e

Ana ömrü

Gecə boyu ayaq üstə,
Şux dayanar,Ana ömrü.
Düzər sözü bəstə-bəstə,
Layla yonar, Ana ömrü.

Sevgi bəslər, öz səsində,
Bir həyat var,nəfəsində.
Övladların gecəsində,
Oğurlanar,Ana ömrü.

Qara saçlar dən bitirər,
Hər gələn gün çən gətirər.
Hər övlad payın götürər,
Parçalanar,Ana ömrü.

O qoyar eşq bünyadını,
Nə əvəz edər adını?
Başı üstə övladının,
Şamtək yanar,Ana ömrü.

Coşqun,onuntək ona əs,
Yazsan etməz bir ömür bəs.
Yadtək qurban olum deməz,
Qurban olar,Ana ömrü…

* * *

Gecə keçir yarıdan,
Ey sevgili mələyim.
Səni ümiddən doğan,
Saf sevgimə bələyim.
Şirin arzular ilə,
şirin laylanı çalım.
Gözümdə vaxt üyünsün,
gecə keşikçin qalım.
Başın üstə qırpmayım,
qılınc kirpiklərimi.
Başın altdan çəkməyim,
balınc kirpiklərimi.
Uyu gözümdə,uyu,
gözümün ağı ağın,
qarası gecən olsun,
ey sevimli qonağım.
Gözümü bəyənməsən,
yığış, köç bu qəlbimə.
Sevgi duyğularımı,
sərim sənin üstünə.
Tənhalıq da sıxılma,
qıyma sənin halına,
baxa-baxa darıxım,
Yaman soyuyur ahım.
Qayıt öz ünvanına,
o ünvanda uçuq ev,
şüşələri toz basmış,
kilidli bir qapı var.
O qapını çətin ki,
sənsiz açan tapılar…

Müstəqilik Günün Mübarək Vətən!

Azadlıq şəhidlərin al qanından toxundu,
Bu günün hər sabahı dünən qəlbi toxundu.
Qarabağda yanan yurd ruhumuza toxundu,
Gedək,ölsək də gedək,təki Vətən yaşasın!

Vətənsizsə Vətəndə gümanlar azar gedər,
Qəlblər həsrətdən tutar,sağalmaz azar,gedər.
Arsız düşmən önündə bir düşün az ar gedər?
Soyunan qeyrətinə baxa-baxa yaşa, sın!

Coşqun,Vətən eşqiylə duyğuları gəl dara,
Düşmən öz Vətənimdə Vətəni salıb dara.
Vətən azad olmasa,siz çəkib məni dara,
Quru-quru kəndirdə vicdanımdan yaş asın.

* * *

Gedirəm söylədi ildırım dilin,
Qəzəb şimşək çaxdı dodaqlarından.
İstədim mən xəzəl olum,tökülüm,
Getsən də,yapışım ayaqlarından.

Hər addım getdikcə uzaqlaşırdı,
Gedişin gözümdə dağa dönürdü.
Qəlblə sevgi sözü vidalaşırdı,
Adımın altında gözlər ölürdü.

Ardınca göynəyən baxışlarımın,
Səmtini əlimə yığa bilmədim.
Nə saxlaya bildim göz yaşlarımı,
Nə səni gözümdə boğa bilmədim.