10991500_412390748927178_5095940301571747132_o

Qayıt bu həsrəti bitir, amandı…

Səni itirdiyim gündən, a zalım,
Ürəyimdən xəbərsizəm haçandı.
Qayıt yaşamağı öyrət eləcə,
Qayıt bu həsrəti bitir, amandı.
Daha əllərimdən uzaqdı əlin,
Daha nəfəsin də üzümə dəymir.
Bayaqdan gəzirəm evi-eşiyi,
Ürəyim hardadı, gözümə dəymir?!
Gözümün əlindən qaçan yuxumu
Axtarıb tapıram sən gedən yoldan.
Nə ola oyanam, görəm gəlirsən
Yuxumu tapdığım həminki yolnan.

* * *

Şəkil çəkdirməyi heç sevmədim mən…
Çünki hər dəfəsində gülümsəməyə məcbur hiss etdim özümü…
Göz yaşlarım kipriyimin lap ucundaykən belə
gülümsədim üzümə tuşlanan kameraya…
Hər kəsi aldatmağı bacardım,
Hər kəsə yalan danışdı dodaqlarımdakı təbəssüm…
Göz yaşlarımı gözlərimdəcə boğan qatil təbəssümüm
Qanlı əlləri ilə sığal çəkdi
qurumuş dodaqlarıma…
Bir aynadakı gördü gözlərimin taaa dərinliyinə çökmüş hüznü…
çarəsizliyi…
ümidsizliyi…
Şəkil çəkdirməyi heç sevmədim mən…