DAŞ «GÖZƏLLƏMƏ»Sİ
Ürəksizə «daşsan» deyib daşın ürəyinə dəymə,
Daş var ki, əsrlər döyüb, başını o daşa döymə.
Daşa versən əməyini heç vaxt səni xar eləməz,
Söz var desən daş əriyər, qəlb var ona kar eləməz.
Adamın unutduğunu daşın yaddaşı unutmur,
Kimsə haqsız daşa tutur, haqsız atılan daş tutmur.
Axar suya yuxu danış, sirrini qara daşa de,
Daş – son mənzildəki dostun, məzarının qardaşıdı.
Bağlı-bağlı qapıları döydüyümüz daşlar açdı,
Daşlar tikdi evimizi, yolumuzdan daşlar qaçdı.
Dostun, yadın səbri çatmır, dərdimizi daş dinləyir,
Bu dünyanın gərdişinə daş ağlayır, daş inləyir.
Çörəyimiz daşdan çıxır, işimiz daşa dirənir,
Bərkiyirik daş oluruq, bəzən daş bizdən imrənir.
Ölür yarpaq da, çiçək də, o yurd yerində daş qalır,
Min ildən qalma daş bizi tarixin yadına salır.
İNDİ YARAŞIRIQ DAŞ MAĞARAYA
Bu daş adamların içində bezdik,
İndi yaraşırıq daş mağaraya.
Dolu mənzillərdə nələrə dözdük,
Qayıdaq o qədim, boş mağaraya.
Fələkdən təzə bir ömür qoparaq,
Ayları, illəri bölək təzədən.
Gedək, özümüzlə ürək aparaq,
Ürəklə yaşayaq, ölək təzədən.
Qaçaq qəbirlərin yad qılığından,
Qurtaraq bu canı ölü qalmaqdan.
Həbsdən çıxaraq tənhalığı da,
Dincəlsin mağara zindan olmaqdan.
Dünyada nə desən adamdan çoxdu,
Adam tək oxşayaq sirli daşları.
Özgə dəyişəcək libası yoxdu,
Astarıynan üzü birdi daşların.
Gözlərim yol çəkdi, məni yol yordu…
İçimizdən ayrı yola dönməyək.
Necə istəyirsən yaşayaq orda,
Öləndə burdakı kimi ölməyək.