Uzaq keçmişə qayıdaq, cəmiyyətin yarandığı ilk dövrə. İbtidai icma quruluşunda insanlar yavaş-yavaş təkamül prosesi keçir və təkmilləşməyə doğru yönəlir. Nəhayət daş dövrü, tunc dövrü gəlir. Daş dövründə insanlar qarınlarını doyurmaq üçün daş alətlərlə ov ediblərsə, tunc dövründə tunc alətlərlə ov ediblər. Hadisələr bir-birini əvəz edib, daha mükəmmələ doğru addımlayıb. Hər dövrün öz yenilikci adamları olub. Var olanı daha səmərəlisiylə, daha yaxşısıyla əvəz etməyə çalışanlar. Yenilikci sözünü hal-hazırda “yaradıcı adam” deyə cilalamışıq.
XXI əsr, texnologiyanın sürətlə inkişaf etdiyi əsrdi. Çox şeyi texnologiyanın bizə verdiyi imkanlardan istifadə edib asanlıqla qurmaq, yaratmaq mümkündü. Amma elə şeylər var ki, onları yalnız insan təfəkkürü qurub, yarada bilir. Bunlara şairlər, rəssamlar, musiqiçilər və alimlər daxildir. Alimlər mərhələ-mərhələ elmlərini artıraraq alim olurlar. Bu birisilər isə İlahi istedad tələb edir. Yaradıcı insanlar Allaha yaxın bəndələrdir. Musiqiçilər yeni-yeni musiqilər bəstələyərək insan ruhunu xoş etməyi bacarırlar. Bəzən gözəl musiqilər əsrlərlə ömür qazanır. Şair öz hisslərini sözlərlə elə deməyi bacarmalıdı ki, başqa heç kim o cür deməmiş olsun. Bu əsl şairin bacarması gərəkəndir. Rəssam isə hisslərini rənglərlə, rəsmlərlə deyir. Elə bir tablo yaratmalıdır ki, ortaya çıxarmaq istədiyi bütün ifadələr həmin tabloda əks olunsun. Rəssamlar çox incə iş görərək, böyük qüdrətə sahib olurlar. Bir portret çəkərkən sifət gizgiləri o qədər dəqiq işlənir ki, rəsmdəki şəxsin həsrət çəkdiyi, əzab çəkdiyi, dalğınlığı, nigarançılığı və ya sevinci, xöşbəxtliyi asanlıqla sezilir. Gözlə görünməyən mücərrəd hesab etdiyimiz dərd, duyğu, əzab, sevinc və s. insani hisslər rəssamın o kiçik fırçasının ucundadır. Yalnız rəssamlar onu müəyyən edib, rəsmə köçürə bilirlər. Rəssamlar yer üzünə fərqli baxır, fərqli münasibət göstərirlər. Onlarda yaradılmış olan bütün varlıqlara xüsusi bir sevgi var. Rəssamlar ağacdan qopub düşmüş, saralmış bir yarpağı elə təsvir etməyi bacarırlar ki, sanki o yarpaq insan həyatından qopub arxada qalan bir gündür, bəşərin gözəlliyi olan hər hansı bir insanın, insanlar sırasından silinməsidir, dünyanın gərdişidir- yaradılış və son deməkdir. Rəssamlar bu cəsarətin, istedadın sahibləridirlər.

Yer üzü rənglərdən ibarətdir, rənglərinsə sirrini rəssamlar bilir. Hansı rəngdən harda istifadə ediləcəyini onlardan yaxşı heç kim bilmir. Dünya içində dünya yaratmaq bax budur.
Canlı-canlı rəsm çəkməyi ilk dəfə şair Elman Tovuzun portretinin rəssam Nəvai Metin tərəfindən çəkilməsində gördüm. Bu qəribə bir duyğudu, sanki sənin gözlərin önündə yeni bir insan yaranır, dünyaya gəlir. Anbaan bu prosesi izləmək, zərgər dəqiqliyi ilə fırçanın gəzdiyi yerlərə nəzər yetirmək insana xüsusi bir zövq verir. Sonunda portreti yaradılan insan ikiləşir və məchul duyğulara qapılaraq düşünürsən- “görəsən bunlardan hansı gerçəkdi?”
Bir neçə gün əvvəl daha bir şansım oldu, rəsm çəkilərkən canlı olaraq izləməyə. Aktiv Rəssamlar Qrupu Xızı rayonuna səfər gerçəkləşdirdi. İyirmi nəfərlik kollektivlə “Yurdumuzu qarış-qarış gəzək” layihəsi çərçivəsində yola çıxmışdı rəssamlar. Xızının dağları bəlkə də ilk dəfə idi, bu qədər rəssamı bir arada öz qoynuna aldı. Soyuq payız havasında etüd başladı. Təbiət sanki xəbərdardı rəssamların buraya gəlişindən, daha da cazibədar görünməyə başladı. Sevgili yolu gözləyən qız kimi bəzənib-düzəndi, dondan-dona düşdü. Hara baxırsan rəssamlar öz dünyalarını yaradırlar, öz aləmlərindədirlər. Hərəsi bir gözəlliyi təsvir edir. Təbiət də nazlı qız kimi rəssamların önündə qıvrılırdı. Mən isə bir dəstə nərgiz içində vurnuxan bənövşəyə bənzəyirdim. Rəssamlar içərisində bir şair.

Şair-jurnalist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü