq onu möhkəmcə sıxdı. Bu sıxıntı onun bənizini soldurdu.
Bacısının sifətində dəyişiklik hiss edən Yusif dilləndi:
– Nədi, yoxsa zəng vurmaq istəmirsən? – Lovğalıq onu əhatəsinə aldı: – Qorxma, dostunu öldürmək fikrində deyiləm. Boksa ona görə getməmişəm ki, hər gədə-güdə ilə çənə-boğaz olum.
Sevinc yavaş-yavaş qəzəb dolan gözlərini qardaşına zillədli:
– Söz ver ki, sən ona heç nə etməyəcəksən!
Yusif planının baş tutduğunu görüb dedi:
– Qardaş sözü verirəm. – Sifətinə yalançı bir təbəssüm qondurub əlavə etdi: – Mən bunu səninçün edirəm, bacı. Səni hər yoldan ötənə etibar edəsi deyiləm ki…
Sevinc öz otağına keçdi, göyərçin bədəninə oxşar əlini yazıq görkəm almış telefona uzadanda, barmaqları kiçik çillənin soyuğuna tuş gəlmiş körpə uşaq kimi titrədi. Telefonun dəstəyini titrək barmaqlarının arasına alanda elə bildi, dostuna xəyanət edir, bir anlıq duruxdu, nə düşündüsə Sənana zəng vurdu. Aradan kəpənək ömrü qədər vaxt ötəndən sonra Sənanın səsi eşidildi. Sevinc dili topuq vura-vura dedi:
– Sənə ehtiyacım var, Sənan. Ürəyim sıxılır, səni görmək istəyirəm.
Sənanın səsində narahatlıq hiss olundu:
– Harda görüşək?
– Evimizin üstündəki parkda.
– Yaxşı, yarım saatdan sonra orda olacam.
Sevinc küt bir fikrin içində sıxıldı. Hansısa qəribə bir hiss onu boğmağa başladı. Dəstəyi yerinə asdı. Otaqdan çıxdı. Üzünü bir az aralıda cəllad kimi çəpəki dayanmış qardaşına tutdu:
– Yarım saatdan sonra gələcək. Cəsarətin çatır, ona bir pislik elə, gör bu evi başına yıxıram, ya yox.
Yusif cavab vermədən yan otağa keçdi. Orada bir-iki dəqiqə qurdalandıqdan sonra evi tərk etdi. Sevinc bu dəfə bəzənmək istəmədi, bəlkə də həvəsdən düşdüyü üçün belə etdi. Onu bu dəqiqə dostunun yarım saatdan sonrakı taleyi düşündürürdü. Yaxşı başa düşürdü ki, dostluq naminə ciddi risqə yol verib. Amma Sənanın da gücünə inanırdı. Əmin idi ki, o, bu mənasız “döyüş”də qalib gələcək.
Anlar köpüklənə-köpüklənə dəqiqələrə çevrildi. Dəqiqələr də öz köçünü sürə-sürə vaxtın-vədənin ortasına çatdı. Və yarım saatın tamamında Sənanla Sevinc deyilən ünvanda görüşdülər; elə-belə, sadə şəkildə. Yalnız bir-birlərinin əlini sıxdılar. Sənan dostunun böyük bir narahatçılığın içində çabaladığını görüb ehtiyatla soruşdu:
– Sənə nə olub?
Sevinc gözlərini səmada boğuq rəng almış seyrək bulud topalarına zilləyərək xeyli fikrə daldı, dərindən ah çəkdi və nəsə deməyə çalışdı. Sanki dili qatlandı, deyəcəyi söz dodaqlarının arasında əridi, başını su üstünə sallanmış ağacfason aşağı salladı, bu ara gözlərinə yüngül qaranlıq çökdü. Sənan onu qarşıdakı oturacağa tərəf çəkdi, əyləşdilər. Xeyli sükutdan sonra Sevinc dilləndi:
– Bu həyat niyə bu qədər mənasızdı, Sənan?!
Sənan, gözləri ümidsizlik girdabının sıxıntılarında çabalayan dostunun saçlarına sığal verə-verə dedi:
– Yox, Sevinc, elə deyil, həyatın mənası onu doğru-dürüst yaşamaqdadır. – Sənan bununla Sevincə toxtaqlıq verməyə çalışdı.
Sevinc narazı halda başını buladı:
– Doğru-dürüst yaşam insana yalnız kasıb, mənasız həyat vəd edir. Mən belə həyatdan bezmişəm.
– Elə demə, dostum, həyatdan bezmək Allahdan bezməkdir. Biz Allahın verdiyi ömrü yaşayırıq. Bundan artığına gücümüz yetməz. Biz Allahdan fərqli ömür istəməklə tamahkarlıq və itaətsizlik etmiş olarıq. Səncə, iki inəyin olduğu halda üçüncüsünü istəmək tamahkarlıq deyil?
Sevinc bu vaxtadək üzünə hopdurmadığı bir görkəmlə Sənanı süzdü, yəni demək istədi ki, heç inəyin yeridir?! Sənan da sanki onun üzünün ifadəsindən nə demək istədiyini anladı və söhbətin məğzini dəyişmək üçün əlini cibinə apardı, oradan səliqə ilə bir neçə yerə qatlanmış bir kağız parçası çıxartdı, dedi:
– Sevinc, sənə şeir həsr eləmişəm, həvəsin varsa, oxuyum.
Sevincin narahatlığı əməlli-başlı hiss olunurdu. Odur ki, ayağa qalxdı və acıqlı halda dedi:
– Şeir vaxtı deyil, niyə başa düşmürsən?!
Sənan da ayağa qalxdı, körpə uşaqlarsayaq çiyinlərini çəkdi:
– Axı nə olub?
Sevinc indicə ümid çəpərinin üstündən çox rahat şəkildə o tərəf-bu tərəfə keçən Sənana diqqət yetirməyə başladı. Sənanın müdhiş geyimi onu maraqlı bir hissin qoynuna atdı. Dostunu həmişə kostyumda görmüşdü, onun bu dəfəki geyim tərzi ayrı bir aləmdi. Deyəsən, Sənanın idmançı geyimi Sevincin xoşuna gəlmişdi. Gözlərini ondan çəkə bilmirdi.
Sənan bugünkü görüşün hansı xarakter daşıdığını müəyyən etməkdə çətinlik çəkirdi. Heyranlıqla soruşdu:
– Sevinc, axı sənə nə olub? Nədən özündə deyilsən?
Bir az aralıda Yusifə oxşayan yöndəmsiz bir kölgə göründü. Kölgədən çıxan kobud səsi Sənanla Sevincin arasında keçilməsi mümkün olmayan dərin uçurum yaratdı. Parka ani sükut çökdü. Sevinc başını aşağı sallamış vəziyyətdə durmuşdu. Sənan bu kobud səs yiyəsinin kim olduğunu bilmək üçün arxaya çevrildi:
– Sən kimsən?
Kölgə əlləri ciblərində, səhər erkəndən gimnastika ilə məşğul olan nərmənazik qızlar kimi belini yana-böyürə əsdirə-əsdirə dedi:
– Mən, bax o yanındakı qızın qardaşıyam. Adım da Yusifdi – peyğəmbər adıdı. – O, bu ifadəni elə tərzdə işlətdi ki, sanki alçaq dağların hamısını o yaradıb. Onun özündən razı duruşu Sənanı hövsələdən çıxartdı. Üzünü arxaya – Sevincə çevirdi, maraqla onu süzdü. Amma heç nə demədi, təzədən kobud səs sahibinə tərəf çevrildi və ona yaxınlaşmaq istədi. Bu an Yusif arxaya çəkildi və əlini Sənana uzadıb dedi: – Yaxınlaşma, yoxsa səni qum kisəsi kimi əzərəm.
Sənanı gülmək tutdu. Ancaq gülmədi, gülüşünü ciddi baxışlarının soyuğunda dondurdu. Yusif əlini cibinə atdı, dünən məhəllədə Qız İsmətdən aldığı bıçağı çıxartdı və havada yellətdi:
– Bizim tərəflərdə həddini aşan adamları qulaqlayırlar. – Azacıq qabağa əyildi: – Bilirsən də, qulaqlamaq nə deməkdir…
Sənan barmaqlarını sıxıb durmuşdu. Elə durmuşdu ki, elə bil bu dəqiqə nərə çəkəcəkdi. Yusifin səsi ona seyrək duman kimi yapışdı:
– Sən də həddini aşmısan, gədə. Nə deyirsən, qulaqlarını kəsim, yoxsa sifətini əzilmiş pomidora oxşadım?!
Qəfildən Yusifin ətrafında 6 nəfər göründü. Sevinc şokdan ayılmış adamlarsayaq diksindi və qardaşına sarı yerimək istədi. Yusifin cır səsi onu dayanmağa məcbur elədi:
– Tərpənmə. Səninlə evdə danışacam. Hələlik qoy gözünün qarşısında dost dediyin bu adamı yaxşıca əzişdirək. Bax, ləzzət al.
Sevincin gözləri hədəqəsindən çıxdı:
– Sən əsl manyaksanmış, əclaf! Mənə qardaş sözü verdin, amma vəhşilik edirsən. – Sevinc Sənana sarı dartınmaq istədi, qardaşının zərbəsindən səndələyib yıxıldı.
Yusif və “adamları” Sənanı dövrəyə almışdılar. (Adama elə gəlirdi beş-altı boz bulud kimsəsiz bir təpəni gözümçıxdıya salıb). Görkəmlərindən onlar da idmançıya oxşayırdılar. Cüssəli idilər. Hamısının da sifətindən zəhrimar yağırdı. Əllərində dəmir parçaları vardı, elə bil əzizlərini öldürmüş bir adamdan hayıf almağa gəlmişdilər.
Sevinc ölüm qədər dəhşətli qorxunun içində çabalayarkən Sənanın səsi gurladı:
– Hə, nə durmusuz, kişi deyilsiz, tərpənin də…
Sənanın “nəriltisi” Sevincin qorxusunu əritdi. Əllərini özünə dayaq eləyib ayağa qalxdı, utancaq baxışlarla dostuna boylandı.
Parkın ortasında – adamların var-gəl etdikləri boşluqda qırğın başladı. İntiqam hissi ilə dolmuş cüssəli adamlar dişlərini qıcayaraq eyni vaxtda Sənana hücum etdilər. Sənan akrobatik sıçrayışla dövrənin içindən havaya qalxdı, bir qədər aralıda ayaq üstə yerə düşdü və dərhal da ayaq fəndlərini işə saldı. Sonra əl fəndləri ilə “düşmənlərinə” həmlələr endirdi.
Sənanın sıçrayışlarla həyata keçirdiyi fəndlər Yusifi və onu döymək üçün gələn o biri 6 adamı camaatın ayaqlarının altında rəngi getmiş daş döşəmənin üstünə sərdi. Sənan buna cəmi bir dəqiqə vaxt sərf etdi.
Parkı inilti basmışdı. Sevinc də heyrətdən donmuşdu.