Kərim indi elə bir vəziyyətə düşmüşdü ki, bilmirdi oğluna nə desin. Cəmilə mətbəxdə Kərimə Aynurla birlikdə gördüklərini ərinə danışanda Kərim utandığından Aynurun qarşısına çıxa bilmirdi.
– Səfərin boyunu yerə soxum. Axı, o qızı sevmirdi, nə məcbur idi?
Cəmilə Kərimi sakitləşdirməyə çalışırdı.
– Niyə yalan deyim,mən də gözləmirdim. Səfər içkili olub, qızı zorlamayıb. Qızın da canında az olmayıbda. Düzdür, Lamiyəni Səfərə yaraşdırırdım, amma belə gözləmirdim. Çoxbilmiş qız imiş.
– Fikrin nədir?
– Necə yəni nədir? Oğlunu evləndir. Birinci qızın toyunu eləmək lazımdır.
Kərim əsəbləşdi, Cəmilənin üstünə acıqlandı.
– Bir dəqiqə, nə olub? Bu nə qaçaqaşdır? Hələ qızını kim istəyir bilmirik. Oğlanla maraqlanmalıyam. Bəlkə narkomanın biridir.
– Aybəniz deyir ki, ata-anası rayonda qalır.
Kərim hər şeyi başa düşür.
– Aydındır, oğlan ya tələbədir, ya da fəhlə işləyən biridir. İndidən deyim ki, fəhləyə qız vermərəm.
– Ali təhsilli oğlandır. Kirayə qalır Bakıda.
– İxtisası nədir?
– Axırıncı kursda oxuyur. İmkan yaradılsa yaxşı mühəndis ola bilər.
– Aybənizin də könlü varsa, razıyam. Gəlsinlər. Bircə qızımı xoşbəxt eləsin, nə lazımdırsa kömək edərəm. İndi getməliyəm, işim var.
– Hara gedirsən gecə vaxtı?
– İşim var. Əvvəlcə Səfərlə danışmalıyam.
Kərim oğlunun otağının qapısını döyüb içəri keçdi. Səfər başını salmışdı aşağı, hərəkətindən utanırdı.
– Qarşında xəcalət çəkirəm ata. Vicdanıma and olsun…
– And içmə, inanıram sənə. İndi necə edək?
– Məcburam ata, evlənməyə məcburam.
– Bəs Fidan?
Səfər üzünü pəncərəyə tutdu.
– Bizi bugünə Fidan salmadımı?
Kərim oğluna həqiqətləri demək istəyirdi, artıq gec idi. Düşündü ki, Fidan bakirədir, istədiyi oğlanla ailə qursa da olar. Həmişə o qızın arxasında dayanacağını da bilirdi. Bunu hər şeydən əvvəl Çiçəyə görə etməliydi. Cəmilənin hərəkətlərindən sonra özünü Çiçəyə borclu hesab edirdi.
– Yaxşı, sən deyən olsun. Lamiyəylə evlənərsən. Evlənəndən sonra bizimlə yaşamağınızı istəmirəm. Lamiyə ən yaxın dostumun qızı olsa da gözümdən düşdü. Özünüzə ev tapın. Bacına da elçi gələcəklər. Ümid edirəm, bu qızla evlənməyinə peşman olmayacaqsan.
Səfər diqqətlə atasına baxdı. Kərim otaqdan çıxdı.
Kərim həyətdə evə getməyə hazırlaşan Rafiqə yaxınlaşdı.
– Səfərə Fidanın günahsız olmağıyla bağlı heç nə demə.
Rafiq təəccübləndi.
– Üzr istəyirəm. Səbəbini öyrənə bilərəm?
– Bizə qonaq gələn qızla evlənəcək. Öz qərarıdır. O əclafdan – Mahmuddan nə xəbər var?
– Uşaqlar onu uçuq-sökük bir evdə gizlənəndə tapıblar. Lakin…
Rafiqin adamları qapını dinlədikdən sonra qapını döydülər. Mahmud qapını açan kimi üstünə cumdular. Sarışın qadın imkan tapıb qaça bilmişdi. Oğlanlar Mahmudun qolunu burub yola çıxdılar. Mahmud oğlanlardan biri taksi üçün gedəndə, o biri oğlanın boğazından dişlədi. Oğlanın atdığı yumruq boş çıxdı, digər əliylə dişlənilən boğazını tutdu. Mahmud gözdən itənəcən qaçdı. Oğlan Mahmudun arxasınca qaçsa da tuta bilmədi. Mahmud yolun sağına keçəndə adamların arasına qarışıb it-bat olmuşdu.
Kərim Rafiqin dediklərinə hirslənmişdi.
– Tapşırığı verən əclaf kimdirsə, bəxti var. Heç cür adını öyrənə bilmirik.
Kərim hirslə maşınına oturdu. Fidanla üz-üzə gəlmək istəmirdi.
Maşını Təhminənin yaşadığı binanın qarşısında saxladı. Maşından düşüb binaya girdi, qapını döydü. Qapını Təhminə açdı. İkisi də bir-birini öpdü, qucaqlaşdılar.
Kərim – Sənin başın xarabdı. Sakitcə çıxıb getmək hardan çıxdı?
Təhminə – Utandım. İndidə utanıram.
– Gic-gic danışma.
Kərim Təhminənin burnundan öpdü.
– Fidan neynir?
– Yatıbdır. Bugün həyəcanlı günümüz idi. İçəri keçirsən, ya necə?
– Hazırsansa çıxaq. Qızda yatıbdır. İçəri girməyimin mənası yoxdur.
Təhminə çantasını götürüb Kərimlə birlikdə binadan çıxdılar, maşına oturdular.
Kərim – Bircə sualıma cavab ver görüm, hansı ağılnan o əclafın evinə getmişdiniz?
– Əzizim, məcbur idik. Fidanın vəsiqəsini götürmüşdülər.
– Təsəvvür edirsən ki, Rafiqgil orda olmasaydı, başınıza nə gələrdi?
– Başa düşürəm, ağılsızlıq elədik. Bağışla.
– Ümumiyyətlə, siz qadınlar niyə baş üstə deyib həmişə bildiyinizi edirsiz? Etibarsız millətsiniz, etibarsız.
Təhminə güldü. Kərim də ona qoşuldu.
Kərim Təhminəni həmişə apardığı restorana apardı. Birlikdə şam yeməyi üçün sifariş verdilər.
Təhminə – Elə bilirdim oğlunla gələcəksən.
– Ayıb olmazdı? Atasının mə…
Kərim sözünü yarımçıq kəsdi. Təhminə diqqətlə Kərimə baxdı.
– Düz deyirsən, atasının məşuqəsinin evində nə işi var?
– Elə demək istəmirdim. Yəni pis mənada demirdim.
– Həqiqətin nəyi pisdir? Məşuqənəm də… Arvadın ki, deyiləm…
Kərim Təhminənin əlindən tutdu.
– Düzdür, kənardan elə görünür. Tanrı şahidimdir, sevdiyim yeganə qadınsan. Birdə ki məşuqə sözünü bizimkilər pis mənaya yozurlar. Əslində sevilən, istənilən, nə bilim, arzu olunan qadın deməkdir.
– Yəni?
– Sən başa düşmürsən. Bir kişi üçün sevdiyi qadın anasından, bacısından sonra bütün qadınlardan dəyərlidir.
– Şirin dilin olmayada…
Təhminənin incikliyi keçmişdi.
– Mahmuddan heç nə demədin. Nə oldu? O əclafı tuta bildiniz?
– Uşaqlar tutdu, lakin əclaf əllərindən qaçmağı bacarıb.
– Qəribədir, Fidanı da, məni də qaçıran adamlar eynidir.
– Qurban olum, başlama yenə. Qanımızı qaraltmayaq.
– Başlamıram. Fidan oğlunun nişanlısı, mən sevgilinəm. Nə oldu elə sizin ailənin kişilərinin qadınlarına ilişdilər. Kim nə deyir desin, bunda arvadının əli var.
– Bunda arvadımın əli olsa, övladlarımın toyunu gözləmərəm.Boşayaram… Bağlayaq söhbəti.
– Yaxşı.
İki həftə keçdi.
Nə Kərimdən, Nə də Səfərdən səs-soraq yox idi. Fidan da, Təhminə də bu işə mat-məətəl qalmışdılar. Fidan özünə yer tapa bilmirdi.
– Bunlar hamısı sözləşiblər? Heç birindən xəbər yoxdur.
– Mən də sənin kimi Fidan, bu işə məətəl qalmışam. Kərimin də iş yerinə neçə dəfə zəng vurmuşam, xəbər yoxdur. Demək olar, işə getmir.
– Bəlkə Səfərə nə isə olub? Günahsız olduğumu bilsəydi, çoxdan gələrdi.
– Bilmirəm, vallah bilmirəm. Gözləyək görək nə olur.
– Gözləyək… Qalx ayağa, belə oturmaqla da heç nə olmaz. Özümüzə iş tapaq. Heç olmasa darıxmarıq, başımızı qatarıq.
– Düz deyirsən, bu dəfə Kərimin sözünə baxıb evdə oturmaq fikrim yoxdur.
Fidanla Təhminə paltarlarını geyinib evdən çıxdılar. Köşkün yanından keçəndə Təhminə satıcıdan soruşdu.
– Bizə işlə bağlı qəzet verə bilərsiniz?
Satıcı Təhminəyə qəzet verəndə, Fidan digər qəzetlərə nəzər salırdı, bir-bir baxırdı. Axırıncı qəzetin üzünə baxanda dayandı. Sakitcə “ ola bilməz” dedi, Təhminə eşitdi. Qəzeti Fidanın əlindən alıb baxdı. Fidan ağlayırdı, qəzetin üzünə Səfərlə Lamiyənin toy şəkilləri vurulmuşdu. Başlıq olaraq “ Bakı İcra Hakimiyyəti oğluna adlı-sanlı toy etdi “ yazılmışdı.
Təhminə qəzetlərin pulunu ödəyib Fidanın qoluna girdi.
– Nahaq ağlayırsan…
Təhminə heç cür rəfiqəsini sakitləşdirə bilmirdi.Bilmirdi nə desin ki, qıza təsəlli versin. Özüdə pərt olmuşdu. Kərim Fidanın günahsız olduğuna inanırdı.
Təhminə – Daha ağlamaqdan keçibdir. İni bildik bizi niyə axtarmırlarmış.
Fidan – Bu alçaqlıqdır, mənim ki günahsız olduğum sübut olundu. Səfər bircə dəfə də olsun, məni axtarıb aramadı. Maraqlanmadı.Kərim dayıdan heç gözləməzdim. Bu nə ikiüzlülükdür?
– Mən də heç nə başa düşmürəm. Heç nə… Sakitləş, ağlamağın mənası yoxdur. Amma sakit onlardan xəbər gözləməkdən də bir şey çıxan deyil.
Təhminə qəzeti götürüb Fidana bir söz demədən evdən çıxdı. İcra hakimiyyətinin qarşısında avtobusdan düşdü. Xoşbəxtlikdən Rafiqi qapının ağzında gördü, səslədi.
– Rafiq.
Rafiq Təhminəni görəndə təəccübləndi.
– Siz burda neynirsiniz?
– Kərim bəyi görməyə gəlmişəm. Burdadı?
– Burda olmağına burdadı, lakin içəri keçməyinizi məsləhət görməzdim.
– Səndən məsləhət istəyən yoxdur. Çəkil qarşımdan.
Təhminə Rafiqi itələdi. Rafiq qolundan tutdu.
– Təhminə xanım, xahiş edirəm. Onsuzda əvvəlcədən adınızı yazdırmamısınızsa sizi yanına buraxmayacaqlar.
Təhminə qəzeti Rafiqə uzatdı – Siz necə adamsınız? Məgər Səfərə Fidanın günahsız olduğunu deməmisiniz? Ya o alçaq qızı yoldan çıxardandan sonra həvəsini aldı?
Rafiq eşitdiklərinə inana bilmirdi. Deməli, Səfər Fidanın bəkarətini pozubmuş.
– Bu çox pis oldu.
– Sənin yanında o qadın dedi ki, qızı tələyə salıblar. Düzdürmü?
– Düzdür. Özüm eşitdim, bunu Kərim bəy də bilir.
– Onda bu evlənmək hardan çıxdı? Bu şərəfsiz əslində Fidanla evlənməliydi.
– Düzü, Səfərin başqa qızla evlənməsi məni də təəccübləndirdi. Mən də gözləmirdim.
– Kərimə de ki, mənə evə zəng vursun. Ailə deyil, artistlər cəmiyyətidir elə bil. İnşalah, xoşbəxt də olmazlar.
Təhminə qəzeti Rafiqdən almadı. Dayanacağa çatmağıyla saxlayan avtobusa minməyi bir oldu.
Rafiq Kərimə Təhminənin və Fidanın Səfərin toyundan xəbərdar olduğunu, özünün Təhminəni binaya bilərəkdən buraxmadığını dedi. Sonra başını aşağı salıb dedi.
– Sualıma görə bağışlayın məni. Axı, oğlunuz niyə Fidanla evlənmədi.
– Məcbur idi. İçkili olanda evimə qonaq gələn qız istifadə elədi. Neyləməliydi? Özüm qəsdən Fidanın günahsız olduğunu demədim. Fikirləşdim ki, kimə getsə, üzüağ olacaq. Guya bilmirsən, bizim cəmiyyətdə qızın bakirəliyi nə deməkdir?
– Bilməli olduğunuz vacib bir məsələ də var. Təhminə xanımın sözündən belə çıxdı ki, Fidan özünü nişanlı olanda Səfərə təslim edib.
– Nə danışırsan – Kərim eşitdiklərinə inana bilmirdi. Otaqda divarlar elə bil üstünə gəlirdi, gözü qaraldı, əliylə başını tutdu.
– Heyf!… Çox heyf!…İndi o qız neyləyəcək? Bu işi elə-belə qoymaq olmaz. Həqiqətləri Səfər də bilməlidir.
Ardı var…