Bizi yoxdan var edən və hər an saysız-hesabsız neməti ilə əhatə edən, qoruyan, xəstələndiyimiz zaman şəfa verən, bizi yedirdən, içirdən Rəbbimizə sevgimizi göstərə bilməyimizin ən mühüm yollarından biri şükür etmək, yəni Allaha bizə verdiyi bütün nemətlər üçün təşəkkür etməkdir.
Şükür etmək həm fərzdir, həm də ruhumuza rahatlıq verən bir ibadətdir. Rəbbimiz dünyaya gəldiyimiz andan öləcəyimiz ana qədər bizə dayanmadan müxtəlif gözəlliklər verir. Bir-birindən gözəl çiçəklər, bir-birindən sevimli heyvanlar, həm görünüşləri, həm ləzzətləri xoşumuza gələn yeməklər, fərahlıq verən içkilər, qupquru torpağın içindən çıxan və bir-birindən fərqli görünüşlərə, rəng və qoxulara malik tərəvəzlər, meyvələr, yolumuzu asanlaşdıran minik vasitələri Allahın xoşumuza gəlsin deyə, biz iman edən qullarına sevgisini təzahür etdirdiyi nemətlərdir.
Rəbbimiz bizə o qədər çox nemət yaradır ki, əgər Allahın nemətini saymağa cəhd etsək, onu ümumiləşdirərək belə saya bilmərik. (Nəhl surəsi, 18) Bunun qarşılığında bizdən gözlədiyi tək şey verdiyi bu nemətlərin şüurunda olaraq Ona sevgimizi ən səmimi şəkildə yönəltməyimizdir. Sevgimizi göstərməyimiz üçün bizə verilən hər şeyin Allahın lütfü olduğunu görüb, bu nemətlərə qarşı daim minnət ruhu içində olmağımız səbəb olur.
Dərin düşünmədikdə bəlkə ağlımıza belə gəlməyəcək incəliklər bizim üçün həyati əhəmiyyətə malik bir nemətdir. Biz bu nemətləri əldə etmək üçün heç bir əmək sərf etmirik. Həyatımızdakı bir çox təfərrüatın bizim üçün əvəzsiz nemət olduğunu onları itirdikdə anlayırıq. Ancaq bir çox insanın ağlına saysız nemət üçün Allaha şükür etmək gəlmir. Allah «Səba» surəsinin 13-cü ayəsində, “Qullarımdan şükür edənlər azdır” deyə bildirir, iman edənləri belə bir qəflətə qarşı xəbərdar edir.
Halbuki biz fərqində olsaq da, olmasaq da Rəbbimiz həyatımızı davam etdirməyimiz və xoşbəxt olmağımız üçün üzərimizdəki nemətlərini anbaan, heç bir axsaqlıq olmadan davam etdirir. Buna baxmayaraq, şükür etməyi unudan bəzi insanlar var. Allah insan nəfsindəki bu nankorluğa Quran ayələrində belə diqqət çəkir:
Sizə qulaq, göz və ürək verən Odur. Siz (Allahın nemətlərinə) çox az şükür edirsiniz. (Müminun surəsi, 78)
Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz! (Araf surəsi, 10)
Mömin üçün sevdiyi insanların rahatlığı, dincliyi vacibdir. Mömin sevdikləri üçün rahatlıq yaradır, sağlam olması, şən olması üçün çalışır. Şübhəsiz, bunların hamısını Allah rizası üçün edir və bunun qarşılığında da sevgi görməyi umur. Bu fədakarlığa göz yumulması, biganə münasibət göstərilməsi, sevgi verilən insanın ruhundakı əxlaq və sevgi çatışmazlığının əlamətidir. Bizi yaradan, kainatın hər nöqtəsində sonsuz Ağlı ilə təzahür edən Rəbbimizin sonsuz gözəllik və incəliklərini göz ardına vurulması da Allahın qəzəbinə səbəb olacaq bir əxlaq pozuntusudur. Rəbbimiz Quranda bu mövzuya belə diqqət çəkir:
(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir! (İbrahim surəsi, 7)
İnsan Allahın nəsib etdiyi qədər ağıla, bacarıq və düşünmə qabiliyyətinə malik ölümlü, aciz qul olaraq belə gördüyü gözəlliklər qarşısında təşəkkür gözləyərkən, nəfəs alıb verməyimizdən görməyimizə, yeriyə bilməyimizdən yuxuya getməyimizə qədər saymaqla bitməyən sonsuz neməti bizə hər an bəxş edən Allaha qarşı şükürdə heç bir nöqsan olmamalıdır.
Bu səbəbdən hər nemətlə qarşılaşdıqda sözlə daima, “Elhamdülillah, ya Rəbb, sənə şükürlər olsun” demək Allaha olan sevgimizin, minnətdarlığımızın göstəricisidir. Bu eyni zamanda, ətrafımızdakı insanlara da bu ibadəti xatırlatmağımıza səbəb olur. Sözlə deməklə yanaşı o nemətləri qoruyacaq və onlara zərər gəlməsini əngəlləyəcək bir dəqiqlik içində olmağımız da Allahın bəyənəcəyi bir əxlaqdır.
Allahın bizə verdiyi ən dəyərli nemətlərdən biri sağlamlığımızdır. Sağlam olduğumuz üçün şükür etməyimiz Allaha olan sevgimizin göstəricisidir. Sağlamlığımızı qorumağa çalışmağımız, sağlamlığımızı pozacaq vərdişlərdən uzaq olmağımız isə şükürün əməli göstəricisidir. Buna görə də dilimizdəki şükrü davranışımızdakı şükürlə də möhkəmləndirməyimiz gözəl iman əlamətidir.
“Allahım Sənə şükür edirəm” cümləsini ifadə etməklə yanaşı, təvəkkül, Allahdan hər an razı bir ruh halını da əhatə edir. Ona görə şükür yalnız bolluq içində deyil, yoxluq içində də heç vaxt tərk edilməməsi, hətta daha da çox edilməli olan bir ibadətdir.
Allahı sevən və Ondan razı olan insanlar sağlamlıqları üçün daim şükür etdikləri kimi, xəstələndikləri zaman da şükür edirlər. Allah onları daha ağır bir xəstəlikdən qoruduğu, şəfaya səbəb olan dərmanlar yaratdığı, xəstəliyin diaqnozunu təyin edən tibbi cihazları və həkimləri yaratdığı üçün Allaha minnətdarlıq edirlər. Allah hər hansı bir ağrı verdikdə, daha böyük ağrıları düşünüb, içində olduqları vəziyyətə yenə şükür edirlər. Hər cür çətinliyin, əziyyətinin dünyadakı imtahanın bir hissəsi olduğunu bilirlər. Allahın razı olacağı əxlaqa yiyələnmək üçün Allahın bu imtahanları xüsusi yaratdığını düşünüb, yenə sevinc içində olurlar.
Bu səbəbdən iman edənlərin həyatı çətinliklərlə, bolluq içində keçsə də daim şükür ibadətini yerinə yetirməyin bərəkətini, vicdanı rahatlığını yaşayır və Allahın rizasını qazanmağı ümid edirlər.