11194547_720217531440693_5264594143393862352_o

Taninmiş jurnalist, ustad şair-publisist çox hörmətli ELDAR İSMAYİL mənim yaradıcılığım haqda yazı yazıb. Ona öz dərin təşəkkürümü bildirirəm. Mənim üçün əsl şəxsiyyətlərdən biri olaraq ona böyük nəhəbbətim var. Var olun ustad..
SÖZƏ QƏDR- QİYMƏT VERƏN ŞAİR
Mənim aləmimdə poeziya yəhərli-yüyənli, bərli-bəzəkli, telli-toqqalı, köhlən bir atdır. Üzəngisi, tapqırı, quşqunu yerindəsə yəhər bütövdür. Lakin sinəbəndi, qayışı, cilovu vurulmayıbsa at minik üçün hazır deyil. Həmçinin klassik Azərbaycan poeziyasında da məhz belə bir anlayış yaşamaqdadır. Sözü köhlən ata bənzətsək onun bölgülərini, qafiyələrini, hecalarını, rədiflərini, ölçülərini yaddan çıxarmaq olmaz. Biz ağzımızda poeziya deyiriksə o nəsrlə yazılmış əsərlərdən kəskin şəkildə fərqlənməlidir. Poeziyada bir coşğunluq, musiqi, ahəng və lətafət mövcuddur. Çox vaxt şairlər qoşma, gəraylı, bayatı və s. yazarkən zümzümə altında kağıza köçürürlər. Poeziyada ilhamverici bir güc var ki, o da oxucunu qürura, vüqarlı olmağa, vicdan və şərəfli olmağa səsləyir… Məhz belə bir duyğunu, görüntünü, ölçülü-biçili şeir nümunələrini istedadlı şair Nəcibə İlkinin poeziyasında gördüm. Sözün qədr-qiymətini uca tutan sənətkar cəsarətinin şahidi oldum. Nəcibə xanım İlkinin yaradıcılığı ilə mən uzun müddətdir ki, tanışam. Onun kitabların da dərc olunmuş şeirləri, dövrü mətbuatda çıxan poetik nümunələri məni həmişə bir oxucu, bir həmkar kimi özünə çəkmişdir.

Taleyimiz nə qəribə,
Salıbdı bizi qəlibə.
Yox olaydı kaş Nəcibə
Sənə könül verməyəydi…

Dağdan üzü aşağı axıb gələn, qayadan tökülən şəlalə səsi var bu şeir parçasında. Taleyin hökmü ilə bu qəlibə düşən eşqini vəfasızlıqdan qınamır: “kaş ki, mən yox olaydım, sənə könül verməyəydim”-deyir. Olduqca gözəl bir şeir nümunəsi: dil aydınlığı, nəğmə zənginliyi, məna dərinliyi… Şairin yaradıcılığı etnik-milli düşüncə süzgəcindən keçirilmiş, olduqca mükəmməl və təsirli şeirlər, bəndlər, beytlərlə zəngindir.

Neynəyim, bəxtimi yazıbdı fələk,
Gör necə dilbilməz yarım var mənim.

Şairi digər yaradıcı həmkarlarından fərqləndirən cəhət orijinallıq, özünə məxsusluq, mənalı deyim tərzidir. Iki misralıq bu şeir paprçasında da Nəcibə xanım öz dəsti-xəttinə sadiq qalaraq sevgi dünyasındakı həsrət anlarında kimisə “vəfasız, ilqarsız, insafsız” deyə ittiham etmir. Bəxtin, taleyin yazısı kimi dəyərləndirir, ancaq onu “dilbilməz yarım” deyə suçlayır. Nəcibə İlkinin poeziyasında diqqəti çəkən cəhətlərdən biri də onun yüksək mənəvi-əxlaqi dəyərlərə söykənməsidir. Ata-anaya, övlada, elə-obaya, Vətənə, millətə bağlılığıdır. Nəcibənin poeziyasında əxlaqilik, ucalığa, saflığa çağırış motivləri Vətən sevgisi ilə üzvi surətdə bağlıdır. “Ay Şuşam” şeirində oxuyuruq:

Niyə mənim gözlərimdə yaş oldun?
Ürəyimdə bir əriməz daş oldun.
Tərlan idin, bayquşlara tuş oldun,
Nə bəladır çəkir başın, ay Şuşam?

Şairin dilinin saflığı, təmizliyi, qüdrəti milli coğrafiyanın çevrələdiyi mühit və ilk növbədə ata ocağı ilə bağlıdır. Nəcibə xanım dilimizə hörmətlə yanaşan şairdir. Onun yaradıcılığında Azərbaycanın poetik-fəlsəfi ifadə modeli aydın şəkildə görünməktədir. Ilk dəfə anasından və ata ocağında öyrəndiyi dili ilə “Anam” şeirini bu misralarla tamamlayır:

Ümidlər, arzular çırpıldı daşa,
Ölümlə ayrılıq durdu baş-başa.
Qardaşla oğulun məzarı qoşa,
Oddan od ələyib götürdü anam,
Bir qardaş, bir oğul itirdi anam!

Mövzuya görə forma seçməkdə kamıl sənətkar bacarığına malik olan Nəcibə İlkin şeirləri təkrarcılıqdan uzaq, əlvan xalı kimi müxtəlif çalarlarla zəngindir. Bu da yaradıcı insan üçün, xüsusilə şair üçün başlıca məziyyətlərdir. Şairin hansı şeirini oxuyursan oxu, orda müəllifin nəfəsini, ruhunu, bütün varlığını duymaq mümkündür. Bu mənada Nəcibə xanımın “İllərin o tayı gözləyir məni” şeiri səcivvəyidir.

Neyləyim bu qəlbi sərxoş dünyaya?
Məni məst eylədi, düşdüm sevdaya.
Sirdaşım, həmdəmim hər daş, hər qaya,
İllərin o tayı gözləyir məni.
Xəyallar başına yığıl ha, yığıl,
Dərdlərin əlində olmuşam nağıl.
Məni yaşatmadın, a dünya, dağıl,
İllərin o tayı gözləyir məni.

Nəcibə xanım geniş oxucu kütləsinin sevdiyi şairlərimizdəndir. Artıq onun qələmindən çıxan hər poetik nümunə yetkin ustad bir şairin dünyasından xəbər verir. Bədii dəyərləri ilə zənginliyini qoruyan Nəcibə İlkin poeziyası fəlsəfi-estetik məziyyətləri ilə millilik bəşərliyin poetik vəhdətini təcəssüm etdirir desəm yanılmaram. Üzümü dəyərli oxuculara tuturam, oxuyun Nəcibə İlkin yaradıcılığını, o zaman mənim kiçik qeydlərimə bəli demiş olacaqsınız.

Eldar İSMAYIL, şair, yazıçı, Əməkdar jurnalist.