n

QOYURAM…

Kədərlə dolan ömrümə,
Səadəti kəm qoyuram.
Tanrı sevinc tumu səpib
Mən çıxarıb qəm qoyuram.

Dərdimi bilə bilmirəm,
Özümə gələ bilmirəm,
Ürəkdən gülə bilmirəm,
Üzümə görkəm qoyuram.

Qəlbimə eşq əkən qızın,
Yoluma göz dikən qızın,
Həsrətimi çəkən qızın
Gözlərində nəm qoyuram.

Subaylıq daşın tullayıb,
Gəncliyi qəbrə yollayıb,
Iyirmiyə əl sallayıb,
Otuza qədəm qoyuram.

SEVGİYƏ NAĞIL DEMƏ…

Bənzətmə sevgini quru nağıla,
Qıyma ümidlərim sına, dağıla.
İnsan gərək sevgi ilə doğula,
Bu sevgiyə nağıl demə, əzizim.

Xoş ovqatı, səfası var sevginin,
Bəzən üzən cəfası var sevginin,
Hər ürəkdə yuvası var sevginin
Bu sevgiyə nağıl demə, əzizim.

İnsanlara əl uzadar, əli yox,
Qəlb oxşayar, könül açar, dili yox,
Bu sevginin nöqtəsi, vergül yox,
Bu sevgiyə nağıl demə, əzizim.

Sevgi bitməz əsla, böyüyər, şişər,
Sevən ürək eşqlə közərər, bişər,
Nağıl bitər, göydən üç alma düşər,
Bu sevgiyə nağıl demə, əzizim.

VƏTƏN

Vətən, sənin hər daşına qurbanam,
Hər daş altda bir şəhidin ruhu var.
Sevinc gəzə bilməz yaralı könlüm,
Ürəyimdə anaların ahı var.

Əsirlikdə elim var, axtarmıram,
Çəkir zülüm, dərd, qübar, axtarmıram,
Bu halına günahkar axtarmıram,
Vətən deyən hər kəsin günahı var.

Dünya gəzən şöhrətimə göz dikib,
Əsir tutub, qeyrətimə göz dikib,
Torpağıma, sərvətimə göz dikib,
Düşmənimin çox gözəl iştahı var.

Vətən oğlu, torpağa yas saxlama,
Hər verilən vədə ümid bağlama,
Müjdə gözlə, dik dur, Anam, ağlama,
Alacağıq, bu günün sabahı var..!