12091354_1653537131524991_3860076084131834097_o

YOLLAR

Beşikdən qəbrədək bir məsafədir,
Insanın ömrünə uzanan yollar.
Hər yol bir nağıldır, bir əfsanədir,
Ömrün hər anına, uzanan yollar.

Yollar var keçilməz, kəsəkli,daşlı,
Yollar var qaranlıq, dava-dalaşlı.
Bəzən yol gedərlər gözləri yaşlı,
Ömrün hər anına, uzanan yollar.

Istəyə, arzuya zinət, yaraşıq,
Hər səyyah çıxdığı yoluna aşiq.
Ərəb saçı kimi olar dolaşıq,
Ömrün hər anına, uzanan yollar.

Baxılmaz yolların çınqıl, daşına,
Əzm edib çatarlar mənzil başına.
Yolçular qovuşar, dost-sirdaşına,
Ömrün hər anına, uzanan yollar.

Bir ucu vətəndir, bir ucu qürbət,
Bir ucda şəhərdir, digərində kənd.
Bəzən acı olar, bəzən şəkər, qənd,
Ömrün hər anına uzanan yollar.

Çoxda ki, tufandır, dumandır, qardır,
Hər kəsin həyatda öz yolu vardır.
Dövrana hər yolda Allahı yardır,
Ömrün hər anına, uzanan yollar.

28.11.2015.

D Ü N Y A M

Fırlanır,fırlanır bu dünya yaman,
Ötür aylar, illər,dəyişir zaman.
Mənimçün sehirli,hüdudsuz ümman,
İçimdə başqa bir dünyam var mənim.

Şimşəktək çağlayan,buludtək dolan,
İlin dörd fəslində bahar,yaz olan.
Gözəllik aşiqi,ondan zövq alan,
İçimdə başqa bir dünyam var mənim.

Parlayan günəşdir şövq ilə yanan,
Azan sədasıyla qalxıb oyanan.
Allaha,Qurana,Haqqa inanan,
İçimdə başqa bir dünyam var mənim.

Bu dünya, ömrümün zəri,bəzəyi,
Bu dünya, bəxtimin solmaz çiçəyi.
Bu dünya, Dövranın sevən ürəyi,
İçimdə başqa bir dünyam var mənim.

27.11.2015.