Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru
Torpaq,yurd, ana, Vətən kəlməsi nə qədər hikmətli və mənalı kəlmələr nə qədər müqəddəsdir! Deyilişi şirin olduğu kimi,məzmunu,qayəsi də yüksək və hikmətlidir.
Biz Vətəni dedikdə anamızı düşünürük. Çünki vətən də bizə anamız qədər doğma,anamız qədər əzizdir.Ana müqəddəsliyi vətən müqəddəsliyi,vətən ucalığıdır.
Vətəni qorumaq kimliyimizdən, cinsimizdən asılı olmayaraq hamımızın borcudur .
Vətəni mühafizə etmək üçün sağlam əqidəli, qətiyyətli vətəndaşlara ehtiyac vardır.
Vətən istəyi, vətən namusu, vətən qeyrəti vətəndaşlara xas olan qabarıq keyfiyyətlərdən biri olmalıdı. Vətən sevgisinin mənbəyi, ümumiyyətlə torpağa olan bağlılıq və hörmətdir ki, bu nemət Uca Allah və Peyğəmbərimiz (c.c) tərəfindən bizə əmanət edilmişdir. Bu vətəni, bu torpağı bizə ata-babalarımız necə əmanət qoyublarsa, biz də bizdən sonrakı nəsillərə bu yurdu, bu eli sağlam bir şəkildə təhvil verməliyik.
Muhəmməd (s.ə.s) buyurmuşdur: “Vətəni sevmək imandandır”. Belə ki, öz Yaradanını, niyə yaradıldığını, özünü, kimliyini anlayan insanda vətəninə qarşı sevgi mütləq yüksək səviyyədə olacaqdır. Əks halda bu torpaqda yaşamağımız, faydalanmağımız bizim vicdanlı yaşayışımıza zidd hala gətirib çıxaracaqdır. Yadıma uzun illər bundan əvvəl yazdığım “Azərbaycan uğrunda” şeirimdən bir neçə bənd düşdü:
Əsgərlərimin himni ədalət nəğməsidi,
Səngərlərin igidlər, ərənlər nənnisidi.
Mübarizin, Ramilin əməli haqq səsidi,
Bir kəlmə şüarı var, dilində dodağında,
Hamımız çalışırıq Azərbaycan uğrunda!..
Ömür boyu vətənin həm şad, həm də kədərli günündə yanında olmaq gərəkdir.
Məşhur atalar sözü vardır: “Dost dar gündə tanınar”. Həqiqətən də dar gündə tanınmaq daha şəffaf baş verir, nəinki xoş gündə. İnsan həqiqətən sevdiyi bir işin reallaşması üçün bütün qüvvələrini səfərbər edir ki, nəticə müsbət olsun. Çünki bunu kiməsə xatir etmir. Tam içindən gələn bir istəkdir. Əslində kamil insanların da həyat tərzi belədir. Belə insanlar gördükləri hər işi sevə-sevə, ağılla və mənəvi həzz alaraq edirlər. Vətənin çətin günündə həll yolu düşünüb addım atmaq da belədir. Kamil vətənpərvər insanlar lazımi, düşünülmüş addımlar atırlar. Hətta bəzən gözlənilmədən işlər görürlər ki,cəmiyyət bu addımı ilkin mərhələdə tənqid edir. Fəqət onun mühümlüyü sonradan anlaşılır. Vətən üçün çoxlu xeyirxah işlər görmək olar. O əməllərdən ən mühümü lazım olduğu təqdirdə vətən uğrunda öz canından keçməkdir.
Ana torpağımıza məhəbbət daxilindən, qanımızdan irəli gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətən sevgisi, ana sevgisi qədər müqəddəsdir. Bu cür sözləri, ibarələri nə qədər desəniz yazmaq olar, demək olar, şüar formasına salıb hər yerə yaymaq da olar.
İnsanın dünyaya göz açdığı yurda qırılmaz tellərlə bağlılığı, yurdun azadlığı, inkişafı naminə mübarizələri daim bəşəri mövzu olaraq ən müxtəlif xalqlara, dövlətlərə mənsub sənətkarların diqqətini cəlb edib. Azərbaycan incəsənətinin və ədəbiyyatının tarixində vətənpərvərlik mövzusunu tərənnüm edən yüzlərlə örnəklər yaddaşlarda dərin izlər buraxıb. Torpağı ürəkdən sevən, onun uğrunda hər zaman şüur və cəsarətlə mübarizə aparan insanların tərbiyəsi, hər bir ürəkdə vətən qayəsinin bütün digər düşüncələrin fövqündə dayanması müstəqillik yolunda inamla irəlilədiyimiz bu günlərdə daha aktualdır. Vətən sevgisi ən zəruri məsələləri həll etmək üçün bütün vətəndaşları birləşdirə bilən qüdrətli bir stimuldur.
Qəlbimizin ən böyük nəğməsi Vətən nəğməsidir. Sonsuz ənginliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər, hələ beşikdə çırpınan balaca körpələrimizin ürkək qəlbləri ancaq bu nəğməni zümzümə edir. Bu nəğməni hərə bir cür oxuyur. Onu döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə də oxuyanlar olub. Bulaq pıçıltısı, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə oxuyanlar da olub.
Yenə gələcək inan, firavan çağlarımız,
Bərəkətli, nemətli Qarabağ bağlarımız!
Babalardan əmanət vüqarlı dağlarımız,
Müqəddəs Qibləgahdı üçrəngli bayrağın da,
Çalışıb-vuruşuruq Azərbaycan uğrunda!!…
Torpağımız səcdəgahımızdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz Vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqaliyyəti uğrunda hər an canını da verməyə hazırdır. İnsan həyata bir dəfə gəlir. Müdrik bir kəlamda deyilir: “Vətəndə ölməyən iki dəfə ölür”. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. Vətənimiz əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın, bu torpaq uğrunda şəhidlik zirvəsinə yetişən igidlərimizi ruhları dolaşır. Gəlin, hamılıqla müqəddəs Yurdumuza əbədi səcdə edək!