QUZEY BƏNÖVŞƏSİ
Bənövşə gözləri gülür baharın,
Götürüb aləmi quşların səsi.
Tumurcuq-tumurcuq çıxır canından,-
Çılpaq ağacların soyuqdəyməsi.
Gecənin yuxusu ərşə çəkilib,
Bənövşə ətrinə elçi düşüb dan.
Gözümdə qışlanan həsrət çiçəyim,-
Səni də tanıdım ayrılığından.
Quzey bənövşəsi bir az gec solur,
Sevən ürəkləri sərinlətməyə.
Dağların döşünə yatıb ki ahım,-
Üzünə bənövşə nəfəsi dəyə.
QAPIMIZA ELÇİ DÜŞÜB EHTİYAC
Haradandır bu hıçqırıq neydəki?!
Şirinləşdi dilim bu gileydə ki.
Tənha quşdan qatar olmaz göydə ki,
Durnaları sevdim dəstə şəklində.
Xatirənlə oynayıram “gizlən-qaç”,
Gəl saçına düyün vurum, sən də aç.
Qapımıza elçi düşüb ehtiyac,
Bir ala göz, boyu bəstə şəklində.
Gördüm yolum dirənibdir yoxuşa,
Pöhrə oldum sığındığım koğuşa.
Hər gün səni nəzmə çəkdim, ay Şuşa,
İtkin düşmüş bir şikəstə şəklində.
RƏNGİNİ İTİRMİŞ EŞQDİR HƏSRƏTİN
Rəngini itirmiş eşqdir həsrətin.
Girib aramıza yaman uzandı.
Səni tanımağım ayrılığından
Yarı cinayətin, yarı cəzandı.
Qəlbimdən süzülən şirin duyğusan,
Hələ yaz nəfəsin gəzir üzümdə.
Ahdan köz götürən bir ocaq kimi
Yanır baxışının yeri gözümdə.
Hər gün göz yaşımla suvardım deyə
Cücərdi qəlbimdə bu eşq tumu da.
Bir qız yuxusunda dəfn eləməyə
Çiçəklər aparır tabutumu da.
ZALIM GÖZƏL ŞAİRİ DƏ QINAYAR
İstəmirəm qarşılaşaq yalandan.
İstəmirəm yolun məndən yan düşə.
Ömür boyu üzü gülməz bu eşqin,
Yar könlünə şöhrət düşə, şan düşə.
Saz sinəmdə pərdə-pərdə oynadı,
Gözüm tutan bəxtəvər də oynadı.
Qol götürüb hamı dərdə oynadı,
Az qaldı ki, aralığa qan düşə.
Kirpik çaldın, könlüm batdı qana yar,
Ayna tutsam, baxışların qanayar.
Zalım gözəl şairi də qınayar,
Vay halına, belə vaxtda can düşə.
AYRILIQ YERİ…
Göz yaşı ürəyin fırtınasıdır,
Rəsmini çəkmişəm sənin bu suda.
Dünyanı fəth edib son şərqisiylə,
Bizdən divanəlik öyrənir Qu da.
Bilirəm yanında daha yerim yox,
Məni unutmaqdır ehtiyacın da.
Tumurcuq fəslisən bu ayrılığın,
Ahım çiçəkləyib dar ağacında.
Ayrılıq yeridir bu dünya elə,
Biz vida gözləyən bir köç qatarı.
Gəl ocaq qalayıb ötən günlərdən
Bir ümid işığı yandıraq barı…
AHIMLA VERDİM EŞQƏ CAN
Dağılıb saçın üstünə.
Əl elə, qaçım üstünə.
Çılpaq ağacın üstünə
Sən də budaq-budaq yeri.
Ahımla verdim eşqə can,
Aramıza düşmədi qan.
Hər tərəfi alıb duman,
Nə düz qalıb, nə dağ yeri.
Gözüm zəvvar, yaxan da pir,
Düymələri açım bir-bir.
Bir öpüşün heykəlidir
Üzümdəki öpüş yeri.
VƏTƏN DADI
Bir ayrılıq çeşməsidir
Gözümdəki su qürbətdə.
Əcəb vətən dadı verir,
Gördüyüm yuxu qürbətdə.
Dalğaları saya-saya,
Əksim düşdü axan çaya.
Yüz belə ömür yaşaya
Oxumaz ki Qu qürbətdə.
Saçlarımda dən seçmişəm,
Bir ruhsuz bədən seçmişəm.
Gəl, sənə Vətən seçmişəm
Ürəyimi bu qürbətdə.
MÖCÜZƏDİR BU SEVDA
Eşqə zəvvar könlümü,
Müqəddəs pirlər çəkir.
Möcüzədir bu sevda.
Adamı sirlər çəkir.
Qanında yu qəribi,
Aparsın su qəibi.
Sevdiyin bu qəribi
O qürbət yerlər çəkir.
O qırışmış əllərin,
Rəsmidir xəzəllərin.
Qocalan gözəllərin
Zülmün şairlər çəkir.
YOLLAR DA AYRILIQ ÇƏKİR İÇİNDƏ
Səhər yaxasını açır gecənin,
Ulduzlar boynunu bükür içində.
Şükür eləyirik Göyə üz tutub,
Göylər gözəlləşir şükür içində.
Uduzdum ortaya nərdi çəkməklə,
Yalandan sınağa mərdi çəkməklə.
Özümə öyrətdim dərdi çəkməklə,
İlişib qalmışam fikir içində.
Sevən oyuncaqdır, məhəbbət oyun,
Məni məğlubların yerinə qoyun.
Hər ayaq iziylə olub qol-boyun
Yollar da ayrılıq çəkir içində.