SƏNSİZLİK
Xəyalların qoluna girib,
uzaqlarda özünü axtarmaqdır
Sənsizlik.
Zamanından, məkanından asılı olmayaraq,
bəzən qollarını alnına yastıq edib
görüşmək eşqilə özünü yuxuya məhkum etmək,
Bəzən də gecələri yuxusuz açmaqdır
Sənsizlik…
Gündə geyilməkdən yamaq-yamaq olan yollarda
yolunu azmaqdır
Sənsizlik…
…Telefonun bir zənginə həsrət qalmaq,
Saatın əqrəbindən asılıb
ötənlərə nəzər salmaq,
səbəbsiz yerə gülüb,
səbəbsiz yerə ağlamaqdır
Sənsizlik.
Sənsizlik həm də
ələ qələm alıb
ağ vərəqlərə ləkə salaraq
günaha batmaqdır.
…Hə, bir də
Sənsizlik sənin yoxluğunda sənli olmaqdır,
sənlə olmaqdır.
Bax, budur sənsizlik…
KÖHNƏLMƏK QORXUSU
Özümü yenicə dərk etməyə başlamışdım ki,
gəldin həyatıma…
Gəlşinlə çox şeyi öyrətdin mənə,
Gözlərimlə “gəzməyi” sən öyrətdin,
Elə yol çəkməyi də…
Həyatıma gəlməmişdən
Heç özümlə söhbət də etməzdim,
Görənlər dəli deyib mənə gülməzdilər də…
Heç onda dərdlərin yaxasından asılmamışdım,
Gözlərim “qəhrəman ana” da olmamışdı…
Onda hər şey bambaşqaydı…
Ömrümdə tək qış fəsli deyildi…
…Hə, gəl, bir az da uşaqlığımdan danışım sənə…
Hələ onda uşaq idim,
Qayğılardan kənar,
sakit,
gülərüz,
bir az da “toppuş” uşaq…
Hər kəs məni çox sevərmiş-
rəhmətlik nənəm deyəndə yadımda saxlamışdım…
Dünya boyda oyuncağın içində
mənim də oyuncaqlarım olub
başqa uşaqlar kimi…
Amma onlardan fərqli olaraq,
heç sevməzdim oyuncaqlarımı.
Atam mənə oyuncaq alan kimi
“içində, görəsən, nə var?”-
bəhanəsilə
tez sındırardım onları…
Mən o vaxtdan təzəlikləri sevməmişdim…
İndi düşündükcə, çox şeyi anlayıram.
Bizi bir-birimizə bağlayan
oxşar cəhətlərin nələr olduğunu…
Mən də sənin kimi təzəlikləri tez köhnəltmişəm,
tez atmışam.
Amma səndən fərqli olaraq,
cansızları…oyuncaqları…
DOĞULANDAN SONRA…
…Əvvəl dörd əllə yapışarsan yerdən,
Sonra yavaş-yavaş böyüyərsən.
Tamahkar olarsan-
Təkcə yerlə gözün doymaz.
…ayaq açarsan,
qalxarsan ayağa,
boylanarsan göylərə…
Ayaqlarınla yerdən tutub, əllərinlə göydən tutmaq istəyərsən…
Eşqə düşərsən.
Gah yerdəkilərə sevdiyini deyərsən,
gah da ki, göydəkilərə…
Tapdaladığın torpağı sevərsən,
…dünyanın belində fırlanarsan bir oxun ətrafında.
Günəşə çatmaq üçün, hərəkətin sürətlənməsini istəyərsən,
Arzuların qanad açmaz.
Hərəkətin bərabərliyindən dəyişməz aradakı məsafələr,
Yorularsan.
Düşmək istəyərsən dünyanın belindən,
Fırlandığından düşə bilməzsən.
Sonra bütün canlı və cansızların da dünyanın belində olduğunu dərk edib,
təskinlik verərsən özünə.
Hətta lağ edərsən dünyaya:
“Dünya, sanma fırladırsan hey məni,
Hünərin var dövr eyləmə, fırlanım!
…Nəhayət bir gün gələr-
Gözləmədiyin anda, hansısa bir varlıq alar səni dünyanın belindən.
Bir vaxtkı arzuların gerçək olar,
O zaman sevindiyindən bölünərsən iki yerə.
yerlər özünün olar, göylər ruhunun.
DAHA VARLIĞIN DA MƏNİ ÜŞÜDÜR
Daha varlığın da məni üşüdür,
Daha buz bağlayıb əlində əlim.
Bir vaxt danışardı baxışlarımız,
İndi o baxışlar laldı, gözəlim.
Alma yanaqların niyə qızarmır,
Hanı gözlərində gizli baxışlar?
Deyəsən, yamanca peşman olmusan,
Gözündən boylanır sözlü baxışlar.
Yaman dəyişmisən yaman, a zalım,
Beləcə tanıya bilmirəm səni.
Nə ola, bu görüş sonuncu olsun
Özümdə qınaya bilmirəm səni.
NƏ OLA BU DÜNYA BİR YUXU OLA…
Yaman uşaqlaşıb, təmbəlləşmişəm,
Ta heç kim tanımır bu gənc qoçağı.
Yuxuma bir gözəl girəndən bəri,
Yuxudan qalxıram günorta çağı.
Yuxuda görürəm bizdən danışır,
Daha gizli – gizli günəş də, ay da.
Bir dəli adamın kənd ürəyində,
Sevgi yaşayırmış bir ölkə boyda.
Yerlər də asıla göyün üzündən,
Göylərin qoynunda yuxusu gələ.
Nəola bu dünya bir yuxu ola,
Bizim sevgimiz də yuxuda ölə…