Yollar keçilməz ,əyri ,keşməkeşli olsa da nə fərq edər ki? Bu gediş səni sən ola bildiyin, nəfəs ala bildiyin bir mənzilə aparacaqsa ,döngələrin tərsliyində sadəcə ayağın büdrəyər. Fəqət , ürəyinin sürəti daha böyükdür və o səni heç vaxt yarı yolda buraxmaz .Hamar, düz, yollar səni getdiyin məsafələr boyu rahat edər, bəlkə də ,ayağın büdrəməz ,yıxılmadan ,dayanmadan gedərsən .Amma bu yolun sonunda qaranlığa qərq olacaqsansa ,bax o zaman elə ilişib qalarsan ki ,keçmişində, geridə. Ürəyinin sürəti də səni aparmaz irəli .’’Dur’’ deyər ,’’dayan’’,’’ getmə’’ deyər .Səni yolundan edər qəlbinin səsi .Yox ,əslində bu səs könlünü sızladan ağrılarının ,acılarının səsidir .
Qışqırmaq ,haray çəkmək istəyərsən, amma köhnə keçmişini ,toza batmış xatirələrini təzə gələcəyinə dəyişəcək qədər güclü olmazsan .
Zahirində bəxtəvər göründüyün qədərdirsə daxilindəki bədbəxtliyin səni heç bir hamar yol özünə tərəf çəkə bilməz .İstəməzsən içərisində köhnə xatirələrinin də olduğu təzə mənzilini .
Sən sən ola bilməzsən, sən dəyişə bilməzsən. Dəyişmək vəfasız olmağı ,dəyişmək sədaqətsizliyi özündə ehtiva edir bəzən .Geyimini, libasını ,hətta yerişini, duruşunu da dəyişə bilərsən, amma gözlərindəki kədəri, həsrəti yalnız ürəyindən gələn sevincin, səadətin dəyişə bilər .
Əllərini uzadarsan, salamlaşarsan yeni həyatınla ,yeni dünyanla, o səni gülərüzlə qarşılasa nə mənası var ki ,qəlbinin gözləri bir nifrətli baxışda ilişib qalarsa. Amma o nifrət deyil səni özünə çəkən, o nifrətin arxasından boylanan hərarətli sevgidir səni yolundan edən .
Sən yaxşı yolçusan, yollar əyridir .
Sən yaxşı oyunçusan. Hakim ədalətsizdir.
Sən yaxşı insansan. Həyat vəfasızdır .
Yağmur hara getsə də bütün vücudu kimi ürəyini də daşıyırdı özüylə yeni həyatına .Və elə buna görə də yeni mənzilində belə köhnə xatirələrində ilişib qalırdı. Sevdiyi ölkə, işıqlı yollar, xatirələr bir də tənha qadın .Ürəyiylə ,ruhuyla -hər şeyiylə keçmişdə qalan qadının xatirələri onu heç bir zaman tərk etməyəcəkdi. Xatirələr vəfalıydı ,kaş ki ,onlar da insanlar kimi vəfasız olsaydı. Kaş ki …
Bəzən eşitməsinlər deyə səssiz- səssiz ,bəzən də elə hönkür- hönkür ağlayarsan. Ayağa qalxmaq istəyərsən. Sinəndə döyünən ürəyin düz qamətini elə əyər ki .Getmək, bir yerlərə, sonsuzluğa ,nəhayətsizliyə ,bəlkə də ,bir boşluğa getmək istəyərsən .
Kimsəsizlər ölkəsi olsa kaş ki, sən də orada kimsəsizliyindən əmin olaraq heç kimin olmadığını bilə- bilə yaşayasan. Ehh… Bu arzuların da bütün arzuların kimi məzara gömüləcək .Həm də diri -diri .
Hər kəsin ola- ola kimsəsiz yaşamaq, nəfəs almadan, ürək döyüntülərini ,əllərini ,ayaqlarını ,varlığını hiss etmədən sadəcə yaşlanarasan, qocalar içində bütün diləklər ,ağarar zil qara ümidlərinin saçı. Hər kəs üz çevirər dişləri tökülmüş, üzü qırışmış ümidlərinə. Gözəl qadınlar kimi vazkeçilməz olsaydı kaş ki, ümidlərin də .
‘’Bəlkələr ‘’ümidlidir,’’ kaşkilər’’ heç olmasa .
Ayağa qalx ,qamətini düzəlt! Heç vaxt, amma heç vaxt ,təslim olma !Boyun əymə ,qulu olma çarəsizliyin .
Sənə dünyanın ən ağır işlərini gördürər, əgər çarəsizliyin köləsi olarsansa bir gün.
Günəşə bax, ondan asılıb qalsın baxışların ,ona bənzəsin ondan ilham alsın varlığın .
Çıxar əyninə dar gələn ‘’Əzab’’ adlı libasını, o səni naraht edəcək ,bütün vücudunu sıxacaq
Allahım, mən nə günah işlətdim ki, bədəli bu qədər ağır oldu .
‘’Sus’’ ağlama deyən dillər ağlatmamağı bacarsaydılar kaş ki .Gözlərimin yaşını silsəm də sel axını dayanmaz ki .Tükənməz ki, bu yaşlar .Axı o yaşlar mənbəyini qəlb evimdən alır .Qəlbimin yaşlarını öz əlim silə bilməz ki.
Yağmur ruhunun yaşı cisminin yaşından böyük olan, sözdə gənc ,əsl həqiqətdə isə yetkin insan idi .
Ümidsizlikdən ümid yaradacaq qədər böyük qadın .Onun böyük ,əlçatmaz arzuları başqasının ən kiçik arzusu idi .
Yoxluqda deyil ,çoxluqda tənha olmaqdır bədbəxtlik .Hər kəsi vardı yanında dostları ,tanışları ,qohumları, yaxınları .
Məsafələr yaxın olsa nəyi dəyişər ki ?Ruhlar, könüllər bir- birindən uzaqda olarsa.
Dünyanın neməti süfrənə düzülsə də yeyə bilmədikdən sonra ondan doya bilmədiyin kimidir həyatın, hər kəskin var ,hər şeyin var ,amma sadəcə kənardan baxarsan onlara.