Roman oxuyurdum Əbülhəsəndən.
“Sədaqət”. Beləydi romanın adı.
Açıq-mavi rəngli telefon birdən,
Fasilə vermədən hey dınqıldadı.
Dəstəyi qaldırıb dönük həvəslə
“Nə olub görəsən?” özümdən sordum.
Sonra fikirləşib sönük həvəslə
Deyindim:
“Boş yerə özümü yordum”.
Səsini eşitdim iki nəfərin.
Qət etdim, bildim ki, yola girmişəm.
Birisi çəkərək köksünü dərin
Sözə başlamışdı:
– Mən bilmirmişəm.
Hə, Salman, nə oldu? Söylə ki, nədən
Dəstəyi qoydun sən telefon üstə?
– Vaqif, yol qarışdı. İncimə məndən.
Sağalmamısan heç! Xəstəsən, xəstə!
– Təzədən sənə zəng etməli oldum.
Çünki söhbətimiz qaldı yarımçıq.
Təzədən səni dəng etməli oldum.
Bir gün görərsən ki, ölürsən artıq.
– Təzədən başlama. Qurtar söhbəti.
Mən onu sevmirəm. Mənim qəlbimi
Heç kəs ala bilməz. Saxla hörməti.
– Necə başlamayım? O cür gül kimi
Qızı qaçırtdın sən əldən, ay məzlum!
Hələ də qorxursan xəyanət edər?
– Bəli, mən qorxuram. Güclüdür qorxum.
Qorxuram sevərəm, o atıb gedər.
– Daha sözüm yoxdur. Salman, mən axmaq
Xəbərin olmadan, sənə demədən
Sevgi məktubları yazdım. Sən axmaq
Aləmi qatmısan mənə demədən.
– Vaqif, sən qatmısan aləmi, mən yox!
– Dostluq xatirinə tutdum bu işi.
– Sən mənə köməklik çox etmisən, çox!
– Dosta kömək etmək könlüm vərdişi.
– Onu istəmirəm. Onu sevmirəm.
– Sevmirsən, nə olar? Söhbət zamanı
Ölərdin deyəndə “səni sevirəm”?
– Dilə gətirəydim bu ağ yalanı?
Bəziləri kimi bacarmaram mən.
Sevməyə-sevməyə yalandan deyəm
“Sevirəm”. Gərəkmi sevdirib həmən,
Beynini, qəlbini yalanla yeyəm?
Bunu etməyimə kim haqq veribdir?
– Bəsdir danışdığın filosof kimi.
Salman, olan olub, keçən keçibdir.
– Düzünü deyirəm, kəsmə sözümü.
Bir özün fikirləş.
– …
– Niyə susursan?
Düz söz acı olub hər vaxt bilirəm.
– Sən allah, bağışla! Yaxşı da, Salman,
Gəl, bizə. Hələlik!
– Oldu. Gəlirəm.
Bu söhbət sarsıtdı bütün qəlbimi.
Bir qədər səssizcə xəyala daldım.
Sonra bu söhbəti olduğu kimi
Qələmə almağı qərara aldım.