
QALDI Kİ?
Dindirmirsən yenə məni-
yar, səbəbi nə oldu ki?
Sındır hicran çəpərini-
o getdiyin nə yoldu ki?
Boş keçir ömrün zamanı,
zülmət söndürür yananı,
eşitdin hansı yamanı-
“ağıl verən” kim oldu ki?
Zaman uzun- ömür gödək,
güc gəlir dartana-yedək,
Haqqı kimə ümid edək-
əmanət yeri vardı ki?!
Çönübdür çarxı cahanın,
sönməkdə şamı zamanın,
hara gedək? Bu Dünyanın
salamat yeri qaldı ki?
DÜNYA YENİDƏN QURULUR…
Zəhərlə doldu “külqabı”,
otağım tüstüylə dolur;
hər şeyin çıxır xarabı-
Dünya yenidən qurulur,
Dünya yenidən qurulur-
dadı qaçır ədəbin də,
qitələr sınıb-qırılır
“Super güclərin” əlində,
Dünya yenidən qurulur-
duyulmur məzlum gileyi,
puç olur, sınır, dağılır
xırda xalqların taleyi,
Dünya yenidən qurulur;
yer yox həşirə- haraya,
Tanrı, çarə qıl, nə olur-
qoyma Sənin qurduğunu
insan bildiyitək qura…
Bir cavab yazın