sv

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bütün gözəllikləri qadınlara aid edib Ana Təbiət…Ya da əksinə, Ana Təbiətin ən gözəl yönlərinə bənzədilib qadın. Hər iki anlamda da qadın gözəllik rəmzi olub. “Çirkin” sözü hansı qadına deyilsə, bu, ən böyük təhqir sayılıb. Ona görə yox ki, qadınlar hamısı gözəl olub, yox… Ona görə ki, qadın gözəlliyin daşıyıcısı olub. Bəli, daşıyıcısı. Və ilkin dünyagörüşlərdə gözəllik “cücərdən”, “yetirən” mənaları ilə anlaşılıb.

Qadın məhz həyatı “cücərdən”, “yetişdirən” olduğundan ucalaşıb. İnsanın ikinci ömrü, yəni övladı isə onun üçün təbiətin tüm gözəlliyini üstələyib. Beləcə, Qadın-gözəlliyin daşıyıcısı, yəni, bətnində ikinci ömür yetirən kimi qiymətləndirilib. Amma, qadınları bir xarakter olaraq qəbul edən cəmiyyətə qədər davam edə bilib onun bu dəyəri…

Qadına xarakter kimi yanaşanda onun adiliyini “kəşf etdiklərini” sanıb kişilər. Öz xarakterlərində olan xüsusiyyətləri, bəzən qəbul etmədikləri vərdişləri qadınlarda da kəşf edəndə, qadın onlar üçün adiləşib.

Və yaradılışın “cənnətdən qovulma” günahını da qadınların işlədikləri aydınlaşanda, daha qadının yüksəlişini gözləmək… əlbəttə, ağılsızlıq olardı. Bundan sonrakı dövrdə dünya “qadın başlanğıcı” anlamını sadəcə, tarixə çevirə bilib. Bu gün əksər Qərb bestsellerində “qadın başlanğıcı” əfsanə kimi yazılır… Filmlərdə bu əfsanədən “tabu” kimi bəhs edilir. Və “qadın başlanğıcı” tarixin bir daha təkrarlanmayacaq səhifəsi kimi bu gün beyinlərə “yeridilir”… Bəs, dünya bu qəbul edə bilmədiyi anlamı niyə unutmur? Bax, bu sual məni çox düşündürdü… Nəhayət, insanın dilinə gətirməyə qorxduğu həqiqətlərin çoxunu təbiətdə şifrələdiyini gördüm. Bilərəkdən, ya bilməyərəkdən, yaxud da istəyərəkdən, ya istəmədən ədəbiyyat, tarix, eləcə də, ana təbiət qadın başlanğıcının izlərini qorumaqda və yaşatmaqdadır. Beş ləçəkli qızılgül kimi… Qızılgülün bu gözəlliyi, onun rəngi, məsumluğu qarşısında əksər hallarda su kənarlarında, calalarda bitən ağ zambaq günahkar sayılıb bir az… Məhz bu günah idi orta əsrlərin Fransasında sol çiyinə yaraşdırılan… Günah olan…

Bəs, dünyanın qəbul etdiyi kimi, qadın başlanğıcının rəmzi beş ləçəkli qızılgüldürmü təkcə? Yox! Əgər belə olsaydı, “Ana xaqanlığı” yaşamış tarix deşifrə olmuş sirrinin açılmasını belə asan qəbul etməzdi. Beş ləçəkli qızılgül, “qadın başlanğıcı” əfsanəsinin görünən tablosudur… Arxa ştrixləri isə hər xalqın təfəkküründə başqa-başqa nəsnələrdə, türlü-türlü anlamlarda kodlaşdırılıb. Kripteks kimi açılması da təhlükəlidir…

Lalə Türk mifologiyasında “qadın başlanğıcı”nın simvollarından biridir… Qədimdən bəri bütün türk xalqlarının ədəbiyyatında, rəssamlığında, hətta, geyimlərində belə xüsusi yeri olan bu “piyalə” çiçəklər qadın ucalığının daşıyıcısı, qoruyucusu və yaşadıcısıdır. Təbiətin qadın rəhni ilə eyni anlam daşıdığı zamanların ən gözəl varisidir lalə… Elə ona görə də bütün xalqların yaddaşında öz yenilməzliyi, gizli qüruru və davam edən həyatın simvolu kimi yaşamaqdadır…

Qırmızı lalə çiçəklər arasında “səni sevirəm” anlamına gəlir. Yəni, bu çiçək aşiq olmağı, evlilik təkifini bildirir. Xorasan türklərində “qızlar çiçəyi” kimi tanınır. Balkanlarda və slavyanlarda mifik rituallarda obrazdır. Harada olursa-olsun, biz yenə də lalənin həyatın ilkinliyindəki qadın obrazı kimi açılımını görürük…

Lalə çiçəyi haqqında olan bütün əfsanələrdə də bu gül qəmə yenilmir. Sanki, kədərlə yazılmış taleyin qarşısında məğrurluğunu yaşadan bir cəngavər qadındır.

“Lala xaş-xaş” əfsanəsində bu çiçək iki sevənin qanından yaranır.

İki gənc, əmioğlu və əmiqızı bir-birini sevir. Qızın atası qızını başqa oğlana nişanlayır. Ancaq, sevgililər yenə görüşürlər. Bir gün onlar görüşəndə qızın nişanlısı görür. Qızla oğlan özlərini uçurumdan atır. Qızın nişanlısı belə sevənlərin ölümündə özünü günahkar sayır. O da özünü uçurumdan atır. Həmin uçurumda qırmızı ləçəkli, qara xallı bir çiçək bitir. Əfsanəyə görə, qırmızı ləçəklər sevənlərin qanından, qara xal da qızın nişanlısının qanından yaranıb.

Lalə, bir növ bu qəmli hekayəti yaşatmaq üçün boy verib, sanki… Dərdə əyilməyib.

Başqa bir əfsanədə isə Lalə gözəl, məsum bir kənd qızıdır. Burada onun təsviri sadəcə sevinc, şadlıq rəmzi olan qırmızı dondan başlayır. Lakin, müharibə onun sevimli ərini uzaqlara aparır. Lalə qırmızı donunu soyunmur. Eləcə yol kənarında durub sevdiyini gözləyir. Zaman ötdükcə həsrətdən bağrı qaralır. Və Lalə özü kimi sevdiyini gözləyən minlərlə laləyə qarışıb çəmənlikdə bitir.

üharibədən şikəst qayıdan sevdiyi Laləni çəməndə seçə bilmir.

Bu əfsanədə də Lalə dərdin, kədərin önündə məğrur dayanan obrazdır.

Belə faktları çox demək olar. Amma, bunlardan əlavə, daha çəkici məqam bütün dərdlilərin özünü laləyə bənzətməsidir.

Aşıq Bəstinin çoban sevgilisi gözü önündə bəy tərəfindən xəncərlə doğranır. Və Bəsti sanki, havalanır. Yarın qanlı köynəyi ölənəcən gözü önündən getmir.

Aşıq Bəsti bu təsviri həmişə lalə ilə xatırlayır:

Yarın qanlı köynəyitək,
Qızarır yol üstdə lalə.

Təsəvvüf görüşlərində lalə qüsursuz eşqin simvoludur. Bundan başqa, mifoloji rituallarda lalənin bir çox anlamı mövcuddur: eşq, günəş, dərviş, mübhəmlik, gözəllik, xəncər, bəzək-düzək, ulduz, təzə gəlin.

Lalə Anadoluda 1071-ci il Malazgirt döyüşündən sonra becərilməyə başlanıb. Lakin, çox tezliklə İstanbulun simvolu olmuşdur. Fəth olunan gündən İstanbul şəhərlərin sultanı, yeddi təpəsi isə İstanbul adlı ananın yeddi oğlu kimi əzəmətləndirildi. Əlbəttə ki, yeddi oğul anası İstanbulun simvolu da “qadın başlanğıcı”nın rəmzi-lalə olmalı idi… Oldu da…

Qəribə bir fakt isə yunan mifologiyasındakı lalə obrazıdır. Burada Yuxu tanrısı Hipnosun qəzəblənərək yerə çırpdığı əsasından lalə gülü yaranır. Bu fakt bir daha sübut edir ki, Lalə qutsallığı məhz qadın başlanğıcının kodlarını özündə gizlətdiyi üçün qazanıb. Axı, Hipnos hamıya yuxu gətirirdi. Necə oldu ki, şirin yuxuların tanrısı axşam vaxtı qəzəblənir, əsası da dönüb çiçək olur? Çünki, analar yuxu vaxtı Hipnosu uşaqlarına şirin yuxu gətirsin deyə çağırırdılar. Dəcəl uşaqlar yatmayanda Hipnos əsəbiləşirdi. Onun bu hirsi, hikkəsi də ana sevgisinin qarşısında baş əyirdi… Sözü yerə salınan tanrı da lalə qürurunun qarşısında yenilirdi.

Beləcə, Lalə Ana Təbiətin hər guşəsində şifrələnib gizlənən “qadın başlanğıcı”nın, həyatı cücərdən, daşıyan qadın özəlliyinin daha bir rəmzi kimi hər il dünyanın dörd bir yanında boy verir… Azərbaycanda isə onun ən məhşur məkanı Gəncə düzləridir… Burda Lalələr həyata yeni anlam qatır… Amma, nə yazıq ki, daha “qadın başlanğıcı” kimi onu qutsal sayan, sevdasına baş qoyan olmur… Çünki, bütün dünya “qadın başlanğıcı” əfsanəsinin əl çatan məsafədə olmasına inanmaz…

Həmişə lalə gülünü güclü qadına bənzətmişəm. Elə güclü ki, bağrının yanığına rəğmən boynunu bükmür, qürurunu əymir. Lalə… Hətta, öz qırmızı libasını belə soyunmur.

Bəlkə mən də elə ona görə demişəm:

Bütün yalanları söyləyib getdin,
Səni aldatmağa söz tapammıram.
Bəhanən budurmu, üfləyib getdin?!
Ömrüm şam ömrüdü, hələ yanıram…

Sənə kim demişdi, Gəncə düzləri,
Lalələr içində sevda bitirir?
Gərək tanıaydın, mənim gözlərim
Sənin hər şəklində bir nur itirir…