Soyuq qış fəsli ,zülmət bir gecə. Göylər ah çəkir ,buludlar ağlayır .İntizar nəğməsi oxuyur təbiət .Şuşa daş qəfəsdədir .Elə hey qolundakı zəncirləri qırmağa çalışır. Qəlbimə hökm edən Vətən sevgisi ,yurd eşqi cəsarətləndirir məni ,güc verir qollarıma .’’Mən Şuşamı xilas etməliyəm ‘’deyərək ona tərəf yollanıram . Elə bu an qeybdən bir səs eşidilir .Bu səsdə bir doğmalıq hiss edirəm .Ona tərəf gedirəm. Nurani simalı ,məğrur dayanan bu şəxs Ümummilli liderimiz Heydər Əliyevdir .
Biz Şuşanı, biz Qarabağı azad edəcəyik. Azərbaycanın zəfər səsi bütün dünyaya ,kainata yayılacaq .
‘’İrəli bax ‘’-deyir bu səs mənə .Tezliklə bu körpüdən keçib gedəcəyik Qarabağımıza .Sevincimdən elə surətlə qaçaraq keçirəm ki ,bu körpüdən. Bu körpünün hər qarışı Vətən eşqindən tikilib sanki. İrəli gedirəm. Qarşıda gözəl bir mənzərə açılıb.
Cıdır düzü ,Topxana meşəsi insan izdihamına şahidlik edir. Xarıbülbülün ətri, təbiətin palitrası ,al -əlvan rənglərin parıltısı, quşların ecazkar səsi göz oxşayır .İsa bulağından süzülüb gələn dürr kimi su dərdimizi -qəmimizi yuyub aparır .Qarabağ şikəstəsini dinləyirik .Uzun ayrılıqdan sonra yenidən vətənimizin torpağına ayaq basmaq nə böyük səadətdir, ilahi! Anamız kimi qoynuna alır ,əzizləyir bizi Ana Vətənimiz .Qələbənin sevinci ürəklərimizə xoşbəxtlik toxumlarını səpir .
Güllər -çiçəklər füsunkar təbiət mənzərələri də sanki xoşbəxtliyimizə şərikdirlər .Onlar da sevincimizə şahidlik edir.
Qəfil bir səsi məni yuxudan oyadır, televizorun səsi .Mavi ekran .Diktor qız xəbərlər proqramını təqdim edir.
‘’ Bu gün Şuşanın işğal olunduğu gündür ‘’cümləsi bir andaca məni öz təsiri altına alır .Qəhər boğur məni .Yuxumdakı Şuşanı xatırlayıram .’’Məni xilas edin’’- deyə qolundakı zəncirləri qırmağa çalışırdı Vətənim. Fəqət ,o yuxunun sonunu xatırladıqca inamın artır ,qəlbimdəki ümid çırağı yanır. Ümummilli liderin sözləri yadıma düşür .’’Biz Şuşamızı azad edəcəyik ‘’.
Şuşam, sənə məktub yazıram. Bu məktubu tezliklə oxuyacağına inanıram .
Ey Vətən, anamız qədər doğma ,Vətən !Dilimizdə ən müqəddəs kəlməmiz sən , sevgiylə döyünən ürəyimiz sən, damarlarımızdan axan qanımız sən .
Sənsiz çox darıxmışıq .Torpağın ,daşın üçün .Sənin hər qarışın üçün .
Ciyərlərimizə çəksək Qarabağın havasını üşüyən ruhumuz isinər bir andaca.
Sübut et dünyada öz varlığını,
Daim zirvələrdə ol ,Azərbaycan!
Fitnəkar siyasət yeridənlərə
Layiqli cavabın ver ,Azərbaycan!
Hicran birdəfəlik yad olsun sənə,
Qələbə Qarabağa aparsın səni.
Üçrəngli bayrağın qürur hissiylə,
Əbədi zirvəyə ucaltsın səni.
Bilirəm ,sən də yolumuzu gözləyirsən .Övladlarından ayrı düşən ananın fəryadını ,naləsini anlamaq çətin deyil ki .
Səbr et ,Şuşam ! Qəlbimizə hökm edən vətən sevgisiylə ,vətən eşqiylə sənə doğru gələcəyik .Həsrətin bitdiyi ,vüsalın başladığı yerdə görüşəcəyik . O vaxtadak Tanrıya əmanət ol, mənim Şuşam!
GÜNEL ƏLİYEVA
Laçın rayonu, E Əliyev adına Fərəcan kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyaytı müəlliməsi