YAMAN DARIXMIŞAM TƏNHALIQ ÜÇÜN
(Fransız dili müəllimim,görkəmli ziyalı,şair-pedoqoq Hafiz Rəhimə)
Yaman darıxmışam tənhalıq üçün,
Bu qaynar dünyanın yadam içində.
Bəhanə gəzmirəm ayrılıq üçün,
Adam arayıram adam içində.
Əliylə gor eşir hərə özünə,
Yenə haqqın yolu dumandır,çəndir.
Ehtiyac şahid tək durub üzünə,
Düzlərin başında ağaran dəndir.
Əyrilər qət edir hazır yolunu,
Düzlər düzdə abır saxlayır nədi?
Yenə də fikirlər azır yolunu,
Bu dünya kökündən laxlayır nədi?
Bu dünya düzlərin üzünə gülmür,
Düzlərin oxları dəyir daşlara.
Bəs niyə Tanrının daşı tökülmür,
Dinlə pərdələnən həris başlara?!
Maskası yırtılmır riyakarların,
Aldana-aldana allanır üzlər.
Artır əyrilərin havadarları,
Yenə dərd əlində hallanır düzlər.
Düzlər düzdə qalır ahıl yaşında,
Əyrilər təlaşlı,qovğalı gəzir.
Papaq ucuzlaşır qadın başında,
“Mujiklər”qulağı sırğalı gəzir.
Hər çalan havaya uyanlar artır,
Çatışmır parayla ölçülən havm.
Mılləti yalanla soyanlar artır,
Şükür- sümüyümə düşmür yad hava.
Çoxunun dünəni çıxır yadından,
Gözlər ayaqların altını görmür.
Danışmaq dəb düşüb xalqın adından,
Keçən üzdən keçir altını görmür.
Bu torpaq nə qədər cibə daşınar?
Hələ də daşını saxlayır ALLAH.
Buraxıb dünyanı bbbaşlı-başına,
Başlılar başını saxlayır,ALLAH!
Bəhanə gəzmirəm ayrılıq üçün,
Bu qaynar dünyada yadam içimdə.
Necə darıxmayım tənhalıq üçün
Adam aradıqca adam içində?!
Azərbaycan.Quba
31.07.1999.
GECƏLƏR GÜNDÜZLƏR
(Şair dostum Yavuz Cəlilə)
Gecənin sükutu,gündüzün küyü-
Ovsunlu görünür bu günlər mənə.
Gündüzün əlindən gözünü döyüb,
Gecə tənhalığı düyünlər mənə.
Gecənin üzündə süni təbəssüm,
Gecənin gözündə ögey işartı…
Gündüzlər arxamca sürünən ölüm,
Gecələr önümdə gözün ağardır.
Bezikib qulağım boş vədələrdən ,
Gözünü gizlədir “gəl-gəl” deyənlər.
Gündüzü ötürüb daş vədələrdə,
Gecə baş girləyir daşı öyənlər.
Yorulur gümanı gəzən gözlərim,
Susayır ürəyim dərd çəkə-çəkə.
Yolları həsrətlə üzən gözlərim,
Damır misra-misra, yol çəkə-çəkə.
Əriyir günlərim vaxt axarında,
Gecəli-gündüzlü ömürdür gedən.
Yollar tək yapşıb ayaqlarımdan,
Hallalım qoyarmı haramı güdəm?!
Gündüzlər dünyadan bəzən əllərim,
Gecələr havadan aslı qalır.
Ovcunda ürəyə dözən əllərim,
Tənha bir qüssədən asılı qalır.
Taleyim Tanrının ixtiyarında,
Əllərim varağa ürəyim açir.
Ürək boşaldiqca söz axarında,
Ruhum sübh çağının dalınca qacır…
Bu da bir ömürdür ağlı-qaralı,
Qarişir gecəmə gündüzüm mənim.
Gündüzün əlindən günüm qaralır,
Gecənin əlində gün üzür məni
Gecənin sükutu,gündüzün küyü-
Yaman ovsunlayır bu günlər məni.
Zaman dəyirmanı gündüzü üyüb,
Gecə tənhalığa düyünlər məni.