MƏN DƏ QARABAĞLIYAM
Azəriyəm, alqış olsun dilimə.
İslam adlı, imanıma, dinimə.
Qurban olum vətənimə, elimə.
Yurdum Lerik dağ başında, dağlıyam.
Lənkərandı, Masallıdı, Ləkidi.
Bu Bakıdı, bu Gəncədi, Şəkidi.
Bu vətəndi, torpağımın təkidi.
Vətənimə, torpağıma bağlıyam.
İmişli, Beyləqan,Quba, Qusarda.
Salyanda, Şirvanda, Ağsu, Ucarda.
Hər yer vətənimdi doğma diyarda.
Mən də Naxçıvanlı, Qaradağlıyam.
Şüşa həsrətimdi, sirdaşım olub.
Qubadlı, Laçınım, göz yaşım olub.
Xocalı qanımda yaddaşım olub.
Ağdamlıyam, mən də Qarabağlıyam.
11.11.2015.
DƏRD DƏ İKİÜZLÜDÜR
Dərd yapışıb yaxamdan,
Sanki buraxmır məni.
Mənimlə hesablaşır,
Olub, ötüb keçəni.
Özü düşüb yaxama.
Yaxamdan düşə bilmir.
Kal gəlıb, yetişməyib,
Yaxamda bişə bilmir.
Mən üstünə getmədim,
Özü üstümə gəlib.
Öz içimdə yanmayan,
Sönən tüstümə gəlib.
Nə alışır, nə yanır.
Nə anlayır, nə qanır.
Yaxamda qalmaq üçün,
Bəzən özünü danır.
Salam verdim hər kəsə,
Bağda ərik görmədim.
Sevincə şərik gördüm,
Dərdə şərik görmədim.
Pul üçün borca gələn,
Üz salır, xərc istəmir.
Qapıma borca gələn,
Dərdimdən borc istəmir.
Varı dövləti olmaz,
Mərd yaşayan insanın.
Ürəyi geniş olar,
Dərd daşıyan insanın.
Yaxama qonan dərdi,
Ələyirəm, əkirəm.
Bəzən siqaret bilib,
Yandırıb dərd çəkirəm.
Bəzən də dörd ayaqlı,
Bəzən də bir əllidir.
İlk dərdim son dərdimə,
Bəzən bir təsəllidir.
Daha yaxamda yer yox.
Dərd görəndə qaçıram.
Sonra da ovsunlanıb,
Ona qucaq açıram.
Dərdin də yetişəni,
Dərdin də kalı olur.
Dil açıb danışanı,
Dərdin lalı da olur.
Dadını bilmirəm ki,
Nə şit, nə də duzludur.
Mənim bəxtimə düşən,
Dərd də ikiüzlüdür.
08.11.2015