Müsahibim sevdiyim şair, “Elimiz.Günümüz” qəzetinin baş yazarı,
filologiya üzrə fəlsəfə doktoru Qiymət xanım Məhərrəmlidir.
– Salam, Qiymət xanım. Mənim sizə ünvanladığım sualları cavablandırmaya da bilərsiniz. Ən azından ona görə ki, özünüz də dediyiniz kimi, məni tanımırsınız və bunu da bilirəm ki, siz yaxından tanımadığınız heç bir jurnalistə müsahibə vermirsiniz. Lakin bilin ki, suallarımı cavablandırmasanız, bu, gənc bir jurnalistin sevdiyi bir yaradıcı insan barəsindəki ümidlərinin çilik-çilk olması demək olar.
– Bu ümidləri qırmamaq xatirinə və sizin səmimiyyətinizə inandığım üçün bugünkü müsahibəyə razılıq verdim.
– Nəhayət ki… Hər halda, gəlin, söhbətə körpü salaq. Xahiş edirəm, özünüzü oxuculara təqdim edəsiniz: axı, siz kimsiniz, Qiymət Məhərrəmli?
– Sualınıza cavab verməmişdən öncə deyim ki, bu yazı üçün özünüzə nədən israrla məhz Qiymət Məhərrəmlini müsahib seçdiyiniz mənə qaranlıq görünür. Özümü təqdim etməyə gəlincə, təvazökarlıqdan kənar kimi çıxmasın, yəqin bu imza özündə nəyisə ehtiva edir ki, bu gün tanımaza-bilməzə onun ünvanına bu qədər sual göndərilir. Gərəklidirsə, deyim: Qiymət Məhərrəmli ən əvvəl ana, bacı, həyat yoldaşı, sonra isə elmi işçi, qələm adamı, dost, yoldaş, ən mühümü isə vətəndaşdır.
– Deyəsən, sizi tərpətmək o qədər də asan olmayacaq. Lakin cavabdan da görünür ki, siz ailəni, övladları hər kəsdən və hər şeydən üstün tutursunuz. Necə deyərlər, həyatda karyera qazanmaq məsələsi sizin üçün ikinci dərəcəlidir. Bu, belədirmi?
– Düzünü desəm, mən karyeranı heç vaxt ailəmdən, övladlarımdan üstün tutmamışam, tutmaram da. Karyera bu gün ola, sabah isə olmaya bilər. Ailə, nəsil, şəcərə isə insanın soyu, kökü, bu günü, keçmişi, gələcəyidir. Ləyaqəti olan insan isə nə bugününə, nə keçmişinə, nə də gələcəyinə xəyanət etməlidir.
– Bilmək olarmı, neçə övladınız var?
– Maraqlıdırsa, deyim: 3 oğlumuz, iki nəvəmiz var.
– Hərdən eşidirik ki, Qiymət Məhərrəmli ailəsindən ayrılıb, indi Türkiyədə yaşayır…
– Vallah, elə sual verirsiniz ki, adamın lap ayağının altından yer qaçır. İnanın, 32 illik ailə həyatımızda yoldaşımla aramızda bircə dəfə də olsa kiçik bir narazılıq da olsun olmayıb ki, deyim bu şayiənin bir uyarı var. Əksinə, mən texnikumda oxuyanda da, ali təhsil illərimdə də tələbə yoldaşlarıma hər zaman öz ailəm kimi mehriban, səmimi ailə arzulamışam. Buna onların hər biri şahiddir. Eyni zamanda, ailəmizin bütün dostları da bizdəki sədaqətə, səmimiyyətə, sevgi və ehtirama həsəd aparıb, bizdən nümunə götürməyə çalışıblar. Mən 18 yaşıma kimi doğma Şəkidə yaşamışam, ömrümün ondan sonrakı 32 ilini isə Bakıda yaşamaqdayam. Türkiyəyə, Gürcüstana, İrana olan işgüzar səfərlərim, görünür, kimlərinsə yuxusunu qaçırır, ona görə bu cür əsassız sözlər danışırlar. Ana Vətənimi ürəkdən sevirəm, dünyanın heç bir yerində duruş gətirib yaşaya bilmərəm.
– Sizcə, ailənin möhkəmliyinə səbəb nədir? Axı, ind
i çox zaman ahıl yaşına çatmış şəxslər belə boşanmağa qərar verirlər… Buna münasibətinizi bilmək istərdim.
– Bilirsinizmi, o ailədə ki, münasibətlər su üzərində sabun köpüyünə bənzədi, o ailədə ki, münasibətlər yalan üzərində quruldu, o ailədə ki, ər arvadına, arvad ərinə xəyanət elədi, orada hansı müqəddəs hisslərdən, hansı səmimi münasibət və dostluqdan danışmaq olar?
– Dostluqdan ki söz düşdü, deyə bilərsinizmi, sizin ailəniz dostluq üzərində qurulub, yoxsa dediyiniz səmimi sevgi münasibətləri əsasında?
– Əslində, mən bu cür əhəmiyyətsiz sualları cavablandırmaq istəməzdim, lakin bir halda ki, səmimi olmağımı xahiş etmişdiniz, onda deyim: bizim ailəmiz səmimi sevgi və sarsılmaz dostluq münasibətləri əsasında qurulmuş “qüdrətdən səngərli qala”nı xatırladır. Həyat yoldaşım da, mən də o qalanın müsəlləh əsgərləri, mübariz keşikçiləriyik.
– Qiymət xanım, sizin “Mənim sevdiyim adam” adlı çox xoşladığım, əzbərimdə olan bir şeiriniz var. Bu şeirdən belə bir məna çıxır ki, siz həyatınız boyu öz idealınızı axtarsanız da, tapmamısınız. Doğrudanmı, həyat yoldaşınız bu ideallara cavab vermək iqtidarında olan birisi deyil?
– İcazə verin, mən bu cür lazımsız suallara cavab verməyim. Mənə belə gəlir ki, ya sizin ümumiyyətlə, şeir yazmağın fəlsəfəsindən xəbəriniz yoxdur, ya da ki, bu cür suallarla uzun… illərin birgə yolçuluğunda saç ağartmış könül sirdaşlarının qəlbinə şübhə toxumu səpməyə çalışırsınız. Ancaq inanın, tam səmimi deyirəm: bizim Məhərrəmlilər cütlüyü bəlkə də Azərbaycanın nadir ailə cütlüklərindəndir ki, onların bir-birinə olan sarsılmaz inamını heç vaxt, heç bir fırtına belə əymək, sındırmaq iqtidarında deyil.
– Təki belə olsun. Əfsus ki, kənar müşahidələrim nəticəsində məndə belə bir qənaət yaranıb ki, sizin bu xoşbəxt ailəni gözü götürməyənlər çoxdur. Sizin necə, onlarla münasibətinizdə bir soyuqluq-filan yaranmayıb ki?…
– Düzünü desəm, söhbətin nədən və kimlərdən getdiyini bilmirəm və ailəmdən o qədər razıyam ki, məni kiminsə bizim xoşbəxtliyimizi gözünün götürüb-götürmədiyi qətiyyən narahat etmir. Belələri varsa, Tanrıdan arzum budur, onlara da xoşbəxtlik nəsib eləsin ki, başqalarının xoşbəxtliyinə baxıb köks ötürməsinlər və ən əsası xoşbəxtliyin nə cür bir şey olduğunu duyub, anlaya bilsinlər.
– Əziz Qiymət xanım, deyirsiniz ki, həmin adamların olduğundan bixəbərsiniz. Lakin bu, bir qədər qeyri-səmimi səslənir deyəsən. Axı, qəzetlərdən birində dərc olunmuş müsahibədə özünüz demişdiniz ki, elektron poçtunuza şantaj xarakterli məktublar gəlir. Siz də buna əhəmiyyət vermirsiniz. Doğrudanmı, həmin adamların kimliyindən xəbərsizsiniz?
– Elektron poçtuma o cür məktublar bir vaxtlar həqiqətən də gəlirdi və bunun qarşısının alınması üçün həyat yoldaşımı həyatım boyunca ilk dəfə məhz elə bu xüsusda narahat etməli oldum. Yəni, gördüm ki, məsələdən onu hali etməsəm, bədxahlarımız vicdanlarını daha da itirərlər. Və təbii ki, məsələ yerindəcə həll olundu, necə deyərlər, ilan ulduz görən kimi “öldü”.
– Bir şeirinizdə deyirsiniz:
Sirlər yuvasıdı ürəyim mənim,
Qapısı kilidli, açar düşməyən.
Tez-tez olursa da qapı döyənim,
Qapanır üzünə qapılar həmən.
Könül qapınızı tez-tez döyənlər kimdi axı?
– Burada hansısa konkret şəxsdən söhbət getmir. Sadəcə, elə insanlar var ki, min cür cidd-cəhdlə sənin ürəyinə girməyə, özünü sənin ən məhrəm adamın kimi göstərməyə çalışır, özgənin sirrini aləmə faş etməkdən həzz alırlar. Manyak hesab etdiyim belələrinə ünvanlanmış bir mesajdır bu şeir.
– “Şairlər hər kəsi sevirlər axı” – deyəndə, kimləri nəzərdə tutmusunuz?
– Burda məncə, elə bir sirr-filan yoxdur: qələm adamı həqiqətən də, hər kəsi və hər şeyi, dünyanı, aləmi, insanları, insanlığı sevməsə, o necə şairlik iddiasında ola bilər?!
– Sözünüzdən belə çıxdı ki, şairlik iddiadır. Sizcə, insan arzulamaqla şair olurmu?
– Qətiyyən, yox. Şairlik insanla bir gəlir dünyaya. Ona doğuluşundan bəxt, tale yoldaşı olur. İnsanı qanadlarına alıb uçuran ilham, təb elə şairliyin göstəricisidir. Şairlik iddiasında olmaq, “mən şair olmalıyam” deyib, buna can atmaq gülünc bir səfsəfədir. Şairlik peşə deyil ki, onu oxuyub əldə edəsən, yaxud səy göstərib nail olasan. Bu bir Tanrı bəxşişidir, sənət şəklində təzahür edir – əlbəttə ki, sənətkarlığın dərəcəsindən asılı olaraq.
– Şeirlərinizə mahnı bəstələnib. Muğam ifaçıları bu sözləri ifa edirlər. Özünüzü nəğməkar-şair hesab edirsinizmi? Şeirlərinizin mahnı şəklində ifası ürəyinizcədirmi?
– Özümü nəğməkar-şair hesab etmirəm. Buna baxmayaraq, bəstəkarlardan Rəhim Rəhimli və Hatəm Nəbioğlu şeirlərimə mahnı yazıb. Həmin mahnıları Rəhimin özü, Almaz Ələsgərova, Rəşad İlyasov, Ruhəngiz Allahverdiyeva, Şəmistan Əlizamanlı, İlhamə Qasımova və başqaları ifa edirlər. Müğənnilərdən Əflatun Qubadovun, Rəşid Hüseynlinin, Akif Rəhimzadənin, Amil Məmmədovun, Əli Şahbazovun, Ələddin Rəsulovun da həvəskar bəstəkar kimi yazdıqları mahnılar bu gün onların repertuarında yer tutur.
Respublikanın əməkdar artisti, çox sevdiyim xanəndə Könül xanım Xasıyeva 2011-ci ildə şeirlərimdən ibarət muğam diski hazırlayaraq, muğamsevərlərə təqdim edib. Əlbəttə ki, şair öz şeirini mahnı şəklində dinləyəndə, tamamilə yeni çalarlar kəşf edir sanki. Musiqi şeirə qanad verib, onu səmaya uçurdur elə bil.
Saz havası üstündə aşıqlar da oxuyur bəzi şeirlərimi…
– Saz dediniz, yadıma Gürcüstanda Aşıq Aslan Kosalının sizə saz hədiyyə etməsi düşdü… Həmin sazı heç dilləndirmisinizmi?
“Bundan da xəbərdarsınız?” – deyə təəccübünü gizlətmir, sualıma cavab gözlədiyimi görüb:
– Təəssüf ki, yox. O sazı ilk dəfə Aşıq Məhəmməd Sadaxlı kökləyib və çalıb-oxuyub. Ondan sonra sazı iki dəfə – bir müğənni Rəşid Hüseynli, bir də şair dostumuz Barat Vüsal bizdə qonaq olanda dilləndirib. Bir-iki siminin qırıldığına görə üzülsəm də, onu ən əziz bir xatirə kimi saxlayıram. Qədim tarixə malik bu müqəddəs aləti mənə öz yubileyində hədiyyə etmiş Aşıq Aslana ömrüm boyu minnətdaram. Saz – xalqımızın milli kimliyidir. Onun hər bir ocağın başında olması vacibdir.
– Qiymət xanım, “Sevib-sevilməyin özü bir savab” – yazırsınız. Bu hissi…
Burda xanım şair sözümü kəsir. “Xahiş edirəm, söhbətimizi elə burdaca yekunlaşdıraq. Siz israr elədiniz, mən də müsahibəyə razılıq verdim. Məncə, yetərincə bu barədə danışdıq. Hələlik…”
Mən də hələlik yazıma burda nöqtə qoymaq məcburiyyətindəyəm. Lakin inanıram ki, haçansa yenidən onunla, mənim şeirlərini və şəxsiyyətini çox sevdiyim Qiymət xanımla daha ətraflı bir söhbətimiz baş tutacaq.
Fuad Yusifli