sx

Ətrafımdakı insanların, demək olar ki, 90%-i zamanla uşaqlığını xatırlayır. Atdığı addımları, dediyi sözləri, hətta danışdıqları hadisə baş verərkən yediyi yeməklər belə yaddaşlarında. Anam rəhmətlik hər zaman uşaqlığından danışırdı. Və xüsusi qeyd edirdi ki: ” o zaman mənim iki yaşım var idi. Çünki atam hələ sağ idi”. Həmişə belə insanlara həm həsəd aparmışam, həm də təəccüblənmişəm. Bu yaxın günlərdə də bir gənc qızın yazısını oxudum. Küçədə gedən uşağı öz uşaqlığına oxşatması, onu körpəliyinə qaytarması, düzü, mənə çox maraqlı gəldi. Desəm ki, mən uşaqlığımı, demək olar ki, xatırlamıram, bu sizə gülməli gələr. Ancaq mən nəinki uşaqlığımı, hətta məktəb illərimi də xatırlamıram. 18 yaşıma qədər olan həyatım sanki beynimdən silinib. Universitet həyatına başladığım gündən bu günə qədər olan həyatım isə hadisələrin baş vermə saatına qədər yaddaşıma həkk olunub.
Psixologiya fənnini keçəndə (qeyd edim ki, ən sevdiyim və yaxından maraqlandığım bir sahədir)uzunmüddətli və qısamüddətli yaddaş keçirdik. Həmişə belə bir misal çəkirdik ki: “Ahıl insanların cavanlığında baş verən hadisələr onların uzunmüddətli yaddaşlarına, indiki hadisələr isə qısamüddətli yaddaşlarına həkk olur. Ona görə də onlar cavanlıqlarıyla bağlı hər şeyi xatırlayırlar, bu günü isə unudurlar”. Bəs mənimlə baş verən bu halın adı nədir? Bu sualın cavabını tapmağı çox istərdim. Apardığım kiçik araşdırmadan belə başa düşdüm ki, belə xəstəlik mövcud deyil. Bəlkə də, bu yeni bir xəstəlikdir, bəlkə də, köhnədir, amma tibbə məlum deyil.
Çox insan “kaş ki yenə uşaq olardım, o günlərə dönərdim” deyir. Zamanlararası pəncərədən uşaqlığına boylanan, həsədlə baxan, geri dönməyi arzulayan o qədər insan var ki. Bu istək mənə o qədər uzaqdır ki. Hərdən mənə də sual verəndə ki,: “ uşaqlığa dönmək istərdin?”, elə kəskin formada “YOX” deyirəm ki, sanki ürəyimə dərin iz salan bir uşaqlıq yaşamışam. Lakin belə deyil. Xatırlamadığım üçündür. Həmişə uşaqlığı ya çox xoşbəxt, ya da çox yoxsulluq, acı içində keçən insanlar daha çox o günləri xatırlayırlar. Mən normal, yəni qeyri-adi olmayan bir uşaqlıq keçirmişəm. Bəlkə, ona görə belə unudulub? Bir də 32 ili yenidən yaşamağı gözə ala bilmərəm.
Mən uşaqlıqda böyüməyə çox həvəsli olmuşam. Özümdən böyük bacılarıma həsəd aparırdım. İstəyirdim mən də tez böyüyəm. Bu düşüncələr yadımdadır, ancaq hadisələr yox. Bəlkə də, bu hər uşağın istəyidir, ona görə yadımdadır. Bəlkə də, bunu istədiyimi də bilmirəm. Düşünürəm, yəqin, belə düşünmüşəm. Deyəsən, bir az qəliz danışdım. Uşaqlıq xatirələrimdən elə çox danışıblar ki, hərdən gözümün önündə hadisələr canlanır. Amma onları yaşadığımı xatırlamıram. Necə ki, bir əsər oxuyanda hadisələri göz önündə canlandırırsan, eləcə də bu. Sanki yadımdaymış kimi xatırlayıram. Amma əslində xatırlamıram. Nədənsə, mənim uşaqlıq şəkillərim də bir o qədər yoxdur. Bəlkə, yaddaşdan silinən uşaqlığın bununla bir əlaqəsi var? Uşaqlığımla bağlı xatırladığım məqam yalnız budur: “Aş” sözünü düzgün tələffüz edə bilmirdim.(Amma indi elə bir problemim yoxdur) Bacılarım həmişə mənə deyirdilər: “De görüm “aş””,deyirdim “as” və mənə gülürdülər. Bəs bu bir o qədər özəl olmayan hadisə niyə yaddaşımdadır? Bəlkə də, uşaq qürurumun zədələndiyi üçün unudulmayıb…