Azərbaycan Konstitusiyası – xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin məntiqi yekununun təcəssümüdür
Konstitusiya dövlətin ali qanunudur, ən yüksək hüquqi qüvvəyə malikdir. Respublikanın ərazi bütövlüyünü, müstəqilliyini, xarici və daxili siyasəti özünün sərbəst şəkildə qurmasını elan edən bir sənəd olmaqla, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını özündə cəmləşdirir. Konstitusiya həmçinin hökumət qanunlarının külliyyatı olaraq, hökumətin fəaliyyətini, insanların cəmiyyətdə və bir-birinə münasibətdə mədəni-əxlaqi davranışlarını nizama salır. Konstitusiya yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydaları özündə ehtiva etməklə iki əsas növə ayrılır. Yazılı konstitusiyalar ya vahid normativ akt, ya da bir neçə konstitusiya qanununun məcmusudur. Yazılmamış konstitusiyalarda isə ali qanuni normalar çoxlu sayda akt, həmçinin adətlərdə təsbit olunub. Dünyada Azadlıqların Böyük Toplusu (Magna Carta) adlı ilk Konstitusiya 1215-ci ildə İngiltərədə qəbul olunub. İlk yazılı ali qanun isə – 1787-ci il sentyabrın 17-də qəbul edilən, bir sıra dəyişikliklərlə bü gün də qüvvədə olan ABŞ Konstitusiyasıdır.
Azərbaycana gəlincə isə, bildiyimiz kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Buna görə də Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da əvvəlkilər kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi. Bu Konstitusiyada dövlət dili haqqında maddə yer alanda Sovetlər İttifaqının on beş respublikasından yalnız ikisində – Gürcüstan və Ermənistanın konstitusiyalarında dövlət dili haqqında maddə var idi. Qalan respublikaların heç birinin konstitusiyasında dövlət dili haqqında maddə nəzərdə tutulmamışdı. Hətta Baltikyanı respublikaların konstitusiyalarında belə, dövlət dili haqqında maddə yer almamışdı.
Bu Konstitusiyada “Azərbaycan SSR-in milli-dövlət və inzibati-ərazi quruluşu” fəslinə dil haqqında xüsusi maddə əlavə etmək məqsədəuyğun sayıldı və 73-cü maddə aşağıdakı redaksiyada verildi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu sənədin qəbul edilməsi Ulu öndər Heydər Əliyevin timsalında Azərbaycanın o dövr üçün çox mühüm nailiyyətlərindən biri və ən önəmlisi idi. Bu isə o deməkdir ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın dahi oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtidadi-siyasi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönləndirilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən və Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı və Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqın-da” Konstitusiya Aktı – müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.
Azərbaycanın böyük dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə söykənə-rək yaradılan, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən bu Konstitusiya xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin məntiqi yekununun və təntənəsinin təcəssümü olmaqla, xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Bu Konstitusiya respublikada yaradılan demokratik, hüquqi, dünyəvi dövlətin hakimiyyət və idarəetmə orqanlarının əməli fəaliyyətinin hüquqi bazası oldu.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i respublikamızda Konstitusiya günü elan edilmişdir.
5 bölmədən, 12 fəsildən, 158 maddədən və keçid müddəalarından ibarət olan Konstitusiyamız xalqın iradəsini ifadə edərək dövlətimizin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən etmiş, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratmışdır.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası özündə – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ali hiss və ülvi niyyətləri birləşdirir.
Dünya təcrübəsi göstərir ki, Konstitusiya uzun müddət üçün qəbul olunsa da, həyatın irəli sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin tənzim-lənməsi üçün hər bir qanunvericilikdə, o cümlədən əsas qanunda da dəyişiklikləri zəruri edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Konstitusiyanın 24 maddəsinə 38 əlavə və dəyişiklik, 2009-cu ildə isə 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilmişdir. Bu əlavə və dəyişikliklər Konstitusiyanın qəbulundan sonrakı dövrdə ölkəmizdə demok-ratiyanın sürətli inkişafından irəli gəlməklə, onların çox hissəsi respublikamızın Avropa Şurası kimi mötəbər beynəlxalq quruma tamhüquqlu üzv kimi qəbul edilməsi və ölkəmizin bu qurum qarşısında götürdüyü bir sıra öhdəliklərlə, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması məqsədi ilə bağlı olmuşdur.
Fəxarət hissi ilə demək olar ki, 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması dövlətimizin demokratik prinsiplərə sadiqliyinin bariz nümunəsi idi. “Demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz”, – deyən Ulu öndər Heydər Əliyev sonrakı mərhələlərdə Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı vəziyyətə diqqət çəkərək deyirdi: “Biz bütün bu çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşatdıq və bundan sonra da yaşadacağıq.”
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ən etibarlı tərəfdaş ölkələrdən biri hesab olunur. Azərbaycanın Avropa dövlətləri və Avropanın, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə münasibətlərini ölkəmizin dünya iqtisadiyyatında, beynəlxalq münasibətlərdə, o cümlədən regional problemlərin həllində oynadığı və bundan sonra oynayacağı rol müəyyənləşdirir. Azərbaycan öz səlahiyyətinə aid olan hər hansı bir hərəkəti etdiyinə görə heç bir beynəlxalq təşkilat qarşısında məsuliyyət daşımır və heç kəs onu günahlandıra bilməz.
Azərbaycanda demokratik proseslərin getdikcə dərinləşdiyi, hüquqi dövlət və vətən-daş cəmiyyətinin inkişaf etdiyi bir mərhələdə Konstitusiyanın əsas müddəalarının həyata keçirilməsi, respublika həyatının bütün sahələrinin yeniləşməsində onun açdığı geniş im-kanlardan hərtərəfli istifadə olunması hər bir Azərbaycan vətəndaşından böyük səy və məsuliyyət tələb edir. Bu baxımdan qarşıda duran ən mühüm vəzifə olaraq hər bir ölkə vətəndaşının cəmiyyətimiz, ümumi inkişafımız naminə gündəlik həyat və əmək fəaliy-yətində Konstitusiyanın əsas prinsiplərini rəhbər tutması, onun verdiyi vətəndaş təminatlarından böyük fayda ilə bəhrələnməsi xüsusilə əhəmiyyətli və vacibdir. Konstitusiyamız hərtərəfli islahatların, modernləşmə xəttinin hüquqi bazası olaraq xalqımıza və dövlətimizə xidmət edir. Heç də təsadüfi deyildir ki, müstəqil dövlətimizin ilk konstitusiyasının 1-ci maddəsinin I bəndində Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqının olması bəyan edilir, 4-cü maddəsində isə xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa, heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ olmadığı göstərilir.
Tarixi təcrübə sübut edir ki, hər bir xalqın milli müstəqilliyə qovuşması üçün əlverişli siyasi mühit və milli iradənin olması vacib şərtlərdəndir. Bu gün Ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı, onun müdrik, uzaqgörən xarici və daxili siyasətini özünün siyasi kursu elan etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi və əhalinin sosial rifahının daha da yüksəldilməsi yolunda səmərəli fəaliyyətində daim ölkəmizin ilk demokratik konstitusiyasının müddəa və prinsiplərinə əsaslanır, onun verdiyi hüquqların reallaşmasına çalışır. Bu gün iftixar hissi ilə demək olar ki, artıq Azərbaycanda hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır.
Bununla belə, bu gün əksər vətəndaşların konstitusiya və onun cəmiyyətdəki rolundan xəbərsiz olması, bu ali sənədin öyrənilməsi üçün ciddi addımların atılmasına və bu sahədə elmi işlərin hazırlanmasına, jurnalist araşdırmalarına, televiziya proqramlarına və sair maarifləndirici tədbirlərə duyulduğundan xəbər verir. Bu baxımdan, müstəqil dövlətimizin möhkəmlənməsi və tərəqqisi yolunda şagirdindən, tələbəsindən tutmuş aliminə, siyasətçisinə qədər Azərbaycan cəmiyyətinin hər bir üzvü, hər bir Azərbaycan vətəndaşı yeniləşən cəmiyyətimizin bütün sahələrində Konstitusiyamızdan irəli gələn vətəndaş vəzifələrinin həyata keçirilməsində fəal iştirak etməlidirlər. Bunda da məqsəd ondan ibarətdir ki, hər bir şəxs insan hüquqlarının həyata keçirilməsində və qorunmasında öz məsuliyyətini dərk etsin və bu işə öz töhfəsini versin.
Sonda xalqımızı Konstitusiya günü – bu möhtəşəm bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hər bir Azərbaycan vətəndaşına uzun ömür, can sağlığı diləyir, respublikamızın uğurlu sabahı və işıqlı gələcəyi naminə yeni-yeni uğurlar arzulayıram.

Rafiq Oday,
Respublikanın Əməkdar jurnalisti