İnsan, çox oynadın şeytan rolunda,
Bir az da mələk ol, rolunu dəyiş.
Yolçusan sən də bu ömür yolunda,
Sağın savab yazır, solunu dəyiş.
Nə qədər gözlərdə kədər doğacaq?
Nə qədər kipriklər yaşlar sıxacaq?
Nə qədər həsrətdən, qəmdən yağacaq?
İlahi, yağışı, dolunu dəyiş.
Bəndə gərəkdir ki daim söz tuta,
Həyatda layiqli, təmiz iz tuta,
Var-dövlət nə olan şeydi göz tuta?
Sən bu insanların halını dəyiş.
Bir gözüm ac oldu, bir gözümsə tox,
Sevincim az oldu, qəm-kədərim çox,
Canı yara qurban verdim, sənə yox,
Ay Allah, mən adlı qulunu dəyiş.